Onlayn ictimai-siyasi qəzet
Sentyabrın 26-da Yalovanın Çınarcık məhəlləsində 5-ci mərtəbədəki mənzilinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən tanınmış sənətçi Güllünün (Gül Tut) ailəsi hərəkətə keçib.
Musavat.com-un Türkiyə mətbuatına istinadla xəbərinə görə, mərhum sənətçinin ölümü ilə bağlı hüquqi prosesi təsir altına ala biləcək açıqlama və paylaşımlar edən şəxslər barəsində rəsmi şəkildə hüquqi şikayət verilib.
Müğənninin qızı Tuğyan Ülkem Gülter və yaxın dostu Sultan Nur Ulunun vəkili Merve Uçanok Gül Tutun ölümü ilə əlaqədar televiziya proqramlarında çıxış edən və sosial şəbəkələrdə yanlış məlumat yayan şəxslər barəsində prokurorluğa müraciət etdiklərini bildirib.
Uçanok qeyd edib ki, Gül Tutun faciəvi şəkildə həyatını itirməsi həm müvəkkilləri, həm də bütün ölkə üçün dərin kədər doğurub. Onun sözlərinə görə, artıq bir aya yaxındır ki, bəzi media qurumlarında və sosial şəbəkələrdə mərhumun qızı Tuğyan Ülkem Gülter və mənəvi qızı Sultan Nur Ulu haqqında həqiqətə və istintaq materiallarına zidd, əsassız dezinformasiya kampaniyası aparılır:
“Bu vəziyyət müvəkkillərimizə qarşı demək olar ki, bir linç kampaniyasına və şəxsiyyətə hücuma çevrilib. Hadisə ilə heç bir əlaqəsi olmayan şəxslərin televiziya və sosial media kanallarında çıxış edərək bu faciə üzərindən diqqət və qazanc qazanmağa çalışdığı, hüquqi prosesi təhrif edən açıqlamalar verdiyi müşahidə olunur. Bu müddətdə yalnız izlənmə və klik sayı naminə yayımlanan, reallıqdan uzaq xəbərlər həm aparılan istintaqa təsir göstərir, həm də müvəkkillərimizin şəxsi həyatına hörmət hüququnu pozur. Bundan əlavə, böyük bir itki və dərin yas içində olan, anasını itirmiş müvəkkillərimizin mənəvi dünyasına zərər vurulur. Hər bir şəxs kimi onların da yas tutmaq və gündəlik həyatlarına normal şəkildə davam etmək hüquqları əllərindən alınır”.
Açıqlamada həmçinin cəmiyyətə müraciət edilərək hüquqi prosesə və gənc yaşlarında analarını itirən müvəkkillərin acısına hörmətlə yanaşılması, məsələyə vicdani və hüquqi baxımdan yanaşılması xahiş olunub:
“Müvəkkillərimizin məhkəmədə günahsızlıq prezumpsiyası və şəxsi haqlarına zidd olan bütün yayımların dayandırılması, hadisə üzərindən tanınmaq istəyən üçüncü şəxslərə meydan verilməməsi vacibdir. Bu məqsədlə hüquqi addımlar artıq atılıb. Əgər oxşar yayımlar davam edərsə və müvəkkillərimizin şəxsi hüquqları yenidən pozularsa, bütün hüquqi imkanlardan istifadə ediləcək”.
Musavat.com
26 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ