İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qərb bizə silah versə, Bakıya bayrağımızı sancarıq...” – İrəvandan sərsəm çağırışlar

Sentyabrın 28-də mifik “arsax”ın həmişəlik dəfnindən sonra Ermənistan şizofrenik yasa qərq olub. Hərgah üzündə “timsah göz yaşları” heç vaxt əskik olmayan bu toplum matəmdən haçan çıxıb ki? Çünki tarix boyu öz xoşbəxtliyini başqalarının, özəlliklə də qonşu xalqların bədbəxtliyi üzərində qurmağa çalışıb; az qala bütün bəşəriyyəti özünə borclu çıxarıb. Amma həmişə təpəsindən vurulsa da, yenə dərs götürməyib, dinc oturmayıb.

İndi növbəti dəfə əlindəki ona məxsus olmayan geri alınandan - oğurluq Qarabağ sahibinə qaytarılandan, ədalət bərpa olunandan sonra ağlaşma qurub. Halbuki sevinməlidir. Çünki harama göz dikməyənlər, halal millətlər məhz belə edər...

“Düşünürəm ki, biz təkcə Azərbaycan xalqını deyil, Qarabağ avantürasına görə tarixi inkişafın dalanına yuvarlanmış erməni xalqını da təbrik edə bilərik. Ermənistan xarici güclərin, xüsusən də Fransa və Rusiyanın siyasi oyunlarının obyektinə çevrilib. İndi isə o, nəhayət, öz həyatını, inkişafını özü müəyyən edən, kənar havadarlardan, sponsorlardan asılı olmayan ölkəyə çevrilməlidir”.

Musavat.com xəbər verir ki, bunu israilli publisist və tarixçi David Eydelman Caliber.az-a açıqlamasında deyib.

Ancaq bundan ötrü onun əminliyinə görə, İrəvan Bakı və Ankara ilə təcili təmaslar axtarmalıdır. “Ona görə ki, bu iki qonşu ilə münasibətlər Moskva, Paris və Vaşinqtondan qat-qat vacibdir. Əslində Ermənistan bir az ağıllı olsaydı, Qarabağı özü çoxdan geri qaytara və firavan gələcək qurmaq yoluna qədəm qoyardı”, - yəhudi analitik əlavə edib.

Öz növbəsində gürcü ekspert Simon Kopadze Azərbaycanın öz ərazi bütövlüyünün tam bərpa eləməsini bu tip münaqişələr tarixində ən böyük töhfə hesab edir.

“Cənubi Qafqazda xarici qüvvələrin süni şəkildə yaratdığı ən qanlı münaqişə həllini tapdı. Qarabağ probleminin həlli, “artsax”ın ləğvi hətta Ermənistanın özü üçün də son dərəcə faydalı sonluqdur. Çünki o, nəhayət, öz xarici siyasətini müəyyənləşdirməyə başlayacaq və kiminsə maraqlarının aləti olmaqdan çıxacaq. Ermənilər qarşıdakı uzun illər üçün belə bir ağır dərs aldılar ki, qonşularla heç vaxt mübahisə etmək olmaz, onlarla üz-üzə gəlmək üçün kənar tərəfdaşlar axtarmaq olmaz. Əksinə, qonşularla birlikdə regionun kollektiv təhlükəsizliyini qurmaq lazımdır. Bu, daha ağıllı və səmərəli yoldur”.

Xüsusən də bölgənin lider və açar ölkəsi Azərbaycanla...

Amma kimə deyirsiniz. Görün Romella Mnatsakanyan ad-soyadlı ağıldankəm erməni Armenianreport.com-dakı müəllif məqaləsində nə sayıqlayır. Sitat: “Dünya yalnızca Ukraynaya yardım etmək paradiqması ilə yaşaya bilməz. Ermənistanın da ABŞ və Avropa Birliyinin ciddi siyasi və maliyyə köməyinə ehtiyacı var. Onlar Ukraynaya artıq 150 milyard dollar vəsait xərcləyiblər. Əgər bunun onda biri Ermənistana ayrılsaydı, o zaman ordumuz dünyanın ən güclü ordusuna çevrilər (?! – red.) və o, Artsaxda nəinki Türkiyə-Azərbaycan tandemini məğlub edə (?! – red.), hətta Bakıya çatıb bayrağımızı ora sancardı”.

Nə yazasan indi. Bunlar gerçəkdən, başlarına gələn bunca faciə-fəlakətlərdən sonra da ağıllanmayıblar. Ağıllanmaq istəmirlər. Sanki zaman ermənilər üçün dayanıb. Yenə də hamını bezdirmiş köhnə hava, köhnə bayatı.

Axı gərək ki, sizin keçmiş müdafiə naziri, hazırda həbsdə yatan David Tonoyan “yeni ərazilər uğrunda yeni müharibə”dən dəm vururdu. Bir çoxunuz isə Bakıya tanklar üzərində gəlməyi xəyal edirdiniz. Hansı tankların ki, salamat qalanları 44 günlük Vətən müharibəsindən sonra paytaxtımızdakı Hərbi Qənimətlər Parkının daimi “sakinlərinə” çevrildi. Əgər bu parkı Hindistan, Fransa istehsallı hərbi texnika hesabına “zənginləşdirmək” fikriniz varsa, Xankəndidən sonra qədim Türk yurdu İrəvanda da Azərbaycan bayrağının dalğalanmasını istəyirsinizsə, etirazımız yoxdur.

Heyrətamizdir. Bunlar nə yeyir, nə içir görəsən. Doğrudan da mnatsakanyanlar var ikən, burnundan uzağı görməyən erməni siyasətbaz rəhbərlər, erməni lobbisi və terrorçu xislətli allahsız katolikosları olan yerdə erməni xalqına düşmən lazım deyil!..

Siyasət şöbəsi,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR