 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            2025-ci ilin yazında Rusiyanın Rostov vilayətində bir qrup arxeoloq adi görünən su hövzəsində işlər görüb. Krugloe (dairəvi) adlanan kiçik gölün dibindəki çöküntüləri təmizləyən arxeoloqlar sümüklər tapıblar. Amma bir neçə saatdan sonra aydın olub ki, sümüklər insanlara aiddir və onların forması tamamilə fərqlidir. Rəsmi olaraq 50 cəsəd aşkarlanıb - 47 böyük və üç uşaq.
Onların demək olar ki, hamısında ciddi mutasiyalar aşkar edilib: qeyri-mütənasib kəllələr, əlavə oynaqlar, qəribə vertebra birləşmələri. Moskva Dövlət Universiteti və Tomsk Elmi-Tədqiqat İnstitutunun alimləri işə qoşulanda hər şey daha da maraqlı olub. Sümüklərdə olduqca nadir genetik anormallıqlar müşahidə edilib. DNT-nin bəzi hissələrini tamamilə deşifrə etmək mümkün olmayıb. Digərləri kobud manipulyasiyanı göstərib: radiasiya və ya sərt kimyəvi maddələrin səbəb olduğu mutasiyalar.

Tədqiqatçılar ilk dəfə idi ki, sınaq borusunda deyil, həqiqi insan toxumasında belə bir şey görüblər. Araşdırmalar SSRİ Xalq Daxili İşlər Komissarlığının arxivinə gedib çıxıb.
2024-cü ilin qışında “17 saylı xüsusi müəssisə” adlanan obyektlə bağlı sənədlər məxfilikdən çıxarılıb. Arxivlərdə Rostov yaxınlığında 1938-1951-ci illərdə fəaliyyət göstərən tədqiqat bazasından bəhs edilib. Onun məqsədi radiasiyanın və yeni dərmanların insanlara təsirini öyrənmək olub. Əslində, burada həbsxana koloniyası kimi maskalanmış bir laboratoriya fəaliyyət göstərib. Sınaq subyektləri əsasən məhbuslar və “arzuolunmazlar” şəxslər olub. İş Moskvadan olan mütəxəssislərin iştirakı ilə həyata keçirilib. Bağlanandan sonra obyekti su ilə doldurublar və nəticədə göl yaranıb.

Yerli sakinlər həmişə gölü qəribə hesab ediblər. Orada heç vaxt balıq tutulmayıb, sahildə qamışlar bitməyib. İndi bunun səbəbi aydın olub: suda civə və radionuklidlərin konsentrasiyası normadan bir neçə dəfə yüksəkdir. Alimlər gölün vizual olaraq sakit və “təmiz” görünməsinə baxmayaraq, biomüxtəlifliyin tam çatışmazlığını qeyd ediblər.
“17 saylı xüsusi müəssisə” ehtimal edilir ki, Moskva yaxınlığındakı Xalq Daxili İşlər Komissarlığının keçmiş edam meydançası olan “Kommunarka”ya tabe olub “Kommunarka”da yeni kütləvi məzarlıqlar aşkar edilib. Tarixçilər kütləvi məzarlıqların sərhədlərini müəyyən etmək üçün 1930-cu illərə aid yüzlərlə müxtəlif arxiv sənədlərini diqqətlə araşdırıblar. İndi orada kimin dəfn olunduğunu müəyyən etmək qalıb.
1990-cı illərin ortalarına qədər bu obyekt heç bir xəritədə olmayıb. Qurumun yalnız bir neçə yüksək rütbəli işçisi onun qapılarının arxasında nə baş verdiyini bilib. Tarixçilərin səyi sayəsində hər il “Böyük terror”un dəhşətli təfərrüatlarını və NKVD-nin xüsusi təyinatlı “Kommunarka” obyektində baş verənləri öyrənmək mümkün olub. 1930-cu illərdə bir vaxtlar varlı olan Xoroşevka zadəgan mülkünün meşələri daxili işlər komissarı Henrix Yaqodanın ixtiyarına keçib. 1937-ci ilə qədər, keçmiş yoldaşları onun yanına gələnə qədər orada iqamətgah tikdirib və mühüm görüşlər keçirib.

Yaqodanın xələfi Yejov Stalinə təsdiq üçün cəmi üç sözdən ibarət məktub təqdim edib: “Yaqodanın daçası çekistlərə”. Bu üç söz on minlərlə sovet vətəndaşı üçün taleyüklü olub. Təkcə 1936-1938-ci illərdə “Böyük terror” dövründə burada 33 mindən çox insan həlak olub. 1937-ci ilin qışına qədər bura ölüm cəzasına məhkum edilmiş partiya məmurlarının cəsədləri gəlməyə başlayıb: maarif komissarı, Xalq Komissarları Sovetinin sədri və bir çox edam edilmiş generallar, pilotlar, alimlər və partiyanın yüksək səviyyəli şəxsi həkimləri. Ölənlər arasında jurnalistlər, şairlər və yazıçılar da olub.
Yerli meşədə qəbir yoxdur. Edam olunanların qohumları onların xatirəsinə ehtiram əlaməti olaraq hər ağacdan öz əzizlərinin fotoşəkillərini asıblar. Çekistlər hamını ümumi bir çuxurda basdırıblar.

Ehtimal edilir ki, çekistlər bir çox insanları təcrübə üçün sonradan gölə çevrilən laboratoriyaya göndəriblər. Məqsəd yeni silah növlərini, xüsusilə kimyəvi və bakterioloji silahları insanların üzərində sınaqdan keçirmək olub. İşlərin II dünya müharibəsi zamanı Almaniyanın inkişafı ilə paralel aparılması əslində bir çox qaranlıq məqamlara işıq saçır.
Nasistlərin insan üzərində müxtəlif təcrübələr aparması hamıya məlumdur. Elə SSRİ-də “qonşudan geri qalma” prinsipinə əsaslanaraq insanlar üzərində real təcrübə aparmaq qərarına gəlib. Nəticələr isə gölün dibindən tapılan sümüklərdə göstərilib. Odur ki, SSRİ rəhbərliyinin əməlləri öldürülən insanların sayı və üsulu baxımından nasistlərdən fərqli olmayıb.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ