Onlayn ictimai-siyasi qəzet
"Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayının qonağı prodüser İdris Cəfərovdur. Prodüser yaşadığı paranormal hadisələrdən bəhs edib:
"Mənim 2007-2013-cü illərdə fəaliyyət göstərən bir restoranım var idi. Belə bir hadisə baş verirdi: bir az pul yığılan kimi nəsə olurdu, mütləq o pul harasa xərclənirdi. Həmin dövrdə bir xanımla münasibətimiz var idi. Dedi ki, bir falçı var, yaşlı xanımdır. Qoy gəlsin, baxsın, görək, bunun səbəbi nədir. Baxıcı qadın dedi ki, burada çox ağır enerji var, çoxlu çirkli pullar və ruhu rahatlıq tapmayan insan ruhu görürəm. Sonra mənə yaxın zamanlarda başqa bir ölkəyə köçəcəyimi dedi. Xanım mənə utopik proqnozlar verdi və bunlar məndə sadəcə gülüş doğurdu. Sonra qonşulardan bu restoranda əvvəllər nə baş verdiyini soruşmağa başladım. Dedilər ki, bura bir rəssamın evi olub. Bu rəssam alkoqollu içkiyə meyilli idi, onu vadar ediblər ki, evini satsın. Rəssam da özünü orada öldürüb. Gecələr biz həmin yerdə olanda işıq yanıb-sönürdü, qapı bağlanırdı, kimsə guya o biri otaqda gəzirdi. Belə hallarla rastlaşırdıq".
Prodüser falçının dediklərinin sonradan gerçəkləşdiyini qeyd edib:
"Falçının dediyi qara pullar o idi ki, mən həmin yeri götürməmişdən öncə orada mərc oyunları keçirilirdi. Sonra mən Azərbaycandan Avropaya getdim, 10 ilə yaxın Ukraynada yaşadım və həyatım uğurlu oldu".
İ.Cəfərov vaxtilə prodüseri olduğu Hüseyn Dəryadan da söz açıb. O, mərhum reperin üstün və zəif cəhətlərindən danışıb:
"Hüseyn Dəryanın ən üstün cəhəti xarizmasının olması idi. O olan ortamda on nəfər otursun, söhbət etsin, yeni insan otağa daxil olanda istər-istəməz H.Dərya onun diqqətini çəkirdi və bunu süni şəkildə etmirdi. Hüseyn Dərya ulduz doğulmuşdu. Özü barədə çox yüksək fikirlərə malik idi. Çatışmayan cəhəti isə yəqin ki, iradəsinin zəif olması idi. Özünü pik nöqtəyə qoyurdu, həmin zirvədən aşağı düşüb adi insanları təəccübləndirməyi çox xoşlayırdı. Mən ona izah edirdim ki, belə olmaz, əlçatmazlıq qorunub saxlanmalıdır, sən adiləşirsən. Pik çox təhlükəli bir nöqtədir, çünki oradan artıq inkişaf yoxdur və insan istənilən halda həmin nöqtədə üzüaşağı baxmağa başlayır".
Ətraflı Baku TV-nin süjetində:
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ