Onlayn ictimai-siyasi qəzet
Mayın 25-də Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı ictimaiyyət arasında narazılıqlara səbəb olub.
Musavat.com xəbər verir ki, imtahanda sual tapşırıqlarının, xüsusilə də tarix fənnindən olan tapşırıqların həddindən artıq çətin olduğu bildirilir.
Sosial şəbəkələrdə mövzu geniş müzakirəyə səbəb olub və müəllimlərin də bu sualların cavablarını tapmaqda çətinlik çəkdiyi qeyd olunub.
Tarix müəllimi Sahil Əzimov imtahanla bağlı fikirlərini belə ifadə edib:
“13 ildir bu sahədəyəm, amma builki qədər qəliz, şagirdlərə tarix fənnindən soyutma effekti yaradan suallar görməmişdim. Situasiya mətni də III ixtisas blokuna uyğun olaraq kifayət qədər xırdalıqlarla dolu bir mövzudan seçilmişdi.
Bütün sınaqlarda 30 bal toplayan şagirdlər bu imtahanda 28 balı belə keçə bilmədi. Məqsəd nədir? Suallar həm uzun, həm də sistemli idi. Bir suala ayrılacaq vaxt bu tip tapşırıqları cavablandırmaq üçün kifayət etmirdi. Danışılacaq çox məsələ var... Ümid edirik ki, növbəti imtahanda vəziyyət bu qədər gərgin olmayacaq”.
Sosioloq Elçin Bayramlı da imtahanlarla bağlı narahatlığını ifadə edib:
“Dünənki imtahanlar tarixdə görünməmiş səviyyədə biabırçılıqlarla yadda qaldı. Orta məktəb məzunlarına verilən suallar o qədər çətin idi ki, bir çox akademik belə onları cavablandıra bilməzdi. Şagirdlərin əksəriyyəti sualları ümumiyyətlə başa düşməyib. Artıq sosial şəbəkələrdə bir çox müəllim bu testlərə özlərinin belə cavab verə bilmədiklərini yazır. Elm və Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi, görünür, Azərbaycan təhsilini məhv etmək üçün əlindən gələni edir”.
Ağ Partiya Mərkəzi Aparatının üzvü, ekspert Malvina Amirova isə DİM sədrinə etirazını bildirib:
“Şəffaflıqdan danışan Məleykə xanıma bir sualım var: hansı şəffaflıqdan söhbət gedir? O şəffaflıqdanmı ki, ballar kəsilir, şagirdin haqqı yeyilir, apellyasiyada nəticə daha da aşağı salınır? Yoxsa kim pul verirsə, yüksək bal alır? Bu, şəffaflıq deyil, rüşvət və ədalətsizlik sistemidir! Vicdandan danışılırsa, gərək əvvəlcə o vicdanın özlərində ‘v’ hərfini axtarsınlar, çünki bu sistemdə vicdanın izi-tozu belə yoxdur.
Doğruları deyən ekspertlərə və müəllimlərə qarşı sərgilənən aqressiya da göstərir ki, bu qurumlar həqiqəti qəbul edə bilmir. Çünki həqiqətlər açıqlandıqca maskalar düşəcək, düzən pozulacaq. Rus bölməsindəki vəziyyət isə ayrıca bir fəlakətdir. Uşaqların 90%-i haqsızlığa məruz qalır, arzuları göz yaşları içində boğulur. Bu haqsızlığın məsuliyyəti birbaşa sizin üzərinizdədir. Bu qədər insanın fəryadı vicdanı olan bir rəhbəri silkələməyə kifayət etməli idi. Təhsil sisteminizin real siması budur. Artıq yetər – insanlarla belə oynamaq olmaz”.
Afaq Mirayiq,
Musavat.com
29 May 2025
28 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ