İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin o məktubu İrəvanda panika yaratdı

Qərbi Azərbaycana qayıdış Ermənistanın suverenliyinə təhdid kimi qələmə verilir; ekspert bu təhrifin əsl hiyləsini açıqladı

“Bu günlərdə Türkiyədə ”İnsan hüquqlarının aliliyinin mühüm şərti kimi Qərbi Azərbaycana qayıdış" mövzusunda kifayət qədər təmsilçi ilə beynəlxalq konfrans keçirilib və bu konfrans çərçivəsində Ermənistan Respublikasının ərazi bütövlüyü əleyhinə çoxsaylı çıxışlar edilib". Tribunainfo.az xəbər verir ki, Ermənistan parlamentinin üzvü Tiqran Abramyan iddia edib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti konfrans iştirakçılarına göndərdiyi məktubunda qeyd edib ki, “Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına təhlükəsiz, ləyaqətli və dinc şəkildə qayıtmasının təmin edilməsi regionda insan hüquqlarının və sülhün qorunmasının mühüm şərtidir”.

Abramyana görə, yuxarıdakı fikirlər məhz ərazi iddiası irəli sürməkdir. Halbuki Prezidentin müraciətinin başqa bir yerində Azərbaycanın Ermənistana ərazi iddiası olmadığı ayrıca vurğulanır. 

Əslində Ermənistanda bu saxta təbliğat müntəzəm şəkildə getməkdədir. Son zamanlar ayrı-ayrı erməni siyasətçiləri Qərbi Azərbaycana qayıdışı Ermənistanın suverenliyinə təhdid kimi qələmə verirlər. Hərçənd Qarabağdan könüllü getmiş ermənilər də vaxtaşırı qayıtmaq niyyətini dilə gətirirlər, onda bu da Azərbaycanın ərazi bütövlüyünə hədə sayılmalıdırmı?

Beləcə, erməni yalan təbliğat maşını iş başındadır. Hətta bu günlərdə Basarkeçərin qubernatoru iddia etmişdi ki, azərbaycanlılar qayıdır.

Bu qəbil bəyanatların arxasında hansı siyasi niyyət(lər) dayanır - erməni xalqını qorxutmaq, beynəlxalq ictimaiyyəti aldatmaq, yoxsa əhalini Paşinyana qarşı qaldırmaq?

Siyasi şərhçilər qeyd edir ki, Ermənistanda bu cür isterik reaksiyaların arxasında bir neçə mühüm səbəb dayanır. Birincisi, daxili siyasi mübarizə kontekstində bu məsələdən Baş nazir Nikol Paşinyana qarşı alət kimi istifadə olunur. Ona qarşı olan müxalifət bu mövzunu qabardaraq hökumətin “zəif siyasət” yürütməsi görüntüsünü yaradır.

İkinci bir səbəb isə erməni xalqını psixoloji təzyiq altında saxlamaqdır. Qayıdış ideyasını “işğal təhlükəsi” kimi təqdim etməklə, cəmiyyət içərisində qorxu və çaşqınlıq yaratmaq məqsəd güdülür. Üçüncü niyyət isə beynəlxalq ictimaiyyətin diqqətini çaşdırmaq və Azərbaycana qarşı qeyri-obyektiv yanaşmalar formalaşdırmaqdır.

Azər Həsrət bu qurumdan getdi

 Azər Həsrət

Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət “Yeni Müsavat”a bu fikirləri deyib: “Bəli, cənab Prezident, ümumiyyətlə təkcə indi yox, həmişə Qərbi Azərbaycanla bağlı danışanda zəruri olaraq qeyd edir ki, bu, Ermənistana qarşı ərazi iddiası deyil. Yəni bizim Ermənistan ərazisinin hansısa bir hissəsini işğal etmək niyyətimiz yoxdur. Sadəcə, insanların öz ata-baba yurdlarına qayıtmaq hüququ tanınmalıdır və cənab Prezidentimiz də məktubunda məhz bunu nəzərdə tutur. Lakin göründüyü kimi, Ermənistan tərəfindən bəzi siyasilər bundan hətta Paşinyana qarşı kampaniya üçün istifadə edirlər. Açıq şəkildə bəyan edirlər ki, Azərbaycan guya Ermənistana qarşı siyasi tələblər irəli sürməklə kifayətlənmir, eyni zamanda ərazi iddiası da irəli sürür və sairə. Təbii ki, bu, bir manipulyasiya alətinə, vasitəsinə çevrilir”.

A.Həsrətin sözlərinə görə, hətta Prezidentin bu məktubundan sonra Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsünün də Ermənistan mediasında fikirlərinə rast gəlinib: “Orada deyilir ki, Ermənistan ərazisində ”Qərbi Azərbaycan" adında yer yoxdur, Qərbi Azərbaycan dedikdə Azərbaycan Respublikasının qərb bölgələri nəzərdə tutulur. Əlbəttə ki, bu yolla da bir növ məsələnin üzərindən keçməyə çalışırlar".

Siyasi şərhçi vurğulayıb ki, Azərbaycan heç kimə qarşı ərazi iddiası irəli sürmür, qərbi azərbaycanlıların təbii hüquqlarının təmin edilməsi üçün bu fikri səsləndirir: “Yəni insanların ata-babalarının qəbirləri o torpaqlardadır, o insanların doğulub boya-başa çatdıqları evlər hələ də bir çox hallarda bomboş qalmaqdadır. Qərbi Azərbaycan əsilli insanların kəndlərinin böyük hissəsi dağıdılıb, bununla bağlı bəzən görüntülərə rast gəlirik. Həmin görüntülərdən aydın olur ki, bütöv kəndlər darmadağın edilib. Evlər faktiki olaraq uçub dağılmaq üzrədir. Ermənistan o yerləri heç məskunlaşdıra da bilmir və insanlarımızın ata-baba yurdları bu həsrətlə dağılıb getməkdədir. Azərbaycan dinc şəkildə, xoşməramlı çağırış edib ki, Ermənistan buna şərait yaratsın, insanlar gedib orada öz yurdlarında arzu etdikləri zaman yaşaya, yerləşə bilsinlər, ya da sadəcə olaraq ziyarət etmək imkanları olsun”.

Ekspert deyib ki, bütün bunlar açıq-aşkar bəyan edilməkdəykən, Ermənistanda bəzi siyasilər həqiqətən də daxili siyasi hesabları üçün bundan manipulyasiya vasitəsi kimi istifadə edirlər:

“Lakin Azərbaycan əvvəlki deyil. Səsimiz də, sözümüz də dünyanın hər tərəfinə çatır. Elə Prezident İlham Əliyev, ayrı-ayrı siyasilər və biz özümüz də yeri gələndə bu məsələ haqqında danışanda xüsusi vurğulayırıq ki, Qərbi Azərbaycana qaydış heç də Azərbaycan Respublikasının Ermənistana qarşı ərazi iddiası kimi başa düşülməməlidir. Üstəlik də qeyd edirik ki, Azərbaycan dövlətinin Ermənistanın hansısa ərazisini işğal etmək niyyəti yoxdur”.

Xalidə Gəray,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 May 2025

BÜTÜN XƏBƏRLƏR