İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS geri addım atdı: Atəşkəs təklifini qeyd-şərtsiz qəbul edəcək

Fələstinin HƏMAS hərəkatı, Qəzza zolağında son atəşkəs təklifini düzəlişlər etmədən qəbul etməyə hazır olduğunu elan edib.

Musavat.com xəbər verir ki, bu iddia ilə “Asharq Al-Awsat” qəzeti mənbələrə istinadən çıxış edib.

İddiaya görə, HƏMAS-ın Qəzza zolağındakı lideri Xəlil əl-Həyyanın başçılıq etdiyi hərəkatın nümayəndə heyəti bu həftə Qahirədə keçirdiyi görüşlər zamanı Qətər və Misir vasitəçilərinə bildirib ki, onlar 60 günlük atəşkəs, İsrail qüvvələrinin yerdəyişməsi və girovların azad olunmasını nəzərdə tutan son təklifin müzakirəsinə qayıtmaq qərarına gəliblər.

Mənbələrin bildirdiyinə görə, hərəkat yeni mövqeyini vasitəçilərə rəsmi şəkildə bildirməklə, guya “qoşunların çıxarılması ilə bağlı etdiyi düzəlişlərdən, eləcə də hərəkat və onun hərbi qanadının irəli sürdüyü fələstinli məhbusların azad edilməsi ilə bağlı bəzi digər məsələlərdən və tələblərdən imtina edib”.

Beləliklə, HƏMAS təşəbbüsü tamamilə İsrailə təhvil verib.

Mənbələr vurğulayırlar ki, hərəkat çox güman ki, İsrailin Qəzzanı işğal etmək planını dayandırmaq və onun sakinlərini məskunlaşdırmaq zərurətindən irəli gələrək bu mövqedən çıxış edib.

Qeyd edək ki, HƏMAS-ın Qəzza zolağındakı hərəkatın lideri Xəlil əl-Həyyanın başçılıq etdiyi nümayəndə heyəti Misir tərəfinin dəvəti ilə avqustun 12-də Qahirəyə gəlib. Həmin gün Misirin xarici işlər naziri Bədr Əbdül Ati bildirib ki, Qahirə Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında vasitəçi kimi çıxış edən Doha və Vaşinqtonla koordinasiyada münaqişə tərəflərinin Qəzza zolağında 60 günlük atəşkəs təklifinə qayıtması üçün çalışır. Avqustun 13-də Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı mənbəyə istinadən xəbər verib ki, HƏMAS nümayəndə heyəti Qahirədə Misir kəşfiyyatının rəhbəri Həsən Rəşidlə görüşüb və atəşkəs üzrə danışıqlara tezliklə qayıtmaqda maraqlı olduğunu bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2025

17 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR