İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Türkiyəni istəyir, Zelenski isə...


Son vaxtlar Rusiya ilə Ukrayna arasında danışıqların aparılması üçün ünvan olaraq Türkiyə daha çox göstərilməkdədir. Buna səbəb kimi, bu müharibədə bacardığı qədər rəsmi Ankaranın neytrallığını qorumasıdır. Doğrudur, qardaş ölkə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini hər addımbaşı dilə gətirir. Amma digər tərəfdən də Rusiya ilə yaxın əlaqələr qorunur.

Əslində, Moskva görüş məkanı kimi Ankara və ya İstanbula isti yanaşır. Lakin Ukrayna barədə bunları söyləmək bir qədər çətindir. Bu da haradasa başa düşüləndir. Çünki bu savaşda Kiyevin qələbə qazanmasını Türkiyənin gücünü heç bir halda sinirə bilməyən kollektiv Qərb ürəkdən istəyir. Amerika başda olmaqla da, Qərb dünyası sülh masasının bu iki böyük türk şəhərindən birində qurulmasını heç bir halda qəbul etmir. Ukrayna rəhbəri Volodimir Zelenski isə Qərbə arxa çevirə bilmir...

Moskva birbaşa danışıqları davam etdirməyə hazırdır və hazırda İstanbul yolunun inkişafı üçün bütün şərtlər mövcuddur.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

“Türkiyə nümayəndələri dəfələrlə İstanbulu onlar üçün platforma kimi təqdim etməyə hazır olduqlarını təsdiqləyiblər. Beləliklə, İstanbul yolunun inkişafı üçün bütün imkanlar var. Təəssüf ki, Kiyev hələ də təkliflərimizi qulaqardına vurur və dialoqdan yayınır, Qərbin dəstəyi ilə güc yolu ilə sülhə nail olmağa ümid edir”, – deyə Qaluzin vurğulayıb.

WhatsApp Image 2025-10-31 at 15.08.49.jpeg (74 KB)

Ədalət partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-a açıqlamasında vaxtilə İstanbulda aparılan danışıqlardan Ukraynanın necə uzaqlaşdırılmasından söz açdı:

“Əslində, Rusiya-Ukrayna müharibəsinin ilk illərində İstanbulda baş tutan danışıqlar kifayət qədər nəticə vermişdi. Taxıl ixracı bərpa edildi, təhlükəsiz koridor açıldı. Hətta atəşkəsin əldə edilməsi ilə bağlı tərəflər ilkin layihə üzərində işləməyə hazır olduqlarını bildirdilər. Sonradan İngiltərənin baş naziri Boris Conson etiraf etdi ki, onlar Ukraynanı bu prosesdə iştirakdan uzaqlaşdırdılar. Müharibə davam etdikcə vəziyyət daha da mürəkkəbləşib, sülhün əldə edilməsi çətinləşib. Hazırda müharibənin dayandırılması ilə bağlı vasitəçilik missiyaları həm də öz maraqlarını da güddüklərinə görə sülh əldə edilə bilmir. Rəsmi Ankaranın isə müharibəni dayandırmaqdan başqa marağı yoxdur. Türkiyə nə Ukrayna, nə də Rusiyadan atəşkəsdən başqa bir şey istəmir. Ona görə də rəsmi Ankaranın vasitəçiliyi indiki zamanda ən obyektiv mövqe sayıla bilər. Lakin Türkiyənin vasitəçiliyinə göründüyü kimi mane olanlar var. İki səbəbə görə onlar bunu istəmirlər. Birincisi, bu müharibədən siyasi və iqtisadi faydalar əldə etməyə çalışırlar. İkincisi, Türkiyənin vasitəçiliyi ilə sülhün yaranması onun nüfuzunu artırar. Bu isə Qərb və ABŞ üçün müharibənin dayandırılmasından daha pisdir. Göründüyü kimi, Rusiya da rəsmi Ankaranın vasitəçiliyinə daha çox etibar etdiyindən İstanbul danışıqlarına üstünlük verir”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR