İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkian Ermənistan yolunda –İran prezidenti "Tramp yolu"nu müzakirə etdi

İran Prezidenti Məsud Pezeşkian Ermənistana və Belarusiyaya edəcəyi rəsmi səfərlər ərəfəsində mühüm açıqlama ilə çıxış edib. O bildirib ki, bu səfərlərin əsas məqsədi İranın özəl şirkətlərinin regional layihələrdə iştirakını genişləndirmək və əvvəlki razılaşmaları, xüsusilə də birgə investisiya təşəbbüslərini daha da irəli aparmaqdır.

Musavat.com xəbər verir ki, prezidentin sədrliyi ilə keçirilən iclasda İran-Ermənistan və İran-Belarus münasibətləri ilə yanaşı, regionda baş verən ən aktual məsələlər müzakirə olunub. Toplantıda Ermənistan və Azərbaycan arasında nəqliyyat dəhlizi ilə bağlı əldə edilmiş son razılaşmaya da toxunulub və burada İranın milli maraqlarının qorunmasına xüsusi diqqət yetirilib.

Qeyd edilməlidir ki, Məsud Pezeşkian indiyədək İran rəhbərliyində Ermənistan–Azərbaycan anlaşmasını açıq şəkildə normal qarşılayan siyasətçi kimi çıxış edib. O, ABŞ-ın təşəbbüsü ilə gündəmə gələn və “Tramp yolu” adlandırılan marşrut barədə tolerant açıqlamalar verərək, medianın şişirtdiyi qədər müharibəvi bir vəziyyətin olmadığını bəyan etmişdi. Bu mövqeyi ilə Pezeşkian faktiki olaraq İranın Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizinin Amerika şirkətləri tərəfindən işlədilməsinə razılıq göstərmiş oldu. Beləliklə, İranın rəsmi olaraq Ermənistan–Azərbaycan anlaşmasını qəbul etməsi fakt kimi ortaya çıxır.

İclasda həmçinin İran-Ermənistan və İran-Belarus arasında nəzərdə tutulan yeni əməkdaşlıq sazişləri və memorandumların vaxtında icrası məsələsi də gündəmdə olub. Pezeşkian bir daha təsdiqləyib ki, Tehran qonşu ölkələrlə əməkdaşlığı qarşılıqlı fayda əsasında inkişaf etdirməyə və regional inteqrasiyanı dəstəkləməyə sadiqdir.

Ekspertlərin qənaətinə görə, Pezeşkianın bu açıqlaması həm Ermənistana dəstək mesajı, həm də Azərbaycanla əldə olunan son razılaşmaların Tehranın nəzarətində saxlanıldığının göstəricisidir. Onun tolerant bəyanatları İranın artıq Ermənistan–Azərbaycan anlaşmasını qəbul etdiyini və bu məsələdə əvvəlki radikal mövqedən uzaqlaşdığını nümayiş etdirir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2025

17 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR