 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Günlər öncə Ermənistanda kütləvi həbslərin həyata keçiriləcəyi barədə məlumatlar yayılmışdı. Artıq prosesə start verilib. Belə ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) Eçmiədzin şəhərindəki hərbi hissəsində əməliyyat keçirib.
Axar.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Məlumata görə, bir neçə hərbçi, o cümlədən yüksək rütbəli zabitlər hüquq-mühafizə orqanlarına gətirilib.
Qeyd edək ki, ilk yayılan məlumatlarda olduğu kimi, yenə də bu həbslərin gələn ilin yayında Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlı olduğu deyilir. Ermənistan baş naziri Nikol Paşinyanın hakimiyyətini bir daha qorumaq üçün qarşısında olan maneələri aradan qaldırmaq üçün “təmizləmə əməliyyatı” həyata keçirdiyi bildirilir. Hətta seçkilərə doğru zaman azaldıqca kütləvi həbslərin əhatə dairəsinin genişlənə biləcəyi ehtimal olunur.

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a açıqlamasında Paşinyanın Rusiyaya yaxın erməni zabitlərinin “ovu”na çıxmasının təsadüfi olmadığını söyləyib:
“Eçmiədzin və Gümrüdəki hərbi hissə zabitlərinin əksəriyyəti Rusiya hərbi kəşfiyyatına bağlı şəxslərdir. Görünür, Nikol Paşinyan hökuməti bunun fərqindədir və həmin zabitləri ordu sistemi üçün ciddi təhlükə hesab edir.
Düşünürəm ki, Paşinyan 102-ci bazaya yaxın ərazilərdə yerləşən və rus hərbçiləri ilə yaxınlığı olan erməni zabitlərin “ov”una çıxacaq. Nikol Vovayeviç bir müddət əvvəl deyirdi ki, Rusiya hələ müharibədən sonrakı dövrdə hərbçilərin əli ilə Ermənistanda hərbi-siyasi çevriliş etmək istəyib. Paşinyan öz hakimiyyətini gücləndirmək üçün hərəkətə keçəcək və ola bilsin ki, Ermənistan kəşfiyyatının əlində ciddi faktlar olub ki, hərbi hissəyə qəfil basqın gerçəkləşib.
Fikrimcə, bu cür halların sayı daha da artacaq. Bütün sərhəd zolaqlarına dislokasiya olunmuş hərbi hissələrin ali rütbəli zabitləri ciddi nəzarətə götürüləcək. Xüsusən də keçmiş “Qarabağ klanı”nın Ermənistan-Azərbaycan sərhədindəki qalıqları təmizlənəcək. Çünki onların böyük əksəriyyəti Rusiya hərbi kəşfiyyatının ciddi mənbələri sayılırlar”.
Cavanşir ABBASLI
Musavat.com
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ