İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağdakı erməni əhalisinin real sayı və spekuliyasiyalar- FAKTLAR  

Politoloq Oktay Qasımov erməni yalanlarını ifşa edən müəllif yazısı yazıb. 

Musavat.com həmin yazını təqdim edir:

Azərbaycan Ordusunun 19 sentyabrda həyata keçirdiyi 24 saatlıq lokal antiterror əməliyyatı nəticəsində Rusiya sülhməramlılarının nəzarəti altındakı ərazilərdəki separatçı rejim təslim olub, bölgədə dövlət  suverenliyimiz bərpa edildi. Yaranmış yeni reallıq Qarabağdakı erməni əhalinin Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinə ciddi imkanlar yaradıb. Artıq Azərbaycan mərkəzi hakimiyyət nümayəndələri bölgədə yaşayan erməni icmasının təmsilçiləri ilə 3 görüş keçirib, onlara reinteqrasiya prosesi ilə bağlı planı təqdim edib, bir sıra istiqamətlər üzrə konkret addımlar atılıb. Reinteqrasiya prosesini dərinləşdirmək və ehtiyacları  yerində öyrənib, həll etmək məqsədilə İşçi Qrupu Xankəndinə səfər edəcək.  Antiterror əməliyyatının əsas nəticələrindən biri Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına əngəl kimi ortaya atılmış “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi”  məsələsinin gündəmdən çıxmasıdır. Orada yaşayan insanların hüquq və təhlükəsizlik məsələlərini özünün daxili işi hesab edən Azərbaycan bununla bağlı dəfələrlə konstitusiya çərçivəsində təminatlar verdiyini bəyan edib.

Снимок.PNG (677 KB)

Amma  Güney Qafqazda  sülhün və sabitliyin yaranmasında maraqlı olmayan Ermənistanın arxasındakı Fransa daxil bəzi dövlətlər  indiyə qədərki proseslərə praktik olaraq ciddi müdaxilə edə bilmədiklərindən, Qarabağdakı ermənilərin məsələsini başqa müstəviyə çəkməklə Azərbaycana təzyiq mexanizmləri axtarışındadırlar. Bunun üçün bölgədə yaşayan ermənilərin sayı ilə spekulyasiya edilməyə başlanıb. Belə ki, 24 sentyabrdan başlayaraq Qarabağda yaşayan ermənilərin  Ermənistana köçü onlara bu məsələdən sui-istifadə üçün bəhanə vermişdir. Sentyabrın 24-dən başlanan köçün ilk 3 günündə Ermənistanın verdiyi məlumata görə gələnlərin sayı  6650 nəfər olduğu halda, 26 sentyabrda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USİAD) rəhbəri, yazdığı kitabda Tələt paşanı qətlə yetirmiş erməni terrorçu Soqomon Teyleryanı qəhrəman kimi təqdim edən, bütün siyasi həyatı boyu erməni diasporası ilə iç-içə olan türkofob Samanta Pauerin Gorusda “mən buraya prezident Baydenin tapşırığı ilə fakt toplamağa gəlmişəm” bəyanatından sonra  gələnlərin sayı həndəsi silsilə ilə şişirdilməyə başlandı. Məqsəd köçənlərin sayının son illərdə səslənən 120 min rəqəminə çatdırmaqdır. Burada iki məqsəd güdülür:

koc-900x599.jpg (99 KB)

  1. Köçkünlərin sayını süni şəkildə şişirdilmiş rəqəm göstrməklə miqyası böyütmək və bunun üzərindən etnik təmizləmə adı ilə Azərbaycana qarşı beynəlxalq təzyiqlər etmək, mümkün olarsa sanksiyalar tətbiq olunmasına əsas hazırlamaq. Nəzərə alsaq ki, 2024-cü il ABŞ daxil bəzi maraqlı ölkələrdə seçki ilidir, o zaman bu məsələdən istifadə olunacağı istisna deyil.
  2. Saxtalaşdırlmış rəqəmlərlə manipulyasiya edərək qaçqınlar üçün ayrılacaq yardımların həcmini artırılmasına nail olub, onu mənimsəmək. Zatən 30 il müddətində Qarabağ ermənilərinə göndərilən yardımların mənimsənilməsinə dair erməni mənbələrində yetərli məlumatlar var. Burada 44 günlük savaş zamanı “Hayastan” fondunun Qarabağ ermənilərinə ayırdığı 100 milyon dollar vəsaitin necə mənimsənilməsi barədə faktı xatırlamaq yerinə düşər.   

Qarabağdakı ermənilərin sayının saxtalaşdırılmasını Ermənistan və Qarabağdakı  mənbələrin məlumatları ilə rahat şəkildə sübut etmək olar. Belə ki, 1989-cu il sovet dönəmində  aparılan əhalinin son siyahıya alınmasına görə Dağlıq Qarabağda yaşayan 189 min nəfərdən 145450 nəfərin erməni, 40688 nəfərin isə azərbaycanlı olduğu  göstərilirdi. Hərçənd bu rəqəmlər  o zaman da şübhəli hesab edilirdi.  Çünki 1959-1989-cu illərdə   həyata keçirilən 4 siyahıya alınma  statistikalarının müqayisəsi buna ciddi əsaslar verir. Həmin illərin siyahıya alınmasına görə bölgədə yaşayan erməni və azərbaycanlıların  sayı  aşağıdakı kimi olub:

 

Erməni

Azərbaycanlı

1959

110 min

18 min

1970

121 min

27 min

1979

123 min

37  min

1989

145.5 min

41 min

Cədvəldən göründüyü kimi azərbaycanlılara nisbətən  az uşaqlı ailəyə malik  ermənilərin sayı 1959-1979-cu illər arası 20 ildə cəmi 13 min nəfər artdığı halda, sonrakı 10 ildə- 1979-1989-cu illərdə 22.5 min nəfər artıb(?).  Belə bir ciddi  artımı ermənilərin bioloji  imkanlarının artması  ilə izah etmək mümkün deyil. Bundan əlavə Qarabağdan Ermənistana və ya digər yerlərə oxumağa gedən gənclərin böyük əksəriyyətinin geriyə qayıtmadığı gerçəklikliyi diqqətə alınarsa,  ortada  ciddi saxtakarlığın  olduğu aydın görünür.

Həmin müvafiq dövrlər üzrə 1959-1979-cu illərdə  azərbaycanlı əhalinin sayı18 mindən 37 minə qədər artdığı halda, 1979-dan 1989-cu ilə qədər artım cəmi 4 min nəfər olub (?). Baxmayaraq ki, həmin dövrdə yuxarı  Qarabağda  azərbaycanlılara qarşı diskriminasiya açıq şəkil almamışdı.  Rəqəmlərin müqayisəsindən çıxan nəticə onu göstərir ki, siyahıya alınmadakı saxtakarlıq ermənilərin  separatizmə hazırlığı ilə  bağlı olub. Belə ki, erməni separatçıları “artsax” dedikləri əraziyə yuxarı Qarabağdan başqa Ağcakənd (keçmiş Şaumyan kənd) ərazisini tam, Göygöl (keçmiş Xanlar) rayonunun ərazisinin bir hissəsini əlavə etdiklərindən orada yaşayan erməniləri də bu siyahıya əlavə etmişdilər. Yəni qeyd olunan 145500 nəfərin arasında 17 min nəfər Ağcakənd, 4000 nəfər Göygöl sakini və o dövr Xankəndi və Hadrutda olan Rusiya hərbi hissələrinin 1900 nəfərlik şəxsi heyəti də daxil edilib. Ərazidə yaşamış təxminən 2 min molokan və yunanlar nəzərə alındıqda həmin dövrdə  ermənilərin real sayı təxminən 120 min olmuşdur. Yəni adi riyazi hesablama ilə bunu isbat etmək olar:

 145500-17000 -4000-1900- 2500=120600  nəfər. Məhz münaqişə başlanan dövrdə  sovet rəsmi orqanları da ermənilərin sayının 120 min olduğunu bildirirdilər.

Ermənilərin məlumatına görə guya  2005-ci ildə yuxarı Qarabağda  əhalinin sayı 137737 nəfər olub. Baxmayaraq ki, ikinci Qarabağ savaşından fərqli olaraq birinci Qarabağ savaşında həlak olan minlərlə erməni silahlısının  əksəriyyəti, təxminən 5 min nəfəri bölgə sakini idi. Bu siyahıya 90-cı illərdəki savaşda  Qarabağdan, xüsusilə  Xankəndi və Ağdərədən  köçüb bir daha geri qayıtmayan 50 mindən çox ermənini də əlavə etsək, onda bu   rəqəmin saxta olduğu bir daha ortaya çıxır. Hətta bu siyahıdakı 137737 nəfərdən 16633 nəfərinin Suriya, Livan, Ermənistan və s. yerlərdən gətirilib Şuşa, Laçın, Kəlbəcərdə yerləşdirilənlər, o cümlədən ərazidə olan Ermənistan ordusunun  40 min nəfərlik şəxsi heyətinin olduğunu nəzərə alsaq, onda yuxarı Qarabağda ermənilərin sayı ilə necə manipulyasiya edildiyi aşkar görünər.

Bu fikri 90-cı illərin sonlarında   erməni mənbələri də təsdiq edir. Həmin mənbələr Qarabağda (işğal olunmuş Laçın, Kəlbəcər və digər ərazilərdə qeyri qanuni məskunlaşma daxil) yaşayanların 90 min olduğunu qeyd edirdilər. 2016-cı il aprel döyüşlərindən sonra bir çox erməni ekspertlər Qarabağda yaşayan əhalinin sayının 60-65 min olduğunu yazırdı.

Yəni 120600-50000 (bölgədən gedənlər-5000 (savaşda ölənlər)=65600 nəfər

Qeyd etdiyimiz kimi birinci Qarabağ savaşı zamanı Xankəndi daxil Ağdərənin bütün kəndləri, Hadrutun, Xocavəndin (Martuni), Əsgəranın xeyli kəndləri boşaldı və 1994-cü il atəşkəsindən sonra sakinlərin yalnız az bir hissəsi geri qayıtdı. Sonrakı illərdə də insanların bir qismi bölgəni tərk etmişdi.  

photo_42610.jpg (60 KB)

Məsələnin maraqlı tərəfi ermənilərin yaydığı  şişirdilmiş rəqəmin həm özləri, həm də beynəlxalq qurumlar tərəfindən vaxtaşırı ifşa olunmasıdır.  Belə ki 44 günlük savaş zamanı Əsgəranın, Ağdərənin və Xocavəndin bəzi kəndləri istisna olmaqla Xankəndi daxil bütün ərazilərdəki əhali bölgəni tərk etmiş, üç tərəfli bəyanat imzalanandan sonra Rusiya sülhməramlı kontingenti tərəfindən 2 aya ərzində onların geri qaytarılması prosesi həyata keçirilmişdi.  2021-ci ilin yanvarında  BMT-nin yaydığı hesabatda 25 min nəfərin, Rusiyanın məlumatında isə 53 min nəfərin  geri qaytarıldığı bildirildi  və erməni tərəfi bu rəqəmlərə etiraz etmədi. Rusiyanın Qarabağa qaytardığı 53 min nəfərin arasında Ermənistan vətəndaşı olaraq 44 günlük savaşda həlak olan öz yaxınlarının cənazələrini axtarmağa gələn minlərlə şəxs vardı. Həmin 53 min nəfərdən 21 min nəfəri bir müddət sonra Ermənistana geri döndü. Erməni tərəfi Hadrutu tərk edənlərin sayının 22 min olduğunu və  onlardan  400 nəfərin Qarabağda qalaraq Xocalıda yerləşdirildiyini  bildirirdi. Sadə hesabla 44 günlük savaşdan sonra Qarabağda qalan erməni əhalisinin sayı   65600-21600=44000 nəfər olub.

Bütün bu açıq mənbələrdəki məlumatlara baxmayaraq  son iki ildə  erməni tərəfi və havadarları dövriyyəyə 120 min rəqəmini buraxıb bu rəqəm üzərindən manipulyasiya etməyə başladı.  Bu rəqəmi də bölgəyə “xilaskar” kimi gələn, hazırda Azərbaycan həbsxanasında etdiyi cinayətlərə görə mühakimə olunan Ruben Vardanyan tirajlayıb, onların içində guya 30 min uşaq və 20 min hamilə qadın olduğu haqda absurd statistika ilə təbliğat apardı. Çox maraqlıdır ki, bu saxta statistika qısa müddətdə həm Ermənistan, həm də dünyanın istinad etdiyi rəqəmlərə çevrildi. Sanki mətbuatda  vahid senzura işləyir və bütün yazılarda 120 min rəqəminə istinad olunurdu. Bu təbliğatın məqsədi də aydın idi.

 Amma bu yalanı məhz erməni tərəfinin özü ifşa edib. Belə ki, 2021-ci ilin martında keçmiş xunta başçısı  Arayik Arutyunyan mətbuata açıqlamasında bölgədəki erməni əhalinin sayını dəqiq rəqəmlə ifadə etmişdi: “Ən böyük səhvimiz odur ki, imkan olmasına baxmayaraq, 13 iyun 1992-ci ildə Şaumyandan (Ağcakənd),  sonra Mardakertdən (Ağdərə), Əsgəran, Hadrut və Martuninin (Xocavəndin) kəndlərindən qovulan ermənilərin müdafiəsinə qalxıb, onlara şərait yaradıb yerləşdirə bilmədiyimiz üçün  50 mindən çox erməni Qarabağı tərk etdi. Hazırda Qarabağda yaşayanların sayının  200 min yox, 45 min olmasının  səbəblərindən biri budur ”.

On gün əvvəl Paşinyan Qarabağdan gələcək 40 min nəfərin yerləşdirilməsi  üçün hazırlıq görüldüyünü bəyan etməklə Arutyunyanın rəqəmini təsdiqləmiş oldu.

Bundan başqa bu günlərdə  Prezidentin xüsusi nümayəndəsi Elçin Əmirbəyov açıqlamasında Qarabağ bölgəsindəki erməni əhalinin sayının 50 min nəfər, bunlardan 10 min nəfərin Ermənistan ordusunun hərbçiləri olduğunu açıqladı. Bu hərbçilərin əksəriyyətinin ailəli olduğu da nəzərə alınmalıdır.

elcin.jpg (52 KB)

Bütün qeyd edilən bu rəqəmlərdən  aydın olur ki, son günlərə qədər Qarabağ bölgəsində yaşayan erməni əhalisinin sayı, Ermənistan hərbçiləri ilə birlikdə  40-45 min nəfər  olub.

Digər tərəfdən Laçın Sərhəd buraxılış məntəqəsinin buraxılış gücü, insanların və avtomobillərin  keçid müddətinin riyazi hesablanması da Ermənistan tərəfindən elan edilən 100490 nəfər rəqəminin  saxta  olduğunu isbat edir.

 Hazırda ABŞ və Fransanın başını çəkdiyi Qərb bloku bu mövzu üzərindən Azərbaycana təzyiq edərək hansısa “beynəlxalq mexanizmlər” adı altında erməniləri himayə adı altında bölgəyə yerləşərək suverenliyimizi məhdudlaşdırmağa cəhd etməyə çalışacaqlar. Bu məkrli plana qarşı saxta rəqəmlərin ifşası vacibdir.  İnanıram ki, dövlət qurumlarımızda həm Laçın SBM-də mövcud olan texniki vasitələrdən götürülən rəqəmlər və həm də Qarabağdakı xunta rejimində olan dəqiq  rəqəmlərə var. Məhz dəqiq rəqəmlərlə erməni saxtakarlığını ifşa edərək informasiya savaşını qazanmamız şərtdir.

Oktay Qasımov,
Politoloq
oqtay_qasimov.jpg (20 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR