Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Röya Ayxanın Kann Film Festivalında iştirak etməsi sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub.
Musavat.com bildirir ki, texnobloger Fərid Pərdəşünas isə bu mövzuda qalmaqallı və sərt açıqlaması ilə diqqət çəkib.
O qeyd edib ki, Röya Ayxanın aldığı “Azərbaycan musiqisinin mədəniyyət səfiri” mükafatının Kann Film Festivalına heç bir aidiyyəti yoxdur:
“Bu mükafat sadəcə həmin tarixdə və eyni məkanda keçirilən bir kənar tədbirə aiddir. Tədbirin isə yalnız kiçik bir Instagram səhifəsi var. Rəsmi saytlarını belə tapa bilmədim.”
Fərid Pərdəşünas əlavə edir ki, Kannın qırmızı xalçasına çıxmaq heç də əlçatmaz bir proses deyil:
“Mən 2018-ci ildən bəri o xalçada az qala salto vurmadığım qalıb. Hələ mən Kannın digər yaradıcılıq tədbirinə rəsmi media olaraq dəvət alıram. Akkreditasiyalarla daxil oluram. Kim istəyirsə, gələn il 10,000 dollara onu da apararam".
Onun fikrincə, Röya Ayxan və Anar Ağakişiyevin qırmızı xalçaya çıxması şəxsi təşəbbüsdür, şəxsi əlaqələr və şəxsi PR addımıdır.
“İstədikləri kimi geyinərlər, şəkil çəkdirərlər və paylaşarlar. Lakin bunu mediada uğur kimi qələmə vermək (və ya verdirmək), ölkə adına danışdırtmaq doğru deyil.
Faktiki olaraq uğur — orada göstərilən filmlərin yaradıcı heyətində yer alaraq o qırmızı xalçaya çıxmaqdır. Bu isə indiki halda aktual olmayıb. Film festivalına tanış dəvəti, media qeydiyyatı və digər əlaqələrlə giriş alıb iştirak etmək mümkündür. İstəyən olsa, gələn il 10 min dollara göndərə bilərəm.
Uğura gəlincə, mən düşünürəm ki, Röya xanım elə eyni şəhər və elə eyni binada keçirilən "NRJ Music Awards"da səhnə alması daha doğru olardı. Çünki NRJ müğənni yarışı və mükafatıdır. Burada qazanmaq isə o qədər də asan məsələ deyil.
Məncə, daha yaxşı danışılmalı olan məsələ bu il ilk dəfə Kann Film Festivalında bir Azərbaycan mediasının (Filmaç) Hacı Səfərov timsalında təmsil olunmasıdır".
Xalidə Gəray
Musavat.com
24 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ