İnsanlara hürriyət, millətlərə istiqlal!

Maaş sistemi dəyişir - müəllimlərin əməkhaqqı yenidən tənzimlənir

"Müəllimlərin əməkhaqlarının artması üçün yeni təkliflər təqdim ediləcək".

Bunu Milli Məclisin son iclasında "Ümumi təhsil haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı elm və təhsil nazirinin müavini İdris İsayev deyib.

Nazir müavini bildirib ki, bəzi təhsil müəssisələrində müəllimlik ixtisası üzrə planlar kəskin surətdə azalıb, ali təhsil müəssisələri keyfiyyətli təhsili təmin etməlidirlər.

İdris İsayev qeyd edib ki, müəllimlərin əməkhaqqı dərs saatına deyil, iş saatına uyğun müəyyənləşdiriləcək.

Əməkhaqqının dərs saatına deyil, iş saatına görə verilməsinin hansı əhəmiyyəti var? Digər ölkələrdə bu məsələ necə tənzimlənir?

Mövzu ilə bağlı təhsil mütəxəssisi Elşən Qafarov Musavat.com-a danışıb.

ELSEN SON .png (526 KB)

Təhsil mütəxəssisi qeyd edib ki, müəllimlərin ümumtəhsil məktəblərində həftəlik dərs saatına görə işə qəbul olunması, iş vaxtının müəyyən edilməsi və əməkhaqqının hesablanması sovet sistemi əsasında qurulub:

"MDB məkanında olan ölkələrdə bu sistem hələ də qalmaqdadır. Beynəlxalq sistemdə və keçmiş Sovetlər Birliyinin tərkibində olan Baltik ölkələrində isə bu proses tamamilə fərqlidir. Belə ki, müəllim vəzifəsinə işə qəbul olunur və vəzifəyə görə müəyyən edilmiş maaş alır. Məsələn, bəzi ölkələrdə müəllim vəzifəsi 12, 14, 16 saat olmaqla müəyyən edilir və həmin vəzifə daxilində müəllim tədris fəaliyyətini həyata keçirir. Yəni müəllimin həftəlik dərs saatı nə qədər olmasından asılı olmayaraq, əməkhaqqı sabitdir. Bununla yanaşı, müəllim əlavə dərs saatları üzrə əlavə əməkhaqqı da alır.

Bizdə isə vəziyyət fərqlidir: müəllimin əməkhaqqı dərs saatına uyğun hesablanır. Məsələn, müəllimin həftəlik 5 saatı varsa, 5 saatlıq əməkhaqqı, 10 saatlıq dərsi varsa, 10 saatlıq əməkhaqqı alır. Bizdə müəllimin norması 18 dərs saatıdır, yəni hər müəllim üçün 18 dərs saatı təmin olunmalıdır.

Amma bəzi fənlərdə bu norma təmin edilmir. Məsələn, təsviri incəsənət, texnologiya, musiqi, fizika, kimya, biologiya, coğrafiya kimi fənlərdə ümumtəhsil məktəblərində həftəlik dərs saatları 5-8 saat civarındadır. Bu isə müəllimlərin əməkhaqqının aşağı olmasına səbəb olur.

Təbii ki, biz də bu fikirlə razıyıq ki, müəllim vəzifəsi müəyyənləşdirilməli və maaş həmin vəzifəyə görə sabit olmalıdır. Maaşın içərisində müəyyən miqdarda dərs saatı da nəzərə alınmalıdır. Məsələn, ümumtəhsil məktəblərində çağırışa qədər hazırlıq rəhbərləri var; onların maaşı müəyyən edilir və 8 saat bu maaşın içərisindədir. Yəni onlar tədris etdiyi saatlara görə əlavə əməkhaqqı almır, vəzifə maaşı alır.

Müəllimlərin də əməkhaqqı belə sistemə keçməlidir: vəzifə maaşı müəyyən olunmalı, dərs saatları isə həmin maaşın içərisində hesablanmalıdır".

Elşən Qafarov bildirib ki, beynəlxalq sistem də məhz belədir və bu, məktəbdə iş rejiminin düzgün qurulmasına imkan verər:

"Hazırda isə müəllim dərs saatını başa vurduqdan sonra dərsdən çıxıb gedir. Halbuki, Əmək Məcəlləsinin 93-cü maddəsində müəllimin həftəlik iş saatının 36 saat olduğu göstərilib. Əgər vəzifə sistemi tətbiq olunsa, müəllim yalnız dərs deməklə kifayətlənməyəcək, zəif oxuyan şagirdlərlə işləmə, digər pedaqoji fəaliyyətlər və bacarıqlarını ortaya qoyma imkanına sahib olacaq.

Beləliklə, ümumtəhsildə ən böyük problemlərdən biri müəllimin vəzifəsinə görə əməkhaqqının müəyyən edilməməsidir. Artıq biz beynəlxalq sistemə keçməliyik. Müəllim vəzifəsi müəyyən edilməli və onun dərs dediyi saatların müəyyən miqdarı həmin vəzifə maaşının içərisində olmalıdır".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR