Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi keçmiş sevgilisi Deniz Bulutsuzu döydüyü iddiası ilə 2 il 3 ay həbs cəzası alan türkiyəli məşhur aktyor Ozan Güvenin apellyasiya şikayəti İstinaf Məhkəməsi tərəfindən baxılıb və qərar çıxarılıb.
Qərara əsasən onun cəzasında heç bir dəyişiklik edilməyib və qərarın rəsmi surəti ona təqdim olunduqdan sonra Ozan Güven 45 gün həbsxanada qalacaq.
Bununla bağlı nəhayət ki, Ozan Güvən susqunluğunu pozaraq, mətbuat konfransı keçirib. 45 günlük həbs cəzası alan məşhur günahsız olduğunu deyib:
"Susmağın və danışmağın çox çətin olduğu beş il yarım yaşadım. Yalnız bir qadını sevdim və onunla olmaq istədim. Sözügedən şəxs evdə kilidləndiyini, telefonunun əlindən alındığını dedi. Onu pilləkənlərdən yıxdığımı, divara vurduğumu, ayıltmaq üçün üstünə su tökdüyümü, yenə döydüyümü iddia etdi. Əgər belə şeylər olsaydı, oradan belə çıxa bilməzdi. “Bir yolunu tapdım” deyir, amma qapı açıq idi. İddia etdiyi heç birini etməmişəm. Mənə inanan, məni sevən, tanıyan bilən hər hansı bir qadının içində az da olsa şübhə yaranıbsa, ondan üzr istəyirəm. Amma səndən üzr istəmirəm, çünki mən sənə heç nə etməmişəm”.
Xatırladaq ki, 2020-ci ildə Güven, o dövrdəki sevgilisi Deniz Bulutsuzu döydüyü və ciddi xəsarətlər yetirdiyi iddiası ilə hüquq-mühafizə orqanları tərəfindən araşdırılmağa başlanmışdı. Sonrakı yerli məhkəmə qərarı ilə Ozan Güven 2 il 3 ay həbs cəzasına məhkum edilmişdi.
Hadisə zamanı Güven, rol aldığı məşhur “Babil” serialından çıxmalı olmuş və sonradan “7 Kocalı Hürmüz” layihəsində iştirak edirdi. Lakin sosial mediada yaranan tənqidlər səbəbindən layihədən çıxarılmışdı.
Onu da qeyd edək ki, rəsmi qərarın yaxın günlərdə Ozan Güvenə çatmasından sonra, aktyor 2 həftə ərzində həbsxanaya girmək məcburiyyətində olacaq.
Xalidə Gəray
Musavat.com
26 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ