İnsanlara hürriyət, millətlərə istiqlal!

Payız depressiyası və əlamətləri: ondan necə qurtulmaq olar?


Araşdırmalar göstərir ki, payız fəsli ilk qədəmlərini qoyar-qoymaz təxminən 5 nəfərdən birində depressiyaya, özünə qapanma və ya müəyyən psixoloji hallar yaşanır.

Bəzi mütəxəssislərin fikrincə bunun əsas səbəblərindən biri yay tətilindən yeni dönüşlə əlaqədar olur. Belə ki,  yay tətili istirahətindən sonra əksər insanlar bir müddət işə, əvvəlki həyat rejiminə  adaptasiya oluna bilmir. Nəticədə insanda gərginlik yaranır, 2-3 həftə boyunca istəksizlik, diqqəti toplaya bilməmək, səhərlər yuxudan yorğun oyanmaq, gün boyunca pessimizm, tez əsəbləşmə, enerji azalması və sairə müşahidə olunur.

Sadalanan digər səbəblərdən biri də budur ki, payız mövsümündə Günəş şüalarının azalması nəticəsində orqanizmdə melotonin hormonu artır, “xoşbəxtlik hormonu” hesab edilən serotonin isə azalır. Xatırladaq ki, melotonin hormonu yalnız qaranlıqda ifraz olunur, işıqda isə azalır. Yayda gecələr qısa olduğu üçün melotonin ifrazı azaldığı halda uzun payız və qış gecələrində daha çox ifraz olunur. Beləliklə də tez-tez depressiyaya düşən şəxslər bu dəyişikliklər nəticəsində asanlıqla depressiyaya qapıla bilirlər.

Araşdırmalara görə əsasən qadınlar depressiyaya meyilli olduqlarından payız depressiyasına elə ən çox da onlarda rast gəlmək olur. 

Payız depressiyasının əlamətləri əsasən bunlardır:

- Səhər yuxudan oyanmaqda çətinlik çəkir, əzginlik hiss edir. Həddən artıq yatmaq istəyi yaranır.

- Ümumi yorğunluq. Fikrini bir yerə cəmləyə bilməmək. İşləyirsə, işə adaptasiya oluna bilməmək problemi, işə getməmək istəkləri müşahidə olunur.

- İştahasızlıq. Bəzən isə həddən artıq yeməyə meyllilik yaranır. 

- Hər şeyə maraq itir. Hətta dost və yaxınlardan uzaqlaşmağa, az ünsiyyətdə olmağa, özünə qapanmağa başlayır. 

- Ümidsizlik, inamsızlıq hissləri yaranır. 

- Tez-tez özündən çıxmaq, enerji azalması əlamətləri müşahidə edilir. 

Bəs, payız depressiyasından necə qurtulmaq olaq?

Mütəxəssislər bildirir ki, bu əlamətlər olduqda, azalan enerjini yenidən özünə qaytarmaq üçün rejimlə düzgün qidalanmaq, gün ərzində 1 və ya bir neçə dəfə açıq havada gəzmək, idmanla məşğul olmaq lazımdır. 

Müəyyən fantaziyaları artırmaq tövsiyə olunur. Məsələn, səhər yeməyini maraqlı etmək, iş yerində yorulduqda fasilələr vermək və s. İlk növbədə qida rasionuna diqqət etmək lazımdır. Ağır və insanı ətalətə gətirən yeməklərdən qaçmaq, yüngül, insanda xoş əhval yaradan, tez həzm olunan yeməklərə üstünlük vermək lazımdır. Ağ şəkərdən bacardıqca az istifadə tövsiyə edilir. Çünki ağ şəkər qanda şəkəri sürətlə yuxarı qaldıra və yaxud aşağı sala bilər. Bu isə yorğunluq hissini artırır. Ağ şəkərin əvəzinə  şirin meyvələrdən istifadə etmək olar. Payız bol meyvə mövsümüdür. 

Həmçinin şirniyyat, tort və şokoladlardan az istifadə etmək tövsiyə edilir. Xatırladaq ki, bu qidalarda vitaminlər az olur.

Mütəxəssislərin fikrincə payız depressiyası bir xəstəlik deyil, yalnız psixoloji qərarsızlıq halıdır və daha çox boş-bekar insanların qapısını döyə bilər. 

Ümumiyyətlə, çalışmaq lazımdır ki, hər zaman faydalı məşğuliyyətlər tapılsın. Məsələn, qadınlar mətbəxdə daha fəal ola bilər, toxuma, tikiş bacarıqlarından faydalana bilər. Həmçinin dil öyrənmək, mütaliə etmək, rəsm çəkməklə məşğul olmaq olar. Dost və yaxınlarla tez-tez ünsiyyətdə olmaq, bərabər istirahət etmək tövsiyə edilir.

Depressiyanı aradan qaldıran amillərdən biri də idmandır. İdmanlar məşğul olmaqla stressdən uzaq olmaq olar. Stress qanda adrenalinin parçalanmasını sürətləndirir, depressiv əlamətləri artırır. İdmanla məşğul olduqda beyin qanla təchizatı gücləndirir, mənimsəmə qabiliyyətini artırır. 

Səhər tezdən yürüş etmək əhval-ruhiyyəni yaxşılaşdırır, endorfin hormonunun artmasına səbəb olur. Endorfinin artması insanın özünü sevincli, xoşbəxt hiss etməsinə səbəb olur. 

Əgər qeyd edilən əlamətlər özünü kəskin şəkildə göstərərsə, mütəxəssisə müraciət etmək lazımdır.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR