Onlayn ictimai-siyasi qəzet
Fay xətlərinin kəsişdiyi ərazidə yerləşən Türkiyə zəlzələ riski ilə qarşı-qarşıya olan bir ölkədir. Ancaq Türkiyənin “Zəlzələ Təhlükə Xəritəsi”nə əsasən, bəzi şəhərlər daha təhlükəsiz sayılır.
Musavat.com “Haber Global”a istinadən zəlzələ riski baxımından Türkiyənin ən təhlükəsiz şəhərlərini öz oxucularına təqdim edir:
KARAMAN
Beşinci dərəcəli risk zonasında yerləşən Karaman Türkiyənin ən təhlükəsiz şəhərlərindən biridir.
KONYA
İç Anadolu bölgəsinin geniş düzənliklərinə sahib Konya şəhərinin bəzi yerləri birinci dərəcəli risk zonasına daxil olsa da, əksər hissəsi dördüncü və beşinci dərəcəli, yəni daha təhlükəsiz zonalarda yerləşir.
NİĞDE
Tamamilə aşağı riskli ərazidə yerləşən Niğde xüsusilə Altunhisar bölgəsi ilə beşinci dərəcə riski daşıyan Türkiyənin ən etibarlı yaşayış məntəqələrindən biri sayılır.
KIRŞEHİR
Bir zamanlar yüksək riskli ərazi kimi tanınan Kırşehir yeni xəritəyə əsasən, artıq ən təhlükəsiz şəhərlər sırasında yer alır.
KIRIKKALE
Fay xətlərindən uzaqda yerləşən Kırıkkale şəhəri, xüsusilə Delice rayonundan başqa, ümumilikdə aşağı seysmik aktivliyə malikdir.
SİNOP
Sinop Türkiyənin ən az zəlzələ riski olan şəhərlərindəndir. Yalnız Boyabat və ətrafı müəyyən ehtiyat tələb edə bilər.
TRABZON və RİZE
Trabzon və Rize şəhərləri də əsasən aşağı zəlzələ riski daşıyır. Of, Maçka, Araklı kimi bölgələr həm təbiət gözəllikləri, həm də təhlükəsizliyi ilə seçilir.
MARDİN
Orta səviyyəli risk daşısa da, bir çox bölgəsi təhlükəsiz sayılan Mardin xüsusilə Mazıdağı və Kızıltepe rayonları ilə həm tarixi, həm də seysmik baxımdan diqqət çəkir.
NEVŞEHİR
Kapadokyanın ürəyi olan Nevşehir şəhəri dördüncü dərəcə risk zonasına daxildir və nisbətən təhlükəsiz hesab olunur.
ANTALYA
Türkiyənin ən populyar turizm bölgəsi olan Antalya sahil hissələrində daha yüksək risk daşısa da, daxili bölgələri daha etibarlıdır. Xüsusilə Kaş kimi zəlzələ aktivliyi aşağı olan ərazilər üstünlük təşkil edir.
ƏDİRNƏ
Tarix və təbiətin qovuşduğu Ədirnə dördüncü dərəcəli risk zonasında yerləşir və Marmara bölgəsinin digər şəhərləri ilə müqayisədə daha təhlükəsiz hesab olunur.
SİİRT
Tarixən ciddi zəlzələ yaşamayan Siirt seysmik baxımdan sakit şəhərlər sırasındadır. 1884-cü ildəki zəlzələdən bu yana ciddi seysmik aktivlik müşahidə olunmayıb.
YOZGAT
İç Anadolu bölgəsinin mərkəzində yerləşən Yozgat aktiv fay xətlərinə malik olmayan nadir şəhərlərdən biridir.
Bunlardan əlavə, Bartın, Artvin, Giresun, Zonguldak, Aksaray, Gümüşhane və Samsun kimi şəhərlər də nisbətən aşağı zəlzələ riski daşıyan bölgələr sırasındadır.
İqbal RZAYEV,
Musavat.com
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ