Onlayn ictimai-siyasi qəzet
Bakı küçələrində zibil qutularının vəziyyəti artıq sadəcə gündəlik həyatın kiçik bir problemi deyil, şəhərin ekoloji və estetik görünüşünə ciddi təsir edən, həm də ictimai sağlamlıq baxımından narahatlıq doğuran bir məsələdir.
Küçələrdə yerləşən zibil qutularının tez-tez sıradan çıxması, paslanaraq çürüyüb yararsız hala gəlməsi şəhər sakinləri və komunal xidmətlər üçün böyük çətinliklər yaradır. Lakin bu problem təkcə texniki çatışmazlıqla bitmir. Zibil mədəniyyəti məsələsi də böyük rol oynayır. İnsanların zibillərini düzgün atmaq vərdişinin olmaması, zibil qutularının ətrafına tullantıların səpələnməsi şəhər mühitinin çirklənməsinə, ətrafın səliqəsizliyinə səbəb olur. Bu, həmçinin insanların ətraf mühitə və ictimai məkanlara münasibətindəki ciddi boşluqları göstərir.
Bu problem yalnız fiziki baxımdan deyil, həm də idarəetmədəki çatışmazlıqların, o cümlədən tenderlərin düzgün təşkil edilməməsinin nəticəsi kimi ortaya çıxır. Məhz tenderlərdə qalib gələn şirkətlərin şəhərsalma, materialların keyfiyyəti və uzunömürlülüyü barədə yetərli məlumat və təcrübəyə malik olmaması zibil qutularının tez sıradan çıxmasının əsas səbəblərindən biridir. Bu, şəhər infrastrukturu üçün ayrılan vəsaitin səmərəli istifadə olunmaması, həmçinin ictimai xidmətlərin keyfiyyətinin aşağı düşməsi ilə nəticələnir. Nəticədə Bakı küçələrində həm estetik, həm də funksional olaraq qüsurlu zibil qutuları insanlara xidmət etmir, əksinə, onların həyatını çətinləşdirir.
Memar Cahid Həsənovun fikirləri Bakı şəhərinin zibil qutularının vəziyyəti və şəhərsalma prinsipləri baxımından olduqca əhəmiyyətlidir.
O, Musavat.com-a açıqlamasında deyib ki, hazırda tenderlər vasitəsilə seçilən şirkətlər şəhərsalma və memarlıq standartlarından yetərincə xəbərsizdirlər:
“Bu, xüsusilə material seçimi və məhsulun funksionallığı baxımından ciddi problemlər yaradır. Keyfiyyətsiz, ucuz və uzunömürlülüyü təmin etməyən materiallardan hazırlanan zibil qutuları qısa müddətdə sıradan çıxır, alovlanma və korroziya kimi problemlərə tez məruz qalır. Nəticədə bu qutular həm estetik cəhətdən şəhərin görünüşünü korlayır, həm də əhalinin rahatlığını təmin etmir”.
Cahid Həsənov vurğulayıb ki, zibil qutularının yerləşdirilməsi yalnız onların sayı ilə ölçülmür:
“Mühüm olan şəhər ərazisində əhalinin sıxlığı, insanların hərəkət trayektoriyaları, ictimai nəqliyyat və ticarət obyektlərinin yaxınlığı nəzərə alınaraq planlı şəkildə yerləşdirilməsidir. Bu baxımdan şəhərin müxtəlif zonalarında fərqli ölçüdə və dizaynda qutuların quraşdırılması zəruridir. Məsələn, sıx məhəllələrdə kiçik həcmli, lakin daha çox sayda qutular, açıq parklarda və geniş prospektlərdə isə daha iri həcmli zibil qutuları olmalıdır”.
Bundan əlavə, C. Həsənov sosial aspektə də diqqət çəkib. Onun sözlərinə görə, paytaxt küçələrində reklam lövhələri ilə dolu divarların yerinə sosial maarifləndirici, ekologiyaya və zibil mədəniyyətinə yönəlmiş reklamların artırılması vacibdir:
“İnsanlarda təmizliyə, ətraf mühitə hörmət və zibilin düzgün atılması kimi vərdişlərin formalaşması üçün bu tip tədbirlər effektivdir. Xüsusilə, zibil qutularının istifadəsi və ətraf mühitin qorunması ilə bağlı məlumatlandırıcı pankartların küçələrdə, ictimai nəqliyyat dayanacaqlarında, məktəb və tibb müəssisələrinin yaxınlığında yerləşdirilməsi təklif olunur”.
Memar həmçinin zibil qutularının dizaynının cəlbedici və insanları ona yaxınlaşmağa təşviq edən şəkildə olması lazım olduğunu bildirib:
“Çünki bəzən qutuların rəngləri və formaları elədir ki, insanlar onlara yaxınlaşmaqdan belə çəkinir, bu da tullantıların ətrafda səpələnməsinə gətirib çıxarır. Estetik baxımdan zərif, şəhər mühitinə uyğun, funksional dizaynlı zibil qutuları ictimai mədəniyyətin yüksəlməsinə töhfə verə bilər”.
Cahid Həsənov tender proseslərinin daha şəffaf və keyfiyyətə yönəlik aparılmasını zəruri sayır. O bildirib ki, hazırkı sistemdə bəzi şirkətlər texniki və şəhərsalma standartlarına əməl etmədən, yalnız ən aşağı qiyməti təklif etməklə tender qalibi olurlar ki, bu da uzunmüddətli perspektivdə şəhərin inkişafına mənfi təsir göstərir:
“Ona görə də tenderlərdə həm məhsulun keyfiyyəti, həm də onun şəhərsalma standartlarına uyğunluğu ciddi şəkildə qiymətləndirilməlidir”.
Beləliklə, memar Cahid Həsənov zibil qutularının yalnız texniki vasitə deyil, eyni zamanda şəhərin mədəniyyətini və estetik mühitini formalaşdıran vacib element olduğunu vurğulayıb. Onun təklif etdiyi yanaşmalar Bakı şəhərinin təmizliyi, funksionallığı və vizual görünüşünün yaxşılaşdırılmasına ciddi töhfə verə bilər.
Xatırladaq ki, 2020-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinə tabe olan “Bakı şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin zibil qutularının satın alınması üzrə keçirdiyi tenderi “Tikinti-Təmir-Təchizat-Bərpa” QSC qazanıb. Bu tender çərçivəsində həcmi 1100 litr olan, 4 təkərli, xüsusi mexanizmli qapağı olan, əyləc sistemli 10 min ədəd zibil qutusu satın alınması üçün “Tikinti-Təmir-Təchizat-Bərpa” QSC-yə 4 milyon 993 min 996 manat ödənilib. Beləliklə, hər bir zibil qutusunun alınması üçün təxminən 499,40 manat xərclənib.
Mənzər Novruzlu,
Fotolar müəllifindir
Musavat.com
11 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ