Onlayn ictimai-siyasi qəzet
30 il Qarabağda hüquqları tapdalanan, yurdsuz-yuvasız qalan, məcburi köçkün həyatı yaşayan soydaşlarımızı görməyən Qərb dairələri Azərbaycana təzyiqi artırıb. İstəkləri isə konkret faktlar əsasında saxlanılan şəxslərin azadlığa buraxılması ilə bağlıdır. Guya onların hüquqlarını müdafiə edir, “tapdalanan haqlarını” qoruyurlar.
Qərb birbaşa Azərbaycanın daxili işinə qarışmaqla ölkədə gərginlik yaratmağa cəhd edir. Ancaq məkrli məqsədini həyata keçirə bilmir. Çünki Azərbaycanda xalqla hakimiyyət arasındakı birlik möhkəmdir. Xüsusilə də 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanda xalqın iqtidarla birliyi daha da güclənib.
Vətən müharibəsindən söz düşmüşkən, elə həmin zaman və ondan əvvəl Qarabağla bağlı danışıqlarda həmişə Qərbin ikili standartlarını görmüşük. ATƏT-in Minsk qrupu 30 il Qarbağla bağlı “danışıqlar” aparıb, ancaq nəticə daha çox erməninin, Qərbin maraqlarına uyğun olub. Yəni indi haqdan, ədalətdən danışan Qərb 30 il Qarabağ yaramızı görməyib, Azərbaycanın hüquqlarını heçə sayıb. Özlərinin qəbul etdikləri beynəlxalq qanunlara belə məhəl qoymayıblar. Bu illər ərzində də Azərbaycan dövlətinin əleyhinə çıxış edənləri müdafiə edib, onları mütəmadi olaraq təlimatlandırıb, yeni oyunlarına daxil ediblər.
Tarixi proseslərə nəzər saldıqda görürük ki, digər ölkələrdə daxili gərginlik yaratmaq və bundan hakimiyyətlərə təzyiq rıçaqı kimi istifadə etmək Qərbin xarici siyasətində əsas mexanizmlərdəndir. Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycana da təzyiq üçün bu cür rıçaqlar əldə etməyə cəhd göstərilir.
Qərb indiyə qədər həmişə ölkədə “radikal müxalifət” adlanan təşkilatlardan istifadə edib, Azərbaycana təzyiqlər göstərib. Lakin heç bir nəticə əldə olunmayıb.
İndi də eyni ssenarini Qubad İbadoğlunun həbsi üzərindən davam edirlər. Azərbaycanın həm cəbhədəki, həm beynəlxalq müstəvidəki uğurları təbii ki, düşmənləri rahat qoymur. Hazırda da Qarabağda Azərbaycan haqqı olanları tələb edir və qoyduğumuz tələblərə qarşı erməni tərəfdarları müxtəlif maneələr yaradırlar ki, son baş verənlər də onlardan biridir. Burada aydındır ki, heç də Qubad İbadoğlu və digərlərinin şəxsi Qərbin marağında deyil. Məqsədlər və çıxarlar başqadır.
Q.İbadoğlunun 44 günlük müharibədən sonrakı fəaliyyəti açıq şəkildə Azərbaycanın qələbəsinə kölgə salmaq, azad olunmuş ərazilərdə aparılan miqyaslı tikinti və quruculuq işlərinə kölgə salmağa yönəlib – ərazilərin bərpası, hava limanlarının, yolların və digər infrastruktur layihələrinin icrası zamanı guya “yeyintilər və korrupsiyanın” olması, azad olunmuş rayonlarda əhalinin torpaqlarının guya “əllərindən alınması” və s. haqda mütəmadi şəkildə açıqlamalar edib. Bununla Q.İbadoğluna tarixi zəfərə kölgə salmaq, bu həssas məsələdə əhali arasında çaşqınlıq yaratmaq, böyük qayıdış prosesini əngəlləmək üçün hazırlanan ssenaridə əsas rollardan biri həvalə olunub.
Dövlətlərdə bu cür xətləri həyata keçirənlər adətən “Soros”, FETÖ kimi şəbəkələr olurlar. Eyni zamanda bütün bu baş verənlərdə açıq şəkildə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland dəst-xətti də hiss olunur.
Son zamanlar Laçın yolunda baş verənlərə görə mütəmadi olaraq Azərbaycana qarşı beynəlxalq təşkilatlar, xüsusən də Qərb təşkilatları tərəfindən ittihamlar səsləndirilir, çağırışlar edilir.
Bir yandan Azərbaycandan ədalətli olmağı tələb edirlər, digər yandan da terrorçu Ermənistanı müdafiə edirlər.
Millət vəkili Elşad Mirbəşiroğlu “Sputnik Azərbaycan” bu mövzu ilə bağlı maraqlı şərh verib. Deputat deyib ki, Avropa İttifaqının Mülki Missiyasının Ermənistana göndərilməsi də mahiyyət etibarilə heç bir zərurətdən irəli gəlmirdi:
“Bu missiya Qərbin, eyni zamanda onun direktivləri ilə hərəkət edən Ermənistan hakimiyyətinin məqsədlərinə xidmət edir. Məqsəd ondan ibarət idi ki, Ermənistanın təxribatlarını Azərbaycanın üstünə atsınlar və gələcəkdə hesabatlarına daxil etdikləri elementlərdə Azərbaycana qarşı qərəzli mövqeni formalaşdırmaq üçün bundan istifadə etsinlər. Ermənistanın Laçın yolu ətrafındakı şousunun arxasında da Qərb dayanır. Brüsseldə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını iddia edən Ermənistan, rəsmi Bakının icazəsi olmadan Azərbaycan ərazilərinə yük maşınlarını daxil etməyə çalışır. Yəni ərazi bütövlüyümüzə qarşı aşkar hörmətsizlik nümayiş etdirir, onu şübhə altına almağa çalışır. Bunların həqiqətən də Azərbaycanın ərazi bütövlüyünə hörməti olsaydı, yük maşınları ilə bağlı rəsmi qaydada Azərbaycan hakimiyyətinə icazə üçün müraciət edərdilər".
Qərbin bu kimi addımları regionun pozitiv inkişafına təsir edəcək və uzunmüddətli təhlükəsizlik prosesini əngələyə biləcək faktorlar kimi qiymətləndirilməlidir.
Qafar Səfərli,
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ