Onlayn ictimai-siyasi qəzet
Tanınmış muğam ifaçısı, Televiziya Muğam Müsabiqəsi və Beynəlxalq Muğam Müsabiqəsinin qalibi, Prezident təqaüdçüsü Pərviz Qasımov Belçikada keçirilən beynəlxalq “Hide&Seek” festivalında ölkəmizi uğurla təmsil edib.
Musavat.com bildirir ki, dünyaca məşhur prodüser Peter Van Rompaeyin dəvəti ilə beynəlxalq festivalda iştirak edən Pərviz Qasımov festival çərçivəsində 2 günlük solo konsert də verib.
Konsertdə xanəndəni tarda Xalq artistləri Malik, kamançada Elşən Mansurov qardaşları, zərb alətində isə Ramin Abdullayev müşayiət edib.
Festival başlayan ərəfədə prodüser Peter Van Rompaey azərbaycanlı ifaçı ilə bağlı qeyd edib:
“Hide&Seek” 2023 festivalını səbirsizliklə gözləyirəm və “Muzikpublique” komandası ilə hazırladığımız proqramdan çox qürur duyuram. Amma konsert seçməli olsam bu şübhəsiz ki, Pərviz Qasımov və onun qrupunun olmasını istəyirəm. Mən Pərviz Qasımovu və qrupunu 2019-cu ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Şərq təranələri” adlı beynəlxalq musiqi festivalında kəşf etdim. Onlar bu festivalda birinci yerə layiq görüldülər. Mən təkcə müğənni Pərviz Qasımovuna səsinə deyil, həm də onu müşayiət edən musiqiçiləri, Malik və Elşən Mansurov qardaşları, Ramin Abdullayevin ifasına çox heyran qaldım”.
Xanəndə Pərviz Qasımov festival, solo konserti ilə bağlı təəssüratlarını Musavat.com-a bölüşüb. Xanəndənin sözlərinə görə Xalq artisti Alim Qasımovdan sonra adı çəkilən festivalda iştirak edən ikinci azərbaycanlı ifaçı kimi tarixə düşüb:
“Hər il Belçika krallığında “Hide&Seek” festivalı keçirilir və dünyanın bütün ölkələrindən tanınmış ifaçılar dəvət olunur.
Bu il festivala Qafqaz ölkələrindən Gürcüstan, Ermənistan və Azərbaycandan da ifaçılar dəvət olunmuşdu. Qeyd edim ki, mən dünyaca məşhur musiqi üzrə prodüser Peter Van Rompaeyin dəvəti ilə festivala qatılmışdım. Peter Van Özbəkistanda keçirilən
“Şərq təranələri” adlı beynəlxalq musiqi festivalındakı uğurumu görüb, məni Belçikaya dəvət etmişdi.
Bildirim ki, Xalq artisti Alim Qasımovdan sonra bu festivalda təmsil olunan ilk azərbaycanlı xanəndəyəm. Ustad Alim Qasımov 1999-cu ildə festivalda iştirak edərək, məşhur afrikalı ifaçıları ilə müştərək solo konsert də vermişdi.
Mən və qurum da festival çərçivəsində 24-25 avqust tarixlərində iki günlük konsertlə əcnəbi izləyicilərin qarşısında çıxış etdik. Konsertdə Fikrət Əmirovun “Kor ərəbin mahnısı”, “Sarı gəlin”, “Segah” təsnifində xalq mahnısı, sözləri Mikayıl Müşfiq, musiqisi Ələkbər Tağıyevə məxsus “Sənə qurban”, xalq mahnısı “Süsən sünbül”, məşhur “Xumar oldum” mahnısını yeni aranjimanda təqdim etdik. Hər konsertimiz 1 saat 45 dəqiqə davam etdi.
Çox sevindirici haldır ki, konsertimizdə böyük izdiham yaşandı, əcnəbi tamaşaçılar ifalarımızı heyranlıqla dinlədilər. Konsertin bütün biletləri bir neçə gün əvvəldən satılmışdı. Bu festival, təqdim etdiyimiz konsert, yaşanan izdihamla bağlı təəssüratlarımız mən və qrupum üçün əvəzolunmaz xatirə yaratdı”.
Pərviz Qasımov həmçinin qeyd edib ki, Belçika səfərindən sonra Avropa turunu gerçəkləşdirəcək:
“Artıq yeni dəvətlərimiz var. Prodüser Peter Van Rompaey ilə birgə Avropa turuna çıxacağıq, ilk səfərimiz isə Madridə olacaq”.
Xatırladaq ki, Pərviz Qasımov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, həmçinin Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudur. 2017-ci ildən Təyyar Bayramovun tələbəsi olan xanəndə 2018-ci ildə Beynəlxalq Muğam Müsabiqəsinin qalibi olub. Həmçinin 2019-cu ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Şərq təranələri” festivalında iştirak edib, 75 ölkə ifaçıları arasında birinci yerə layiq görülüb. Hazırda Azərbaycan Milli Konservatoriyasında müəllim vəzifəsində çalışır.
Xalidə Gəray,
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ