Onlayn ictimai-siyasi qəzet
İllərdir həsrətlə gözlədiyimiz Qarabağımızın artıq dirçəldiyini görmək necə qürurverici hissdir. Bir zamanlar Xankəndi Universiteti kimi tanınan, neçə-neçə akademiki, alimi, müəllimi yetişdirən universitet, bu gün Qarabağ Universiteti kimi küllərindən doğularaq ilk tələbələrini qəbul edir.
Musavat.com xəbər verir ki, "azedu.az"a danışan Səma Əzimli Yardımlı rayonu Bozayran kənd tam orta məktəbinin məzunudur. O, bu il ali məktəblərə qəbul imtahanında 625,9 bal toplayaraq Qarabağ Universitetinin Hüquqşünaslıq ixtisasına qəbul olub.
Səma bildirir ki, onun arzusu Qarabağda prokuror olmaqdır:
“Mənim uşaqlıq arzum hüquq üzrə təhsil almaq idi. Qarabağ Universiteti yaranmamışdan əvvəl Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında oxumaq istəyirdim. Ora mənə cəlbedici gəlirdi, amma Qarabağ Universiteti yaranandan sonra artıq orada təhsil almağı qarşıma hədəf kimi qoydum.
Düşünürəm ki, Yardımlıdan Bakıya getməklə, Qarabağa getmək eyni məsafə uzaqlıqdadır. Məhz Qarabağda oxumaq xəyalım olduğu üçün ailəm də mənə dəstək oldu. 6-cı sinifdən bəri baxdığım filmlərdə hüquqşünas obrazı mənim idealıma çevirilmişdi. Nəhayət idealım özüm oldum. Məqsədim Qarabağda prokuror olmaqdır. Zənnimcə Qarabağ ərazisində işləmək daha məqsədəuyğundur. Çünki oranın hər sahədə irəliləyəcəyinə əminəm.
Uşaqlıqdan Qarabağı düşmən tapdağı altında olduğu üçün, hər zaman fərqli təsəvvür etmişəm. Təbii ki, ayrılmaz torpaqlarımızın geri qaytarılması həddən artıq qürurvericidir. Sözün düzü, mən Qarabağda təhsil alacağımı təsəvvür etmirdim. Lakin gözlənilməz də olsa, şəhid qanı ilə xilas edilmiş torpaqlarda ali təhsil alacağımı bilmək, həm sevindirici, həm də qürurvericidir".
O, qeyd edir ki, yüksək ballı olsa belə, balların artımından çox qorxurdu:
“Çox həyəcanlı idim. Balların artacağından ehtiyat edirdim, amma keçid balını kifayət qədər keçdiyimi görəndən sonra rahatladım. Qəbul cavablarım çıxanda necə sevindiyimi sizə sözlə ifadə edə bilmərəm. İllərdir həsrətlə gözlədiyim an məhz o an idi. Valideynlərimin, özümün sevincimi həmişə təsəvvürümdə canlandırırdım.
Qəbul nəticəm açıqlananda ilk dəfə özüm gördüm, valideynlərim yanımda olduğu üçün dərhal onlara da sevincimdən pay verdim”.
“Yüksək bal toplamağın tək sirri yoldan geri dönməməkdir”-deyə Qarabağın tələbəsi qeyd edib:
“Mənim hazırlaşdığım III ixtisas qrupu çox çətin və ağırdır. Mənə görə bu qrupa hazırlaşmaq çox məsuliyyət tələb edir. III ixtisas qrupu üzrə hazırlaşanlar yorulmadan çalışmalı, əsla vazkeçməməlidirlər”.
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ