Onlayn ictimai-siyasi qəzet
“Birini gör, fikir eylə, birini gör, şükür eylə”
(Azərbaycan ata sözü)
Okeanın o tayından anekdot kimi xəbər almışıq: ABŞ Ədliyyə Nazirliyi bizim keçmiş nəqliyyat naziri Ziya Məmmədov və ətrafının adı keçən korrupsiya istintaqını dayandırıb. Lap dəqiq yazsaq, istintaqı bağlayıb, açarı da qatarın altına atıblar.
Həmin cinayət işini Ziya müəllim hələ nazir olan vaxtlarda, Kanadanın “Bombardier” şirkətinə qarşı açmışdılar. İşin qısa məzmunu belə idi, şirkət Azərbaycan dəmiryolunda siqnal qurğuları quraşdırmaq üçün projeyə girmək üçün Ziya müəllim və dəstəsinə rüşvət veribmiş. Nəticədə tenderdə üstün mövqe əldə ediblər. O cümlədən görüləcək işin dəyərini şişirtmək, “şapka” söhbətləri var idi. ABŞ-da isə belə qanun var ki, korrupsiyaya yol verən şirkətlər ABŞ ərazisində məsuliyyət daşıyırlar. Rüşvəti hansı ölkədə vermək önəmli deyil.
Bəs mən bunu niyə anekdot adlandırıram? Çünki dünyada ABŞ qədər korrupsiyaçı dövlət bəlkə elə özü olar. Dollar verib, dost tutmaqdan başlamış, dollar verib düşmən yaratmağa qədər. Nahaq yerə deyil ki, belə aforizm var: “ABŞ-ın düşməni olmaq təhlükəlidir, dostu olmaq isə ölümə məhkumluqdur”. (Doğrudur, bunu kontekstdən çıxarıblar, əslində ABŞ dövlət katibi Kissincer 1968-ci ildə Cənubi Vyetnam rəhbərini çevriliş olarsa gözləyən təhlükə barədə söyləyib, lakin zaman bir çox kontekstləri də yerbəyer edirmiş). Korrupsiyanı dövlət siyasətinə çevirən, adını da “lobbiçilik” qoyan ərazidən başqalarına mız qoymaq gülməlidir.
Elə Ziya müəllimin amnistə düşdüyü bu may günlərində bütün dünya Donald Trampın Qatar dövləti şeyxindən aldığı hədiyyədən danışır. Hədiyyə yüngülvari bahalıdır: 400 milyon dollarlıq, dəbdəbəli “Boinq” təyyarəsidir. O qədər bər-bəzək vurublar, “Uçan saray” ləqəbi daşıyır. İçində hovuzu-zadı da olmalıdır. Halbuki, ABŞ qanunlarına görə dövlət adamları 400 dollardan bahalı hədiyyə ala bilməzmiş. Bu cəhənnəmə, Tramp açıq-aşkar işarə vurub ki, hazırda təyyarə dövlətin balansında olsa da, prezidentlikdən çıxanda Tramp Fonduna götürmək istəyir. Faktiki, özü üçün.
O anlamda, bəlkə amerikalılar həmin 400 milyonun fonunda Ziya müəllimi 100 milyonluq qamarlamada suçlamağa utanıblar.
Bunların belə saxta, qeyri-səmimi işləri çoxdur. Bu yaxında bir senator dövlət katibi Rubio-nu divara dirəmişdi, ondan Putinin hərbi cani olub-olmadığını soruşurdu. Rubio da ilan kimi qıvrılır, cavabdan yayınırdı. Sən demə 8 il qabaq Rubio özü senator olanda ABŞ müdafiə nazirinə eyni sualı verirmiş, tələb edirmiş nazir Putini hərbi cinayətkar adlandırsın! Necə deyərlər, quyu qazan, dərin qaz.
Hərçənd, orada abır-həya adına deyəsən heç nə qalmayıb. Ukraynanı vəhşi işğalçının caynağı altına atıb getməyə tam hazırdırlar. Bəs “məni seçin, 1 günə Rusiya-Ukrayna davasını aradan qaldırım” necə oldu? Həmişəki boşboğazlıq... Bəs BMT TŞ, dünya insan hüquqları, dövlətlərin sərhəd toxunulmazlığı kimi qlobal prinsiplər hara getdi? Axı, yanılmıramsa BMT-nin ofisi də elə ABŞ-da yerləşir. Dünyaya “kim istəyir dalaşsın, biz qatılmırıq” prinsipi, daha dəqiqi, prinsipsizliyi ilə yanaşacaqsınızsa, ən pisi, özünüz də dəlilərə qoşulub onun-bunun torpağından pay istəyəcək, dövlətlərin, xalqların müstəqilliyinə qolf topu, hətta bəlkə qolf deşiyi kimi yanaşacaqdınızsa, o zaman BMT ofisini ləğv edin, camaat gedib Burundidə, Zambiyada, nə bilim, Rusiyanın Samara vilayətində təzəsini açsın. O qədər çirkaba bulaşıblar, o qədər biabırçı əməllərlə, əxlaqsız bizneslərlə məşğul olublar ki, BMT-nin nə üçün, hansı savaşın sonunda yaradıldığını, insan hüquqları bəyannaməsini, insan haqlarının bir dövlətin daxili işi olmadığı haqda mükəmməl bəşəri tezisi də yaddan çıxarıblar.
Təxmin edirəm ki, ABŞ Ədliyyə Nazirliyinin qərarına ən çox gülənlərdən biri də elə Ziya müəllimdir. Trampa baxanda onu hətta seyid hesab edib (özü də ağırından) ətəyində namaz qılmaq olar.
24 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ