 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Zəngəzur dəhlizinin dəmir yolu hissəsində tunel və körpü layihələri yekun mərhələdədir.
Musavat.com APA-ya istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müşaviri Tural Abbaslı diplomatik korpus nümayəndələrini məlumatlandırarkən bildirib.
ADY rəsmisinin sözlərinə görə, dağ relyefi nəzərə alınaraq tunelin üst hissəsində daşların düşməsinin qarşısını almaq üçün xüsusi qalereya tikilib: “Tikintiyə başladığımızda ərazi daşlarla dolu idi, buna görə də tuneli qorumaq üçün mühəndislik həll tətbiq etdik. Layihə çərçivəsində ümumilikdə 594 mühəndis qurğusu, o cümlədən 4 tunel və 14 körpü inşa olunur. Regionun ən uzun dəmir yolu körpüsü – 771 metr uzunluğunda körpü də burada yerləşir. Hündürlüyü 35 metr olan körpü isə regionda ən böyük mühəndis qurğularından biri hesab olunur. Tikintinin ümumi irəliləyişi 68 faizdir.
Gələn ilin sonuna qədər sərhədə qədər olan hissədə dəmir yolu çəkilişi başa çatdırılacaq. Daha sonra elektrik, siqnalizasiya, rabitə və abadlaşdırma işləri tamamlanacaq”.
Tural Abbaslı əlavə edib ki, layihə çərçivəsində 9 stansiya nəzərdə tutulub: “Hazırda Həkəri və Zəngilan stansiyaları arasında işlər yekunlaşır. Tunelin çıxışında Azərbaycanı İranla birləşdirəcək körpü inşa ediləcək”.
ADY sədrinin müşaviri vurğulayıb ki, Araz İqtisadi Zonasında yerləşən “Holcim” zavodunun ehtiyacları üçün dəmir yolunun müəyyən hissəsi artıq istismar olunur və bu il 25 min ton yük daşınıb.
“Texniki baxımdan bu mümkündür. Ətraflı layihə hazır olduqdan sonra həmin 42 kilometrlik hissəni 2–2,5 ilə başa çatdırmaq olar”, - ADY rəsmisi Ermənistan ərazisindən keçən dəmir yolu xəttinin bərpası ilə bağlı suala cavabında bildirib.
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ