Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Gümrü şəhərinin merinin səlahiyyətlərini icra edən Vardan Qukasyana qarşı yeni cinayət işi qaldırılıb.
Musavat.com xəbər verir ki, Ermənistan İstintaq Komitəsi onun ölkənin ərazi bütövlüyünə xələl gətirən çağırışlar etdiyini iddia edir. Söhbət Qukasyanın Ermənistanın Rusiyaya birləşdirilməsi ehtimalını açıq şəkildə müdafiə etməsindən gedir.
Vardan Qukasyan bir müddət əvvəl çıxışı zamanı demişdi:
“Ermənistanın təhlükəsiz və sabit gələcəyi yalnız Rusiyaya daha sıx inteqrasiya ilə mümkündür. Əgər lazımdırsa, biz birləşməni də müzakirə etməliyik”.
Bu fikirdən sonra Qukasyanın əleyhinə dərhal “separatizm” və “dövlət suverenliyinə qarşı çıxış” maddələri üzrə araşdırma başlanılıb.
Onun vəkilləri bildiriblər ki, ittiham tamamilə siyasi motivlidir və hökumətin son aylarda Rusiya təsirinə yaxın siyasətçilərə təzyiq kampaniyasının tərkib hissəsidir.
“Qukasyan real təhlükə deyil, o, sadəcə siyasi fikir söyləyib. Buna görə cinayət işi açılması Konstitusiyaya ziddir”, - müdafiə tərəfi qeyd edib.
Müşahidəçilər hadisəni Ermənistanın son illərdə Rusiyadan uzaqlaşma kursunun yeni mərhələsi kimi qiymətləndirirlər. Baş nazir Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) faktiki olaraq uzaqlaşıb, Ermənistanda Rusiya hərbi bazasının statusunu müzakirəyə çıxarıb, Qərblə, xüsusilə Fransa ilə hərbi əməkdaşlığı gücləndirib.
Belə şəraitdə Rusiya ilə birləşmə ideyasını gündəmə gətirən şəxslər hakimiyyət üçün “daxili təhlükə” kimi qəbul edilir.
Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazası yerləşir. Şəhər illərdir Moskva təsirinin ən güclü olduğu bölgə sayılır. Ona görə də Qukasyanın həbsi və ya neytrallaşdırılması Paşinyan hökumətinin strateji siyasi mesajı kimi qiymətləndirilir:
“Ermənistanda rusiyapərəst siyasi xətt artıq cinayət məsuliyyəti deməkdir”.
Gümrüdə baş verənlər təkcə yerli idarəçilik böhranı deyil, həm də Ermənistanın geosiyasi yönünün dəyişməsi, Moskva ilə İrəvan arasında soyuq müharibənin dərinləşməsi, Ermənistan cəmiyyətində parçalanmanın sürətlənməsi deməkdir.
Bu cinayət işi yaxın günlərdə ölkədə kütləvi etirazların başlanmasına səbəb ola bilər.
Musavat.com
26 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ