İnsanlara hürriyət, millətlərə istiqlal!

Postsovet ölkələrinə sensasion hədə - Rusiya SSRİ-ni “dirildir”

Putinin müşavirinin ardınca Duma üzvünün də Sovet İttifaqının bərpası haqda fikirlər səsləndirməsi yeni ssenaridən xəbər verir - Pərdəarxası

“SSRİ-nin dağılması qanunsuz idi, onun hüquqi statusu nəzərə alınmalıdır və deputatlar bu məsələni qaldırmağa hazırdır”. “Yeni Müsavat” bildirir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Nina Ostanina deyib.

Onun sözlərinə görə, 1991-ci ilin martında keçirilən referendumda vətəndaşların əksəriyyəti SSRİ-nin saxlanmasına səs verib: “Yəni həm hüquqi, həm siyasi, həm də insani nöqteyi-nəzərdən, mahiyyət etibarı ilə Sovet İttifaqının sonu qeyri-qanuni idi, çünki heç kim Şuşkeviçə, Yeltsinə, Kravçuka qondarma Belovejsk müqaviləsini imzalamaq səlahiyyətini verməmişdi. Və bu günə qədər bu, hüquqi cəhətdən mübahisəli bir sənəddir. Rusiya bu gün də istintaq təşkil etməlidir. Prezidentin müşaviri bu mövqeyi ifadə edibsə, o zaman bu, bizdən asılı olmayacaq. Biz isə siyasi qərar verməyə hazırıq, bu barədə Dövlət Dumasında danışacağıq”, - o bildirib.

Qeyd edək ki, Rusiya prezidentinin müşaviri Anton Kobyakov Sovet İttifaqının dağılması zamanı hüquqi prosedurun pozulduğunu və bunun SSRİ-nin guya “hələ də var olması” anlamına gəldiyini bildirmişdi.

“Yeni Müsavat” xatırladır ki, bu qəbil iddialar əvvəllər Rusiyanın bəzi siyasiləri tərəfindən də səslənib. Məsələn, Ermənistanı hədələmək üçün bu tezisdən istifadə olunub. Təbii ki, Ermənistan keçmiş 15 müttəfiq respublikadan biri olduğu üçün həmin təhdiddən digər 13 respublikaya da hədə “payı” düşüb.

İndi isə kifayət qədər yüksək rəsmi səviyyədə belə fikirlər səslənməkdədir. Xüsusən də Rusiyanın Ukrayna müharibəsində özünü qalib hiss etməyə başlaması fonunda.

Bu cür hədələr hara kimi inkişaf edə bilər və konkret olaraq Azərbaycan suveren dövlət, BMT üzvü kimi hansı ön tədbirlər görməlidir? SSRİ qanunsuz şəkildə dağılıb nə deməkdir? Məgər o, qanuni şəkildə formalaşmışdı?

Üçüncü yandan, hamı bilir ki, SSRİ-nin saxlanması haqda referendum (1991) digər səsvermələr kimi total saxtakarlıq şəraitində keçib. Təsadüfi deyil ki, həmin “referendum”dan cəmi 5-6 ay sonra əksər müttəfiq respublikalar öz xalqlarının iradəsi ilə bir-bir öz müstəqilliklərini elan edib. Az sonra da BMT-nin üzvü olub. 

Çingiz Qənizadə: Aprel döyüşləri tarixi Qələbəyə aparan yolun başlanğıcıdır

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadənin “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiyadan rəsmi səviyyədə səslənən bəyanatlar Kremlin postsovet məkanına “arxa baxçası” kimi baxmasından irəli gəlir. Bununla belə, hüquq müdafiəçisi SSRİ-nin bərpasını hüquqi baxımdan nonsens sayır. Onun fikrincə, bütün respublikalar, eləcə də Rusiya özünü müstəqil elan edib: “İndi onun bərpası üçün hüquqi mexanizm yoxdur. Rusiya bu ölkələri necə bir ittifaqda birləşməyə dəvət edə bilər? Əvvəla, Gürcüstana təcavüz edib, torpaqlarını işğalda saxlayır, Moldovada separatizm ocağı olan Dnestryanı əraziləri himayə edir, Ukraynada Krım və 4 regionu zəbt edərək özünə birləşdirdiyini açıqlayıb. Bu ölkələr ittifaqda birləşməyə razı olarmı? İkincisi, hüquqi cəhətdən mümkün deyil. Çünki bunu həyata keçirəcək orqan yoxdur”.

Ç.Qənizadə Azərbaycanın bu prosesə qoşulacağını qətiyyən gözləmir: “Bu gün yalnız Rusiya və Belarus İttifaq dövləti yaradıblar. Kreml Ukraynada üç günə məsələni həll edərək Kiyevi də bu ittifaqa daxil etməyi planlaşdırırdı. Rusiya hesablamışdı ki, ardınca digər keçmiş sovet respublikaları da təzyiqə dözməyib ittifaqa qoşulacaqlar və bununla SSRİ-2 yeni modeldə qurulacaq. Lakin Zelenski iqtidarı və Qərbdəki müttəfiqləri bu planları alt-üst etdi. İndi Türk Dövlətləri Təşkilatı platforması da var, yəni Orta Asiyanın keçmiş sovet ölkələri burada təmsil olunur və Rusiyanın hətta bu dövlətləri öz orbitinə yaxınlaşdırması mümkün görünmür”.

Hüquq müdafiəçisinə görə, həm TDT, həm Çin amili, o cümlədən Qərbin bölgədəki addımları Rusiyanın “ikinci SSRİ” planlarını tormozlayır: “Üstəlik, SSRİ ideoloji bir dövlət idi, Rusiyanın sosialist dövrünü qaytarması mümkün deyil. Azərbaycana gəldikdə, biz çoxşaxəli, müstəqil xarici siyasət yürüdürük, Türkiyə, Pakistan, İsrail, Britaniya kimi dostlarımız, müttəfiqlərimiz var. Yəni Rusiyanın Azərbaycanı Belarus kimi görməsi real deyil”.

Azərbaycan 1920 - ci ildə niyə uduzdu?- politoloq Mehman İsmayılovun  baxışı.... - Baki-Xeber.com

Mehman İsmayılov

Siyasi ekspert Mehman İsmayılovun sözlərinə görə, Rusiyanın SSRİ-nin bərpası haqda səsləndirdiyi moizələr psixoloji basqı məqsədi daşıyır: “Yəni siz heç yerə getməmisiniz, biz də burdayıq. Necə ki, Putin bir uşaqdan soruşmuşdu - Rusiyanın sərhədləri harada qurtarır, o da heç yerdə məhdudlaşmadığını demişdi. Sonra Kremli lideri dedi ki, bu ölkələr kvazi dövlətlərdir. Bu da tamamilə səhv və qaba yanaşmadır. Əvvəla SSRİ-ni dağıdan elə Rusiya özü oldu. O zaman əvvəlcə Dövlətlər Şurası yaradıldı və onun vasitəsi ilə ilk növbədə Baltikyanı ölkələrin müstəqilliyi tanındı. Ardınca Rusiya Federasiyası özünün müstəqillik konstitusiyasını qəbul etdi. Üçüncüsü, Mixail Qorbaçov Baltikyanı ölkələrin müstəqilliyini tanımaq üçün onlardan 30 milyard dollar rüşvət almışdı”.

M.İsmayılov hesab edir ki, Rusiya postsovet ölkələrinə vurduğu zərərə görə trilyonlarla təzminat ödəməlidir: “Rusiya bu regiona qayıda bilməyəcək. Onun heç bir mədəni, sivil potensialı yoxdur ki, xalqlara təqdim etsin. Rusiya demokratiya ixracatçısı da deyil. Ona görə də Rusiya SSRİ-ni bərpa adı ilə bölgəyə nə vəd edib nüfuz edə bilər? Ən əsası dünyada yeni geosiyasi reallıqlar var - Çin, Avropa İttifaqı bölgədə təsir imkanlarını artırır. Odur ki, Rusiya mifik ideyalar irəli sürsə də, bunu psixoloji basqı kimi qəbul etmək lazımdır”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 May 2025

BÜTÜN XƏBƏRLƏR