Onlayn ictimai-siyasi qəzet
HƏMAS-ın Siyasi Bürosunun üzvü və Danışıqlar Heyətinin rəhbəri Halil əl-Hayya son açıqlaması ilə beynəlxalq medianın diqqətini bir daha Qəzzaya yönəldib. Onun sözlərinə görə, HƏMAS qüvvələri Qəzza zolağında bəzi israilli əsirlərin və ya onların cəsədlərinin axtarışı məqsədilə yeni ərazilərə daxil olmağa hazırlaşır.
Əl-Hayya bununla yanaşı, təşkilatın silah siyasətinə dair prinsipial mövqeyini də açıq şəkildə ifadə edib:
“Bizim silahımız işğalın və hücumların mövcudluğu ilə bağlıdır. Əgər işğal sona çatsa, bu silah dövlətə təhvil veriləcək”.
Bu bəyanat dərhal “HƏMAS silahı yerə qoyurmu?”, “Təşkilat təslim olurmu?” kimi sualları ortaya çıxarıb.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Musavat.com-a danışıb:
"Misirdə əldə olunmuş razılaşmaya görə HƏMAS-ın tərkisilah olunması nəzərdə tutulur, yəni HƏMAS silahı yerə qoymalıdır, qarşılığında isə onun üzvləri təqibdən azad ediləcəklər. Başqa sözlə, razılaşmaya əsasən HƏMAS silahsızlandırılmalı və üzvlərinin hüquqi təqibi dayandırılmalıdır. Lakin HƏMAS-ın ehtiyat etdiyi bəzi məqamlar var və bu şərtlər təmin edilmədən təşkilat silahlarını təhvil vermək istəmir.
HƏMAS-ın əsas qorxusu budur ki, İsrail Qəzza bölgəsindən tam şəkildə çəkilməyəcək. Netanyahu hökuməti daxilində səslənən çağırışlar var ki, HƏMAS silahı yerə qoyduqdan sonra İsrail hücum edib Qəzzanı tam işğal etsin. Bu narahatlıq HƏMAS-ı ehtiyatlı olmağa vadar edir".
Politoloq qeyd edir ki, burada ikinci mühüm məsələ HƏMAS-ın öz gələcəyi ilə bağlı qeyri-müəyyənlikdir:
"Təşkilat həm Qəzzanın gələcəyi, həm də öz varlığıyla bağlı nə baş verəcəyini bilmədiyi üçün ehtiyat edir. HƏMAS arzulayırdı ki, Qəzza ən azı Ramallahda yerləşən Fələstin muxtariyyətinə, yəni Mahmud Abbas rəhbərliyindəki administrasiyaya təhvil verilsin. Bu, həm real, həm də ədalətli hesab edilən variant olardı və HƏMAS buna razı olmağa meyilli idi.
Lakin beynəlxalq birlik, məsələn, bəzi Qərb və ərəb liderləri başqa model təklif etdilər: Qəzzanın idarəçiliyini beynəlxalq bir komitəyə vermək. Bu komitənin başında Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyr dayanacaq və komitə Qəzzanı beş il müddətinə idarə edəcək. Beş ildən sonra Qəzzanın taleyi yenidən nəzərdən keçiriləcək. Bu variant HƏMAS üçün böyük risk və qeyri-müəyyənlik deməkdir və təşkilatı silahlarını təhvil verməkdən çəkinməyə sövq edir.
Qeyd etmək lazımdır ki, HƏMAS vahid və monolit bir struktur deyil - o müxtəlif qruplardan və səviyyələrdən ibarət federativ təşkilatdır. Tərkibində kiçik səhra komandirləri və ayrı-ayrı qruplar mövcuddur. Ola bilər ki, bəzi qruplar silahlarını təhvil versin, amma başqa qrupların bunu etməyəcəyi ehtimalı yüksəkdir. Onlar ya gizlənəcək, ya Livan tərəfə keçərək Hizbullahın tərkibinə daxil olacaq, orada gizlənəcək (və ya Suriyada, Misirdə), ya da Qəzza daxilində əvvəldən qurduqları hüceyrələrdə, tunellərdə gizlənib lazım olan vaxtı gözləyəcəklər.
Belə bir vəziyyətdə, əgər beş ildən sonra və ya müəyyən müddətdən sonra İsrail yenidən Qəzzaya hücum edərsə, yenidən silahlı qarşıdurma bir daha baş qaldıra bilər. Bu səbəbdən HƏMAS-ın tamamilə silahsızlanacağını, proses yekunlaşmayana qədər silahlarını geri qoyacağını gözləmək realist görünmür".
Xalidə Gəray
Musavat.com
26 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ