İnsanlara hürriyət, millətlərə istiqlal!

Pensiyalarla bağlı VACİB AÇIQLAMA

Deputat Vüqar Bayramov Milli Məclisdəki büdcə müzakirələrində çıxış edib.

Musavat.com-un məlumatına görə, deputat bildirib ki, pensiya islahatlarının genişləndirilməsi və pensiya maliyyə təminatının dayanıqlığının gücləndirilməsi sosial siyasətin əsas hədəflərindəndir:

“Bu baxımdan son illər Dövlət Sosial Müdafiə Fondunun fiskal dayanıqlığının daha da güclənməsi müşahidə olunmaqdadır. Bu, özünü həmçinin dövlət büdcəsindən transfertlərin həcminin azalmasında göstərir. Fondun xərc maddələrində əsas istiqamət əmək pensiyası üzrə ödənişlərdir. Bu kontekstdən son illər əmək pensiyalarının ödənilməsinə fond vasitəsi ilə ayrılan vəsaitlərin həcminin dinamik artımı sosial sahədə dayanıqlı və inklüziv təminat sisteminin möhkəmləndiyindən xəbər verir. Əmək pensiyaları üçün ödənişlər 2021-ci ildə 4 milyard 880 milyon manat idisə, 2022-ci ildə 4 milyard 951 milyon manat, 2023-cü ildə 6 milyard 77 milyon manat, 2024-cü ildə 6 milyard 525 milyon manat və nəhayət, 2025-ci ildə 7 milyard 408 milyon manat proqnozlaşdırılır.

Göründüyü kimi, 2021-ci il ilə müqayisədə pensiyaların verilməsinə illik olaraq 2 milyard 528 milyon manat daha çox vəsait ayırılıb. Bu, pensiya sisteminin dayanıqlığını və sosial təminat siyasətinin genişləndiyini göstərir”.

Vüqar_Bayramov.jpg (3.90 MB)

Vüqar Bayramov qeyd edib ki, digər məqam əmək pensiyalarının 2025-ci ildə indeksləşdirilərək artırılması ilə əlaqədardır:

“Bu məsələ ilə bağlı sosial mediada da bəzi istifadəçilər tərəfindən spekulyativ yanaşmalar var. Əvvəla, bütün növ əmək pensiyaları 2024-cü ildə nominal orta aylıq əmək haqqındakı artım faizinə indeksləşdirilərək artırılır. Yəni bu il ölkə üzrə orta aylıq əmək haqqı neçə faiz artacaqsa, ona uyğun gələn il əmək pensiyalar artırılacaq. Bu, bütün növ əmək pensiiyalarını əhatə edəcək - yaşa görə, valdeynlərini itirməyə görə və əlilliyə görə əmək pensiyalarını alanlar.

Burada vacib məqamlardan biri ondan ibarətdir ki, indeksasiya faizini hansısa qurum müəyyənləşdirmir və bu, rəsmi statistikaya uyğun olaraq orta aylıq əmək haqqındakı artım faizinə uyğunlaşmadır. Bu, birmənalı şəkildə pensiyaçıların sosial təminatının daha da yaxşılaşdırımasına yönəlik siyasətdir. Nəticədə indeksləşdirmə imkan verir ki, hər il pensiya məbləğlərini orta aylıq əmək haqqı artımına uyğunlaşdırıb artırmaq mümkün olsun. Vahid indeksləşdirmə mexanizminə keçid isə bütün əmək pensiyalarının indeksləşdirilməsinə imkan yaradır”.

Deputat bildirib ki, 2024-cü ildə əmək pensiyaları üçün 6 milyard 525 milyon manat nəzərdə tutulub və deməli, indeksləşdirmə kifayət qədər böyük pensiya fondu üzərindən aparılacaq, bu da sosial təminat siyasətinin səmərəliliyini göstərir:

“Eyni zamanda, əmək pensiyaçılarının sayını nəzərə alsaq, indeksləşdirmə nəticəsində 1 milyon 100 min vətəndaşımızın gələn ildən pensiya məbləğlərində artım qeydə alınacaq. Sosial mediada suallar verilir, nə üçün orta aylıq əmək haqqındakı artım faizinə uyğunlaşdıraraq indeksləşdirilir. Əvəlla, son 5 ilə nəzərə salsaq, nominal orta aylıq əmək haqqındakı artım faizin həmin müddət üzrə orta iflyasiya səviyyəsini üstələyib.

Deməli, əmək haqqı artımına bağlılıq vətəndaşlarımızın pensiya məbləğinin daha çox artmasına imkan yaradır. Digər tərəfdən, DSMF-in büdcəsi əsasən məcburi sosial sığorta yığımları hesabına formalaşır. Sosial sığorta yığımları həcmi isə ölkə üzrə ümumi əmək haqqı fondunun məbləğinə bağlı dəyişir. Yəni bu o deməkdir ki, əmək haqqı fondu nə qədər çox artırsa, sosial ayırmalar o qədər artır.

Bu, həmçinin o deməkdir ki, əmək pensiyalarının indeksləşdirilməsinin orta aylıq əmək haqqındakı artıma indeksləşdirilməsi bir tərəfdən vətəndaşlarımız üçün daha çox pensiya artımı demək olmaqla yanaşı, həmçinin DSMF-in dayanıqlığının qorunub saxlanmasına imkan yaradır. Yəni fond əmək haqqı fondundakı artımlar hesabına əldə edilən yığımlar hesabına pensiyaları indeksləşdirərək fiskal dayanıqlığını qoruyub saxlayır”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR