İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağa dönmək istəyən ermənilərlə bağlı MÜHÜM AÇIQLAMA

“Avqustun 30-a olan məlumata görə, Qarabağdan gələn şəxslərin vətəndaşlığa qəbulu ilə bağlı 4300-dən çox müraciət daxil olub. 3000-ə yaxın şəxs Ermənistan prezidentinin sərəncamı ilə vətəndaşlıq alıb”.

Musavat.com-un erməni mediasına istinadən xəbərinə görə, bu barədə yerli parlamentin Dövlət Hüquq Komissiyasının iclasında Miqrasiya və Vətəndaşlıq Xidmətinin rəhbəri Armen Kazaryan məlumat verib.

“Burada mühüm bir hal nəzərə alınmalıdır. Azyaşlılar tərəfindən hələ ki, müraciət olunmayıb. Çünki bundan sonrakı proses valideynlərin pasportlarının dəyişdirilməsi ilə bağlıdır”, - deyə erməni rəsmisi bildirib.

Onun sözlərinə görə, Ermənistanda vətəndaşlığın verilməsi prosesi təqribən 4 ay çəkdiyi halda Qarabağ erməniləri üçün bu müddət 2 aydır.

AKİF.jpg (127 KB)

Azad Vətən Partiyasının sədri Akif Nağı Musavat.com-a bildirib ki, Qarabağdan gedən ermənilərlə bağlı Ermənistan rəhbərliyinin mövqeyi aydındır.

Partiya sədri baş nazir Nikol Paşinyanın açıqlamasını xatırladıb:

“Paşinyan ermənilərin Qarabağa qayıtmasının real olmadığını bildirdi. Eyni zamanda əlavə etdi ki, onların Ermənistanda qalıb vətəndaşlıq almaları daha məqsəduyğundur. Ermənistan rəhbərliyinin mövqeyi bundan ibarətdir. Amma prosesin qarşısını ala bilmirlər. Ermənilərin xeyli hissəsi yaxşı yaşayış üçün Ermənistanı tərk edib başqa ölkələrə köçür. Ümumiyyətlə, ermənilər üçün vətən anlayışı yoxdur. Onlar üçün Qarabağ da vətən olmayıb, Ermənistan da vətən deyil, ora da Azərbaycan torpaqlarıdır. Paşinyan sadəcə olaraq prosesin qarşısını almaq, ermənilərin heç olmasa müəyyən hissəsini Ermənistanda saxlamaq istəyir ki, müəyyən bəyanatlar verməklə, aksiya keçirməklə və s. yollarla vaxtaşırı Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etsin”.

A.Nağı Qarabağdan köçən ermənilərlə Ermənistan rəhbərliyi arasında fikir ayrılığının olduğuna diqqət çəkib:

“Paşinyan deyir ki, ermənilərin Qarabağa dönməsi real deyil, hərbi cinayətkar rəhbər Samvel Şahramanyan isə deyir ki, bu haqda düşünmək lazımdır, onlara xüsusi beynəlxalq səviyyədə təhlükəsizlik təminatı verilməlidir. Yəni oyun oynayırlar. Böyük ehtimalla Şahramanyan həm Paşinyanın oyununu oynayır, həm də xaricdəki müəyyən mərkəzlərin sifarişlərini yerinə yetirir. İstənilən halda ermənilərin Ermənistanda vətəndaşlıq alıb-almaması onların daxili işidir.

Fikrimcə, Paşinyan demək istəyir ki, Ermənistan vətəndaşlığı aldıqları təqdirdə ermənilərin Qarabağa qayıdışı qeyri-mümkündür. Azərbaycanın mövqeyi isə aydındır. Hərbi canilərin Azərbaycanda təhlükə mənbəyi kimi qalması məqsədəuyğun deyil. Son 100 ildə bizə qarşı dəfələrlə xəyanət ediblər, təşkilatlar yaradıblar, üsyan ediblər. Beynəlxalq təşkilatlar, müəyyən böyük dövlətlər də ermənilərin Azərbaycana qayıtması üçün çalışırlar. Ermənilər öz əməlləri ilə geri qayıtmaq hüququnu itiriblər. Azərbaycan dövləti isə bütün hüquqi normalara əməl edir, dövlətimizin qanunlarını qəbul etdikləri halda qayıdıb gələ bilərlər, amma cinayət törədənlər hüquq-mühafizə orqanları qarşısında cavab verəcəklər.

Görünür, bu şərt onları qane etmir, çünki onların əksəriyyəti azərbaycanlılara qarşı cinayətlərdə iştirak ediblər. Ümumiyyətlə, bu prosesdə bəzi dövlətlərin maraqlı olduğu görünür. Azərbaycan öz mövqeyindən çəkilməyəcək. Ermənilərdən Azərbaycan əleyhinə istifadə etmək istəyənlər niyyətlərinə çatmayacaqlar”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR