İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Avropa Şurasına şərtlərini sərtləşdirdi

Ölkə rəhbəri Avropa Məhkəməsinin çıxardığı qərarların icra edilməyəcəyini dedi; hüquqşünas deyir ki...

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyası bu həftə Strasburqda öz işinə başlayıb. AŞ PA-da fəaliyyətini bir il iki aydır dayandırmaq məcburiyyətində qalan Azərbaycan parlamentinin nümayəndə heyəti bu qurumla əlaqələri bərpa etməyi hələ düşünmür. Ötən ilin yanvarında AŞ PA Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməyib, buna qarşılıq olaraq, nümayəndə heyəti də bu qurumdakı fəaliyyətini qeyri-müəyyən müddətə dayandırdığını bəyan edib.

Amma  Azərbaycan orada olmadığı halda, son qış sessiyasında da yenə ölkəmiz ittihamlara və əsassız  hücumlara məruz qaldı. Rəsmi Bakı hesab edir ki, AŞ PA bu böhtan və ikili standartlar siyasətindən əl çəkməlidir.

“Azərbaycan Avropa Məhkəməsinin çıxardığı qərarları icra etməyəcək”.

Bunu aprelin 9-da Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda çıxışı zamanı deyib.

Dövlət başçısı bunun səbəbini Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması ilə izah edib.

“Nümayəndə heyəti assambleyanın iclaslarında iştirak etməsə və Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) hakimlərinin seçilməsinə səs verə bilməsə, bu məhkəmənin Azərbaycanla bağlı çıxardığı qərarlar etibarsız sayılacaq. Biz səsvermə hüququndan məhrumuq. Biz bu hakimlərə səs verməmişik və onların kim olduğunu da bilmirik”, - İ. Əliyev qeyd edib. 

Qeyd edək ki, Prezident bundan əvvəl də ölkəmizin Avropa Şurasından tamamilə çıxa biləcəyi barədə xəbərdarlıq etmişdi. 

Amma Avropa Şurasının insan haqları üzrə komissarı Maykl O’Flaherti AŞ PA-nın yaz sessiyasında da anti-Azərbaycan mövqe sərgiləyib. O, Bakıda məhkəməsi gedən xuntaçılarla bağlı danışıb. Komissar deyib ki, məhkəməni diqqətdə izləyir. O, AŞ PA adından qeyd edib ki, regionda hər bir insanın hüquqlarına diqqət yetirmək, eləcə də Qarabağa qayıtmaq istəyənlərin qayıdışını təmin etmək lazımdır.

Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarətə məsuldur. Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin təsir dairəsindədir.

Deputat Kamran Bayramov “Yeni Müsavat”a deyib ki, Prezident İlham Əliyev beynəlxalq forumda Avropa Şurası ilə bağlı Azərbaycanın gələcək mövqeyini aydın şəkildə ifadə edib, AİHM-də hakimlərin seçilməsində iştirak etmədikləri təqdirdə, bu məhkəmənin Azərbaycanla bağlı   çıxardığı qərarların etibarsız sayılacağını vurğulayıb. Deputat xüsusilə qeyd edib ki, 30 ilə yaxın bir dövrdə Azərbaycanın 20 faiz ərazisi Ermənistan tərəfindən işğalda saxlanılıb. Avropa təsisatlarının Fransa, Lüksemburq, İsveçrə kimi bir sıra dövlətləri isə Ermənistanın işğal, təcavüz siyasətinə, ərazimizdə erməni separatizminə birbaşa və dolayı yollarla dəstək veriblər: “Baxmayaraq ki, Avropa Şurasının və Avropa İttifaqının nizamnamələrində, Avropa ölkələrinin daha sıx birliyinə ehtiyac duyulduğu, Avropa Konvensiyasında isə əsas məqsədin onun üzvləri arasında daha böyük birliyə nail olmaqdan ibarət olduğu bəyan edilir. Azərbaycanın ötən illər ərzində bu qurumlardan faktiki işğal və təcavüz faktı ilə bağlı qətiyyətli mövqe görməyib. Baxmayaraq ki, məsələn, AŞ PA özü bir neçə dəfə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə istinad etmiş, bununla da işğal faktını tanımışdı. Amma nə Avropa Şurası, nə qurumun Parlament Assambleyası, nə Avropa Parlamenti bu məsələ ilə bağlı nəinki ədalətli mövqe tutdu, əksinə, Ermənistanın işğalçı olması ilə bağlı,  ümumiyyətlə, danışmamağa üstünlük verdi”.

Kamran Bayramov: "Bələdiyyələrin dayanıqlı maliyyə mənbələri olmalıdır"

Kamran Bayramov

K.Bayramov diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsi və bir günlük lokal antiterror tədbirlərindən sonra Avropa təsisatları əsassız şəkildə Azərbaycanı “etnik təmizləmə” siyasəti həyata keçirən ölkə kimi təqdim etməkdə davam edirlər: "Ermənistana ardıcıl maliyyə və humanitar yardımın göstərilməsi, silahlandırılması istiqamətində atılan addımlar, Nikol Paşinyan başda olmaqla, Ermənistan rəsmilərinə edilən siyasi reveranslar Qərbin ikiüzlülüyünə, ikili standartlarına və riyakarlığına heç bir şübhə yeri qoymur. Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən tətbiq edilən ikili standartlar Azərbaycanın beynəlxalq münasibətlərdə daha sərt və prinsipial mövqe tutmasına səbəb olur. Bu vəziyyət ölkəmizin müstəqil xarici siyasətini gücləndirir və Azərbaycanın öz milli maraqlarını qoruma yolunda daha qərarlı addımlar atmasına şərait yaradır. Azərbaycanın Avropa Şurası ilə əlaqələrindəki bu cür problemlər, eyni zamanda, ölkənin beynəlxalq hüquq və ədalət prinsiplərinə sadiq qalaraq, hər zaman öz suverenliyini müdafiə etməyə davam edəcəyini nümayiş etdirir. Nəticə etibarilə, Azərbaycan ikili standartların və ədalətsiz yanaşmaların qarşısında öz hüquqlarını daha da güclü şəkildə qorumağa, öz müstəqilliyini və beynəlxalq mövqeyini daha da möhkəmləndirməyə davam edəcək”.

Çingiz Qənizadə: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi  partiyasıdır - AZƏRTAC

Çingiz Qənizadə

Tanınmış hüquqşünas Çingiz Qənizadə deyir ki, Azərbaycan nümayəndə heyəti AŞ PA-da  iştirak etmədiyi halda  Avropa İnsan Haqları Məhkəməsinin çıxardığı qərarları nə üçün tanımalıdır: "Mən vaxtilə nümayəndə heyətimizin tərkibində AŞ PA-da olarkən, ekspert qismində iştirak edərkən orada bəzi deputatların fəaliyyətini görmüşəm. Onlarla bəzi müzakirələr aparmışıq. Onlara nəyisə sübut etmək çox çətin olub. Onlar bir neçə mənbədən informasiyanı alıb-onları maliyyələşdirən mənbələrdən-mövqe nümayiş etdirirlər. Bu da AŞ PA-nın imicinə ciddi zərbə vurur. Həyazıscasına ölkəmiz əleyhinə qərar verməkdən çəkinmirlər. Onlar min kilometrlərlə uzaqdan başqa fikirlər səsləndirirlər. Bakıda mühakimə olunan erməni separatçılarının fikirləri bir kənarda qalıb, fərziyyələrlə fikirlər irəli sürürlər. Eyni zamanda ermənilərin geri qayıdışları ilə bağlı məsələlər bunları narahat edir. Bəs 30 il müddətində məcburi köçkün həyatı sayan azərbaycanlıların müraciətinə niyə baxılmırdı? Yaxşı xatırlayıram, bir dəfə AŞ PA-nın hüquq komitəsində Krımla bağlı məsələ müzakirə ediləndə Qarabağla bağlı məsələni gündəmə gətirmək istədim. Dərhal da komitə sədri qeyd etdi ki, bu məsələ ilə ATƏT-in Minsk Qrupu məşğul olur. O zaman indi siz kimsiniz ki, burada mühakimə olunan ermənilərin məsələsini və digər məsələləri səsləndirirsiz? Bütün bunlarla bir daha AŞ PA göstərir ki, Azərbaycana olan münasibəti dəyişməyib. Qərəzli olduqları açıq görünür. Erməni lobbisinin təsiri altında maliyyələşən AŞ PA-nın üzvü olan deputatlar hələ də Azərbaycana qarşı çirkin qarayaxma kampaniyasından istifadə edirlər. Belə hesab edirəm ki, Azərbaycan AŞ PA-ya qarşı münasibətdə çox haqlı mövqedədir. Gələcəkdə nə baş verəcəyini görəcəyik. Bu baxımdan da hesab edirəm ki, baş verən hadisələrdə günah AŞ PA-nın öz üzərinə düşür".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR