Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, İsrail kəşfiyyat orqanları İranın son illərdə həyata keçirdiyi gizli əməliyyatların üstünü açıb.
The New York Times və The Guardian qəzetlərinin məlumatına görə, İran xüsusi xidmət orqanları onlarla israilli vətəndaşı sosial media və xüsusən də Telegram vasitəsilə şirnikləndirərək casusluq fəaliyyətinə cəlb etməyə çalışıb.
İsrail rəsmiləri bildirirlər ki, 2024-cü ilin yayından bu günədək 25-dən çox belə iş açılıb, onlarla təhlükəli planın vaxtında qarşısı alınıb. İlkin mərhələdə sıravi vətəndaşlara kiçik məbləğlər qarşılığında hökumət əleyhinə şüarlar yazmaq, foto və video çəkmək kimi sadə tapşırıqlar verilib. Lakin zaman keçdikcə bu əmrlər daha təhlükəli istiqamətlərə – yanğın törətmək, soyğunçuluq və hətta sui-qəsd planlarına qədər genişlənib.
Şübhəlilər arasında ən çox diqqət çəkənlərdən biri 31 yaşlı Vladislav Viktorson olub. O, 19 yaşlı Anya Bernşteynlə birlikdə cəmi 600 dollar müqabilində iranlı kuratorların verdiyi tapşırıqları icra edib. Sonradan bu tapşırıqlar bir professorun 100 min dollara öldürülməsinin müzakirəsinə qədər irəliləyib. Hər iki şəxs Tel-Əvivdə keçirilən məhkəmə prosesində rəsmi olaraq “xarici agentlə əməkdaşlıq”da ittiham olunublar.
İsrail təhlükəsizlik qurumları bu hadisəni ölkə daxilində “sosial şəbəkələr üzərindən kütləvi casusluq kampaniyası” kimi qiymətləndirirlər. Guardian yazır ki, bu, İranın “spray-and-pray” strategiyasına uyğun həyata keçirilib – yəni çox sayda insan kiçik məbləğlərlə ələ alınır, sonra isə daha ciddi əməliyyatlara cəlb olunur.
Bundan sonra İsraildə “Easy Money, Heavy Cost” (“Asan pul – ağır bədəllə”) şüarı altında milli kampaniya başladılıb. Reklam çarxlarında İran üçün casusluq edənlərin necə məhv edildiyi, hansı fəsadlarla üzləşdikləri göstərilir və ictimaiyyətə açıq mesaj verilir: “İrana işləmə, həyatını məhv etmə.”
Musavat.com bildirir ki, mediada adətən İsrailin İran içərisində çoxsaylı agent şəbəkəsi yaratması xəbərləri yayılır iyin ayında baş verən 12 günlük İran - İsrail müharibəsi də buna bir sübutdur. İranın hərbi elitasını məhv edən dəqiq dron zərbələri yerli agentura setinin imkanları nəticəsində mümkün olmuşdu. Bundan sonra İran yüzlərlə insanı "İsrail agenti" ittihamı ilə tutuqlayıb, asmışdı. İndi isə belə məlum olur ki, İran da İsraildə oxşar casus şəbəkəsi qurubmuş.
Məqalənin orijinalı: The Guardian – How Iran sought to recruit spies in Israel
Musavat.com
18 Avqust 2025
17 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ