Onlayn ictimai-siyasi qəzet
SSRİ-nin siyasi elitasında Oleq Baklanov cəsarətli, sözünü deməyi bacaran, əqidəsindən dönməyən sərt xarakterli məmur kimi tanınıb. O, müdafiə sənayesi üzrə ən bacarıqlı mütəxəssislərdən biri sayılıb və bu bacarığı sayəsində də zaman-zaman yüksək vəzifələrə təyinat alıb.
Oleq Baklanov 1932-ci ildə Xarkov şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra peşə məktəbində rabitəçi peşəsinə yiyələnib. Daha sonra təhsilini Moskvada qiyabi yolla Energetika İnstitutunda davam etdirib. İlk əmək fəaliyyətinə Xarkov Cihazqayırma Zavodunda montajçı kimi başlayan Baklanov 1972-ci ildə həmin zavoda direktor təyin edilib. O, bu illər ərzində eyni zamanda elmi yaradıcılıqla da məşğul olub, dissertasiya müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsini alıb.
SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıgin zavod direktoru kimi Baklanovun fəaliyyətini həmişə yüksək dəyərləndirib. Dəfələrlə onu Moskvaya işə dəvət etsə də, Baklanov bir müddət bu təkliflərdən imtina edib. Nəhayət, 1976-cı ilin noyabr ayında Baklanov Kremlə dəvət olunub. Yalnız Leonid Brejnevin kabinetində Baklanova məlum olub ki, o, SSRİ Maşınqayırma Nazirliyində nazir müavini vəzifəsinə təyin edilib. Baklanov bu vəzifədə sovet kosmos sənayesinə rəhbərlik edib.
1981-ci ildə Baklanovun vəzifəsi bir pillə də yüksələrək 1-ci müavin, 1983-cü ildə isə nazir vəzifəsinə təyinat alıb. O, eyni zamanda SSRİ Müdafiə Şurası sədrinin 1-ci müavini vəzifəsini də daşıyıb. Baklanov 1984-1989-cu illərdə SSRİ Ali Sovetinin deputatı, 1986-1991-ci illərdə Mərkəzi Komitənin üzvü olub.
1991-ci ildə məlum “QKÇP” hadisələrində Baklanov gündəmə düşən simalardan birinə çevrilib. O, “QKÇP”nin ən fəal və ən sərt üzvlərindən biri kimi tanınıb.
Mixail Qorbaçovun siyasi kursuna qəti etirazını və iradlarını bildirən Oleq Baklanov sonrakı müsahibələrində 1991-ci ilin avqust hadisələri ilə bağlı qeyd edib ki, daha sərt addımlar atılsaydı, Qorbaçovu hakimiyyətdən təcrid etmək mümkün olardı:
“Biz nəyə getdiyimizi yaxşı anlayırdıq və bu işdə haqlı idik. “QKÇP” qarşısına qoyduğu məqsədi tam həyata keçirmək imkanında idi. Amma bunu bacarmadıq. Nəyə görə? Çünki əvvəlcədən planlaşdırdığımız tədbirləri yumşaltdıq. Müdafiə Nazirliyinin rəhbərliyi mütilik nümayiş etdirdi. Xüsusi xidmət orqanları öz işlərinin öhdəsindən gələ bilmədilər. Ən əsası isə onlar əvvəlcədən planlaşdırıldığı kimi Ali Sovetin binasındakı kommunikasiya xətlərini kəsmədilər. Bütün bunların ucbatından biz qarşımıza qoyduğumuz məqsədə çata bilmədik...”
Baklanovun hələ illər öncə tanıdığı Mixail Qorbaçovla münasibətləri çox da isti olmayıb. Hətta Qorbaçov onu Moskvadan uzaqlaşdıraraq yenidən Xarkova göndərmək istəyib. Amma hər şey əksinə alınıb. 1988-ci il fevral plenumunda Mərkəzi Komitənin müdafiə sənayesi üzrə katibi vəzifəsinə kimin seçiləcəyi müzakirə olunanda Baklanov səs çoxluğu ilə bu vəzifəyə seçilib.
“QKÇP”nin iflasından sonra Baklanov hadisələrdən əvvəl müalicə aldığı Moskva ətrafındakı “Barvixa” sanatoriyasına qayıdıb. Avqustun 23-də onu həmin sanatoriyada həbs ediblər.
Bütün vəzifələrindən azad olunan Baklanov “Motrosskaya tişina” həbsxanasında saxlanılıb.
Ona qarşı qaldırılan ittihamlara bir cümlə ilə cavab verib:
“Mən dövlətimizin müdafiəsinə qalxmışam və bunu cinayət əməli kimi qəbul etmirəm. Mənim əqidəmi həbsxana həyatı da dəyişə bilməz…”
“QKÇP”nin digər üzvləri kimi Baklanov da 1994-cü ilin fevral ayında amnistiya aktı ilə azadlığa buraxılıb.
Baklanov xidmətlərinə görə zaman-zaman SSRİ-nin ən ali mükafatları ilə təltif olunub – Sosialist Əməyi Qəhrəmanı, “Lenin” ordeni, “Oktyabr inqilabı” ordeni, “Qırmızı Əmək Bayrağı” ordeni, Lenin mükafatı və çoxsaylı medallarla.
Həbsi dövründə onun təltiflərinin geri alınması məsələsi qalxanda Baklanov Qorbaçova qısa bir məktub ünvanlayıb:
“Siz bir daha küçə siyasətçisi olduğunuzu sübut etdiniz. Sizə xatırlatmaq istəyirəm ki, mən bu mükafatlarla təltif olunanda siz Kremlin dəhlizlərində özünüzə himayədarlar axtarırdınız. Bu mükafatlar mənim gərgin əməyimə verilən qiymətdir. Onları məndən heç kim ala bilməz, o cümlədən ölkəni məhvə aparan siz də...”
Sonrakı fəaliyyətini müdafiə sənayesi müəssisələrində davam etdirən Baklanov ömrünün son illərində xatirələrini qələmə alıb. O, 28 iyul 2021-ci ildə, 89 yaşında vəfat edib. Heç bir ciddi xəstəliyi olmayan Baklanovun ölüm səbəbi açıqlanmayıb. Sabiq nazir Moskvada Federal Hərbi Memorial qəbiristanlığında dəfn olunub.
İlham Cəmiloğlu,
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ