Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda gənclərin inkişafı və sosiallaşması üçün 33 Gənclər Evi fəaliyyət göstərir. Bu mərkəzlərdə gənclər əyləncə, dil öyrənmə, musiqi alətləri ilə məşğul olmaq kimi imkanlardan yararlanır.
Bakıdakı Gənclər Evi isə xüsusilə geniş fəaliyyət sahəsi ilə fərqlənir. Burada gənclər öz yaradıcılıq potensiallarını reallaşdırır, yeni bacarıqlar qazanır və enerjilərini müsbət istiqamətə yönəldirlər. Lakin bu imkanlar kifayət qədər deyil. Gənclərin inkişafı üçün daha geniş, daha əhatəli şərait və dəstək tələb olunur. Çünki gənclər yalnız istirahət və sosiallaşmadan deyil, həm də keyfiyyətli təhsil, uyğun iş yerləri və davamlı inkişaf perspektivlərindən məhrum olduqda onların gələcəyinə ciddi təhlükə yaranır.
Məqsəd gənclərin cəmiyyət həyatında daha fəal iştirakını təşviq etmək, onların problemlərinə diqqət çəkmək və həlli yolları axtarmaqdır. Hər il BMT-nin müəyyən etdiyi xüsusi mövzu ətrafında keçirilən bu gün gənclərin sosial, iqtisadi, mədəni və siyasi sahələrdə inkişafına dəstək məqsədi daşıyır. Dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da Beynəlxalq Gənclər Günü müxtəlif tədbirlərlə qeyd olunur.
Sosioloq Mail Yaqub ölkədə gənclər üçün yaradılan şəraitin real vəziyyətini və gələcəyə dair narahatlıqlarını Musavat.com-la bölüşüb.
“Gənclər üçün şərait ilk növbədə onların təhsilindən başlayır. Təəssüf ki, Azərbaycanda ali təhsil müəssisələrinin çox azında yüksək səviyyəli təhsildən danışmaq olar. Ali məktəblər gənclərə tam və keyfiyyətli təhsil vermir və bu, universitet rəhbərliklərini narahat etmir. Halbuki, bu, çox ciddi məsələdir”, - deyə o bildirib.
Sosioloqun sözlərinə görə, gənclərin məşğulluğu və inkişafı üçün ölkədə 33 Gənclər Evi fəaliyyət göstərir:
“Bakıda yerləşən Gənclər Evi barədə məlumatım var. Orada gənclərin əylənməsi, dil öyrənməsi, musiqi alətləri ilə məşğul olması üçün şərait mövcuddur. Lakin bununla kifayətlənmək olmaz. Sosiallaşma, yeni bacarıqlar əldə etmə, yaradıcı və fiziki qabiliyyətlərin inkişafı üçün daha geniş imkanlar yaradılmalıdır”.
Mail Yaqub qeyd edib ki, ali təhsil müəssisələrində tələbə gənclər təşkilatlarının fəaliyyəti də mühümdür:
“Bu təşkilatların iş sahələri daha da genişlənməlidir. Gənclərin idmanla maraqlanmasına, enerjilərini düzgün istiqamətə yönəltməsinə dəstək verilməlidir. Sağlam həyat tərzi və faydalı məşğuliyyətlər onların cəmiyyətə uyğunlaşmasına kömək edir. Əks halda, boş qalan gənclər təhlükəli vərdişlər qazana, özünə qapanıq ola və psixoloji baxımdan zəifləyə bilər”.
Sosioloq hesab edir ki, gənclər üçün ikinci vacib amil iş yerlərinin yaradılmasıdır:
“Onlar üçün mütləq uyğun iş şəraiti təmin olunmalıdır. Hazırda ölkədən xaricə beyin axını müşahidə olunur. Çoxları əməyinin qiymətləndirildiyi yerlər axtarır və buna görə də xaricə üz tutur. Bu imkanlar və şəraiti məhz ölkəmizdə yaratmalıyıq ki, gənclər burada qalmaq istəsin. Gənclər üçün yalnız bir gün deyil, hər gün şərait yaradılmalıdır. Çünki gənclər bizim gələcəyimizdir”.
Mənzər Novruzlu,
Musavat.com
13 Avqust 2025
12 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ