Onlayn ictimai-siyasi qəzet
“Qarabağ söhbətləri” kitabının müəllifi, Qarabağ probleminə dair yüzlərlə yazı yazmış şuşalı Hikmət Sabiroğlunun məhkəmədəki çıxışı tarixi çıxışdır.
Yazıçı, jurnalist Fəxri Uğurlu Medianews.az-a açıqlamasında belə deyib.
O bildirib ki, Hikmət Sabiroğlunun aprelin 24-də Bakı Hərbi Məhkəməsindəki çıxışını erməni mətbuatı da tərcümə eləyib yaysa, çox yaxşı olar: “Çünki Hikmət Sabiroğlu bir obyektiv jurnalist kimi tək Azərbaycan xalqının dərdini dilə gətirməyib, erməni xalqının da faciəsini ifadə eləyib və göstərib ki, müharibə heç kimə fayda vermədi, əksinə, son məqamda ermənilər də yerindən-yurdundan oldu, puç ideyalar üstündə qurulmuş erməni siyasəti nəzəriyyədə də, təcrübədə də iflasa uğradı”.
Xatırladaq ki, tanınmış jurnalist Hikmət Sabiroğlu Azərbaycana qarşı ağır cinayətlər törətməkdə təqsirləndirilən separatçılar Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutunyan, David İşxanyan, David Babayan, Levon Mnasakanyan, David Manukyan və başqalarının Bakıda keçirilən mühakiməsində zərərçəkən kimi ifadə verib.
Bir müddətdir Bakı Hərbi Məhkəməsində davam etdirilən prosesdə aprelin 24-ü Azərbaycana qarşı ağır cinayətlərin Şuşa mərhələsi tədqiq olunub. Hikmət Sabiroğlu məhkəmədə həmin gün çıxış edib.
Aprelin 25-də Hikmət Sabiroğlu Medianews.az-a açıqlamasında məhkəmə prosesində verdiyi ifadədən danışarkən vurğulayıb: “Dedim Şuşadakı dədə-baba evimizin 1992-ci il martın 14-də mərmiyə tuş gəlib kül olmasına görə zərərçəkən kimi tanınmışam, ibtidai istintaqa 2024-cü il aprelin 1-dəki ifadəmdə hər şeyi yerli-yataqlı danışmışam, məhkəmədə bunun üstünə gəlmirəm. Bildirdim ki: “Xalqın bunca faciəsi içində bir evin yanması zərər sayılmaz. 23 min şəhid verib Azərbaycan. Ailələr, şəhər və kəndlər yer üzündən silinib. Milyonların ömrü talan olunub”.
Ailəmizin çəkdiyinin yüz minlərlə ailənin müsibətinə oxşar olduğunu dedim: “Atam 1990-cı ilin yanvar faciəsində aldığı mənəvi sarsıntı nəticəsində insult keçirdi, il yarım əlləşsək də, onu tam ayaq üstə qoya bilmədik, 58 yaşında itirdik. Qarabağ avantürası olmasa, 20 Yanvar qırğını da olmazdı”.
Cibində qumbara gəzdirməyə vadar olmuş qardaşım Nazimin 1992-ci ilin yanvarında detonatorla ehtiyatsız davranıb ağır xəsarət aldığını, uzun müddət xəstəxana qapılarında qaldığımızı dedim.
Dedim evimiz dağılandan sonra altı nəfərlik ailə Bakıda bir otağa sığınmışdı, sonra da Şuşa əldən getdi.
Sonbeşik bacımın qaçqınlıq iztirabında xəstəlik tapıb 35 yaşında həyatdan getdiyini dedim.
Bunları danışdım, dedim, möhtərəm hakim, hamısının üstündən keçirəm, amma bir məqam var, onu bağışlamaram: “Anam Şuşa gedəndən sonra hər vaxt məndən bir şey soruşdu: Torpaqdan nə xəbər? Əvvəl bir evdə yaşayırdıq, hər axşam soruşurdu. Mən ailə qurub ayrılandan sonra hər gedəndə, qapını üzümə açan kimi soruşurdu. Anamın Ağdamdakı ata yurdu da işğal olunmuşdu. Savadlı qadın idi, hər gün qəzet oxuyurdu, bilirdi iş nə yerdədir, amma sanki məndən möcüzə, bir şad xəbər gözləyirdi”.
Dedim mən anama heç bir şad xəbər verə bilmədim: “2013-cü ildə yurd nisgili ilə vəfat etdi anam. Hər şeyin üstündən keçirəm, amma anamın nisgilli ölməsini bağışlamıram. Yüz minlərlə azərbaycanlı dünyadan belə nisgillə köçüb”.
Biz birtərəfli danışa bilmərik dedim: “Ermənistanda, Qarabağda, diaspor cameəsində üst-üstə min nəfər “miatsum”, “Arsax azadlıq hərəkatı” şüarları ilə qabağa düşüb on minləri bu işə qoşdu, yüz minlərin həyatını qaraltdı. Nə verdi onlar erməni xalqına? Yerevandakı “Yerablur” məzarlığını bəxş elədilər. Ermənistan o cür məzarlıqla doludur. Dağlıq Qarabağ ərazisi də. İndi sahibsiz qaldı o məzarlıqlar. Bunu bəxş elədilər erməni xalqına”.
Dedim Ermənistanın rusdilli mediasını hər gün izləyirəm, hərdən qarşıma talelər çıxır: “Baxıram bir erməni qadın. Ərini birinci Qarabağ müharibəsində itirib, oğlunu İkinci Qarabağ müharibəsində. Tək qalıb. O qadının göz yaşını bəxş elədilər erməni xalqına”.
Mühakimə olunanların çoxu qarabağlıdır. Dedim mən Şuşada, Dağlıq Qarabağ Muxtar Vilayətində doğulub böyümüşəm, əsgərliyimin il yarımı isə Ermənistanda keçib, Eçmiədzində qulluq eləmişəm: “Eçmiədzini qarış-qarış gəzmişəm. Dəfələrlə Yerevanda, Oktemberyanda (indiki Armavirdə), Masisdə olmuşam, amma Ermənistanın heç harasında Qarabağ ermənisindən yaxşı yaşayan bir erməni də görmədim. Gül kimi yaşayırdı Qarabağ ermənisi. Qaldırdılar o camaatı Azərbaycanın üstünə, bizim qanımızı tökdülər, o camaatı da zəlil elədilər”.
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ