Onlayn ictimai-siyasi qəzet
Bir neçə gündür Türkiyədə baş verən zəlzələlər yenidən insanlarda bu mövzunu gündəmə gətirib. İstanbulda 6,2 bal gücündə baş verən zəlzələdən saniyələr əvvəl bir çox "Android" telefon istifadəçisi ekranlarında "Yaxınlıqda Zəlzələ" başlıqlı bildirişlər alıb.
Milli.Az xəbər verir ki, bu sistem istifadəçilərə zəlzələdən təxminən 5-10 saniyə əvvəl xəbərdarlıq göndərə bilir.
Bu xəbərdarlıq necə işləyir?
"Google"un təqdim etdiyi sistem "Android" əməliyyat sistemli telefonların daxilində yerləşən akselerometr sensorları vasitəsilə zəlzələ dalğalarını hiss edir. Həmin an məlumatlar toplanaraq zəlzələnin episentrini müəyyənləşdirir və yaxınlıqdakı istifadəçilərə dərhal xəbərdarlıq göndərilir. Bu texnologiya saniyələr içində işlədiyi üçün insanlara təxliyə və müdafiə üçün vacib vaxt qazandırır.
Sistem yalnız 4,5 və daha yüksək gücə malik zəlzələlərdə aktivləşir və tamamilə pulsuzdur. İstifadəçilərin bu xidmətdən yararlanması üçün telefonun internetə qoşulu olması, yer və bildiriş ayarlarının aktiv olması kifayətdir.
Apple istifadəçiləri üçün alternativ varmı?
Təəssüf ki, hazırda iOS əməliyyat sistemi üçün bu cür avtomatik və sistemə inteqrasiya olunmuş xəbərdarlıq xidməti mövcud deyil. Lakin bəzi pullu və ya pulsuz tətbiqlər istifadəçilərə zəlzələdən sonra vəziyyəti izləmək və məlumat almaq imkanı təqdim edir.
Zəlzələyə qarşı telefonunuzu necə hazırlaya bilərsiniz?
"Android" telefon istifadəçiləri aşağıdakı addımları izləyərək xəbərdarlıqları aktivləşdirə bilərlər:
Parametrlər bölməsinə keçin.
Yer (Location) bölməsini açın.
Buradan Zəlzələ Xəbərdarlıqları (Earthquake Alerts) bölməsini tapın.
Bu funksiyanın aktiv olduğundan əmin olun.
Zəlzələyə qarşı vaxtında xəbərdarlıq həyati əhəmiyyət daşıyır. Buna görə də smartfon istifadəçilərinə tövsiyə olunur ki, bu funksiyaları yoxlasın və ehtiyac olduqda uyğun tətbiqlərlə cihazlarını təchiz etsinlər.
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ