İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkian BMT tribunasından Rusiyaya “təcavüzkar” dedi

Gərginlik, yoxsa sanksiylardan xilas olmaq taktikası?

“Biz dialoq və danışıqlar üçün avropalılar və amerikalılarla danışıqlar masasına oturmağa hazırıq. Biz heç vaxt Rusiyanın Ukrayna ərazisinə təcavüzünü bəyənməmişik”. İranın yeni prezidenti Məsud Pezeşkiyan Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxış edərkən bildirib. O deyib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı Qərblə danışıqlar aparmağa çalışır. Pezeşkian İranın Rusiyaya ballistik raketlər ötürdüyü barədə məlumatları təkzib edib.

İran prezidentinin Rusiyanı faktiki olaraq təcavüzkar adlandırması və Qərbə isti mesajlar göndərməsi dünya mediasında müzakirələrə, suallara yol açıb. Bir sıra siyasi təhlilçilər hesab edir ki, bu bəyanat, xüsusilə Rusiyanın faktiki olaraq təcavüzkar adlandırılması İranla Rusiya arasında çox ciddi problemlərin yaşanmasından xəbər verir. Bir sıra analitiklər isə bu fikirdədir ki, iki dövlət arasında müəyyən məsələlərdə problemlər, fikir ayrılıqları olsa da Prezident Pezeşkianın bəyanatında hədəf İrana qarşı sanksiyaların aradan qaldırılmasına nail olmaqdır.

Abutalıb Səmədov: Dünya ictimaiyyəti bir daha Azərbaycan-Türkiyə  qardaşlığının şahidi oldu

Abutalıb Səmədov

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, əslində İran prezidentinin bu bəyanatı Rusiya ilə bağlı yaranan problemlərlə əlaqəli deyil. Baxmayaraq ki, Zəngəzur dəhlizi məsələsi ilə əlaqədar İranla Rusiya arasında çox ciddi problem var. İş o yerə gəldi çıxdı ki, İslam İnqilabı Keşikçiləri Korpusu təqribən bir həftə bundan əvvəl Rusiyanı müharibə ilə hədələdi. SEPAH “Əgər Rusiya, Türkiyə və Azərbaycan Zəngəzur dəhlizini güclə açmağa cəhd göstərsələr, İran onlara qarşı diplomatik və hərbi müqavimət göstərəcək” bəyanatı ilə çıxış elədi. Ancaq Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bundan sonra İrana səfər elədi və İranın mövqeyi ilə razılaşdıqlarını bildirdi. Nə dərəcədə razılaşıblar, ona baxmaq lazımdır: “Ancaq prezident Məsud Pezeşkianın bu bəyanatı, mən güman edirəm ki, hansısa narazılıqla bağlı deyil. Çünki artıq Rusiya Xarici İşlər Nazirliyi də bəyan elədi ki, strateji tərəfdaşlıq haqqında müqavilə hazırdır və onu imzalamaq olar. İran və Rusiya strateji tərəfdaşlıq haqqında müqavilə imzalamağa hazırlaşırlar. Ancaq İran prezidenti və İran rəhbərliyi görür ki, Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsi və təcavüzün pislənməsi Rusiya ilə münasibətlərdə heç bir problem yaratmır. Türkiyə də bu cür mövqe tutur, Azərbaycan da bu cür mövqe tutur. Güman edirəm ki, İran prezidentinin verdiyi o bəyanatın kökündə dayanan əsas məsələ nəyin bahasına olursa-olsun İrana qarşı sanksiyaların götürülməsinə nail olmaqdır. Hətta nüvə silahının istehsalından da imtina etməyə hazırdırlar. Ancaq bir şərtlə ki, sanksiyalar götürülsün. İranın əsas məqsədi budur. Görünür, sanksiyalar İran iqtisadiyyatına o qədər problemlər yaradıb ki, nəyin bahasına olur-olsun bu sanksiyaların götürülməsinə çalışırlar. İran prezidenti də sanksiya tətbiq edənlərin xoşuna gəlmək üçün bu cür bəyanatla çıxış edir”.

Ekspert güman edir ki, İranın Rusiya ilə münasibətləri əvvəlki qaydada davam edəcək: “İran-Rusiya münasibətlərinin birdən-birə pozulması təbii ki, mümkün deyil. Lakin tədricən gedən proseslər nə vaxtsa buna gətirib çıxara bilər. Bu gün isə zaman o zaman deyil. Hələlik Rusiya-İran münasibətləri olduğu kimi davam eləyəcək. Ola bilsin ki, silah məsələsində İran ehtiyatlı davransın və bir müddət Rusiyaya silah verməkdən imtina eləsin. Əslinə qalsa, Rusiya özü kifayət qədər pilotsuz uçuş aparatı istehsal edir. Təxminən ildə 1 milyon 200 min ədəd səviyyəsində PUA istehsal etmək imkanına malikdir. Mərmi istehsalında da çox böyük inkişafa nail olub, raketlər məsələsində hələlik Şimali Koreyadan kifayət qədər faydalanır. Yəni İran silahı olmadan da Rusiya keçinə bilər. Və İran da bunu başa düşdüyündən Qərblə münasibətləri sahmana salmağa, dil tapmağa çalışır. Əsas hədəf sanksiyaların götürülməsidir. Buna nail olub-olmayacağını gələcək gsötərəcək”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR