İnsanlara hürriyət, millətlərə istiqlal!

Kəşmirdə qan, İndusda böhran - Hindistan və Pakistanın toqquşma ehtimalı artır  

 

“Cammu və Kəşmirin Hindistanın nəzarətində olan hissəsində 26 nəfərin həlak olduğu terror aktından sonra rəsmi Dehli Pakistan səfirliyinin müdafiə, hərbi dəniz və hərbi hava qüvvələri üzrə məsləhətçilərini "persona non-qrata" elan edib. Rəsmi Dehli, həmçinin Pakistanla sərhəddəki əsas "Atari" keçid məntəqəsini də bağlayıb. Bütün bunlara cavab olaraq isə Pakistan öz ordusunu yüksək döyüş hazırlığına gətirib. Baş vermiş hadisəyə görə məsuliyyəti "Kəşmir Dirənişi" adlı yerli militan qrupu öz üzərinə götürüb. Ancaq Hindistan tərəfi hadisəyə görə Pakistanda olan Lashkar-e-Taiba və Hizbul Mücahiddin kimi islamçı qrupları ittiham edir. Görünən odur ki, Hindistan bu qruplara qarşı əməliyyat keçirmək adı ilə Pakistana müdaxilə etməyə hazırlaşır”.

Musavat.com bildirir ki, bu fikirləri politoloq Zeynal Əmrəliyev deyib.

Politoloqun fikrincə, Dehlinin bu varianta əl atacağını Pakistanla diplomatik münasibətləri kəsməsi, 1960-cı ildən bəri qüvvədə olan İndus Su Anlaşmasını ləğv etməsi sübut edir:

“Bu anlaşmanın ləğv edilməsi məsələnin əsl mahiyyətini də üzə çıxarır. 1960-cı ildə Dünya Bankının vasitəçiliyi ilə imzalanmış bu müqaviləyə görə 6 böyük çaydan ibarət olan İndus çay sistemi iki dövlət arasında bölüşdürülüb. Son zamanlar Hindistanın Pakistanla sərhəd bölgələrində ciddi su çatışmazlığı meydana çıxır. Hindistan öz ərazisində olan Ravi, Beas və Sutlej çaylarından istədiyi kimi istifadə edib. Hazırda quraqlıq səbəbindən bu çaylarda suyun miqdarı kəskin aşağı düşüb. Son zamanlar Hindistanın qərb vilayətlərində ciddi su çatışmazlığından əkin sahələrinin kütləvi tələf olması halları qeydə alınıb. Bu, Modi hökumətini ciddi narahat edir.

Dehli İslamabaddan bu məqsədlə bağlı yardım istəmiş, Pakistan hökuməti isə İndus, Chelum və Chelab çaylarından müəyyən olunmuş miqdarda istifadə ilə bağlı Hindistana icazə vermişdi. Lakin Hindistanın öz daxilində hərbi müdaxilə edilərək İndus çay sisteminin tamamilə nəzarət altına alınması ilə bağlı çağırışlar səngimir. Ötən illərdə Hindistan bu çayların yaxınlığında su bəndləri və hidroelektrik stansiyalar inşa etmişdi. Dehlidən verilən açıqlamaya baxmayaraq, bu razılaşmanın birtərəfli ləğvi mümkün deyil. Çünki müqavilənin özündə bu sənədin ləğv edilməsi və etibarlılıq müddəti ilə bağlı heç bir maddə yoxdur. Eyni zamanda Dünya Bankı müqavilədə vasitəçi, BMT isə nəzarətçi kimi iştirak edir”.

Politoloq qeyd edir ki, Hindistanın İndus çay sistemini tamamilə ələ keçirməsi iki böyük riski özündə gətirəcək:

“Birincisi, bu, Pakistanda ciddi humanitar böhran yarada bilər. Hazırda milyonlarla pakistanlı məhz bu sulardan istifadə edir. Bu hadisə humanitar böhranla bərabər, Cənubi Asiyada ciddi şəkildə ekoloji problemlərin də yaranmasına səbəb olacaq. İkinci ciddi problem isə bu razılaşma hazırda BMT-nin su problemi ilə bağlı istinad etdiyi əsas hüquqi sənəddir. İndus Su Razılaşması su qıtlığı olan bir çox bölgədə su məsələsinə dair dövlətlərarası mübahisələrin həllində nümunə rolunu oynayır. Müqavilənin pozulması digər ərazilərdə də su müharibələrinin başlanmasına səbəb ola bilər.

Hazırda Cənubi Asiyanın iki nüvə gücü su problemini çözmək üçün qarşı-qarşıya gəlib. Pakistan dövləti Hindistanın ədalətsiz yanaşması qarşısında özünü müdafiə etmək üçün bütün imkanlarını səfərbər edib”.

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR