Onlayn ictimai-siyasi qəzet
Azərbaycan ordusunun lokal antiterror tədbirlərinin mövcud nəticələri Ermənistan üçün "geopolitik labirint" vəziyyətini daha da qəlizləşdirib. İndi rəsmi İrəvan yeni situasiya ilə üzləşib və Paşinyan hakimiyyəti hələlik bu vəziyyətdən çıxış yollarını tapa bilmir. Və bu baxımdan, Paşinyan hakimiyyətinin ilkin hesablamalarının boşa çıxmış ola biləcəyi də qətiyyən istisna deyil.
Məsələ ondadır ki, Ermənistan baş naziri Nikol Paşinyanın Avropa Parlamentində çıxışında dilə gətirdiyi bəzi önəmli məqamlar rəsmi İrəvanın çaşqınlıq içərisində olduğunu biruzə verir. Belə anlaşılır ki, Azərbaycanın Qarabağ regionundan ermənilərin heç bir təzyiq olmadan, könüllü köç etməsinə münasibətdə Ermənistan siyasi dairələrində fərqli "gözləntilər" mövcud olub. Və rəsmi İrəvan həmin "gözləntilər"lə bağlı beynəlxalq məkandan umduğu qarşılığı hələlik tam şəkildə ala bilməyib.
Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan bildirib ki, baş verənlərə beynəlxalq reaksiyalar qətiyyən adekvat deyil: "Hazırda bəziləri (Qərb siyasətçiləri) guya "Dağlıq Qarabağ" ermənilərinin niyə kütləvi şəkildə evlərini tərk etdiyini başa düşmürlər. Bu sual özlüyündə sinizm kimi görünür, çünki cavab sadə deyil. Sentyabrda "Dağlıq Qarabağ"da əhalinin boşaldılması ilə bağlı bəzi beynəlxalq rəsmilərin təəccüblü üzlərini qəbul etmirəm".
Belə anlaşılır ki, rəsmi İrəvan ermənilərin könüllü şəkildə Ermənistana gedişinə Qərb siyasi dairələrinin, xüsusilə də Avropa Birliyi ilə bağlı beynəlxalq qurumların sərt, hətta aqressiv reaksiyasını gözləyirmiş. Yəni, Paşinyan hakimiyyəti bu yanaşma tərzi ilə erməni düşüncə modelinin müasir dünyanın inkişaf səviyyəsindən olduqca geri qaldığını dolayısı ilə etiraf etmiş oldu. Belə ki, yüz il əvvəl müasir informasiya texnologiyalarının mövcud olmadığı şəraitdə erməni uydurmaları və yalanları daha asan şəkildə həqiqət kimi təbliğ oluna bilirdi. Buna əsl reallığı bildikləri halda, erməni uydurmalarından faydalanmaqda maraqlı olan bəzi dünya gücləri də dəstək verirdilər.
Ancaq indi situasiya təməlli olaraq, dəyişib. Çünki müasir informasiya texnologiyaları erməni düşüncə modelinin icad etdiyi uydurma və yalanları qarşısında əsas əngələ çevrilib. Yəni, mövcud texnologiyalar erməni yalanlarını dərhal ifşa etmək imkanları açır. Bəzi beynəlxalq siyasi iradə mərkəzlərinin erməni uydurmalarından faydalanmaq, onları həqiqət kimi təbliğ etmək vərdişlərinin effektini isə ciddi şəkildə məhdudlaşdırır. Və bir çox nüfuzlu Qərb siyasətçiləri erməni yalanları ucbatından öz imiclərini riskə atmaqdan çəkinirlər.
Ona görə də, indi baş nazir Nikol Paşinyan Azərbaycanın Qarabağ regionundan ermənilərin könüllü şəkildə gedişinə verilən reaksiyalardan şikayətlənir. Erməni baş nazirin uydurma "etnik təmizləmə" iddialarının dəstək qazanmamasından ciddi şəkildə narahat olduğu açıq-aşkar nəzərə çarpır. Və bu, Paşinyan hakimiyyətinin Azərbaycana qarşı qurmağa çalışdığı yeni məkrli oyunların baş tutmayacağı anlamına gəlir.
Əksinə, indi belə anlaşılır ki, rəsmi İrəvan özünün qurmağa çalışdığı "quyu"ya elə Ermənistan düşməyə başlayıb. Belə ki, rəsmi Bakı uzun müddət Qarabağda yaşayan ermənilərə Azərbaycan vətəndaşlığı və reinteqrasiya təklif etdi. Azərbaycan ordusu lokal antiterror tədbirləri zamanı bölgədə heç bir mülki obyektə və əhaliyə zərər vurmadı. Yalnız erməni silahlı terror dəstələri tərksilah edildi. Qarabağdakı erməni azlığına isə evlərində qalıb, Azərbaycanın tərkibində yaşamaq çağırışı olundu. Eyni zamanda, Azərbaycanın bu qədər ehtiyatlı davranışlarının müsbət nəticələri bölgədə manitorinq aparmış BMT müşahidə missiyası tərəfindən təqdir edildi.
Ancaq rəsmi Bakının öz yaşayış yerlərində qalmaq çağırışlarına baxmayaraq, ermənilər bölgəni könüllü şəkildə tərk etdilər. Bunun əsas səbəbləri isə artıq tədricən ortaya çıxmağa başlayıb. Belə ki, Qarabağın erməni azlığı Paşinyan hakimiyyətinin və onun siyasi rəqibi olan Qarabağ klanının ortaq xof propoqandası nəticəsində Ermənistana köç etdi. Bu qeyri-adi "ortaqlıq"da isə xüsusi siyasi maraqlar var idi. Və bu maraqlar arasında olan ziddiyyətlər isə indi tədricən ortaya çıxmaqdadır.
Paşinyan hakimiyyəti ermənilərin kütləvi köçünü təşkil etməklə, ilk növbədə beynəlxalq məkanda Azərbaycana qarşı güclü təzyiq kampaniyası başlatmağı hədələyirdi. Bu təzyiqlərlə Azərbaycanın sülh danışıqları prosesində mövqeyini zəiflədə biləcəyinə, rəsmi Bakı ilə şərtləri balanslaşdırmaq şansı qazanacağına ümid bəsləyirdi. Eyni zamanda, Qarabağı könüllü şəkildə tərk etmiş erməniləri "məcburi köçkün" kimi təqdim edərək, beynəlxalq qurumlardan maliyyə yardımları almaq niyyəti güdürdü. Və baş nazir Nikol Paşinyanın Avropa Parlamentində dediklərindən belə məlum olur ki, rəsmi İrəvanın bu planları iflasa uğrayıb.
Rusiyaya bağlı Qarabağ klanına gəldikdəsə, bu siyasi düşərgə ermənilərin Ermənistana gəlişindən faydalanmaq imkanlarını hələlik qoruyur. Belə ki, Qarabağ klanının əsas hədəfi Ermənistanda daxili siyasi-ictimai gərginliyi maksimum həddə çatdırmaqdır. Bu radikal-revanşist düşərgə sosial problemlər dərinləşdikcə, Ermənistan kütləvi etiraz dalğasının da güclənə biləcəyinə ümid bəsləyir. Qarabağdan könüllü köçən erməni azlığı bu baxımdan, Rusiyaya bağlı radikal siyasi düşərgənin işinə yaraya bilər. Və bunun ilkin əlamətləri - Qarabağ ermənilərinin kəskin narazılığı da artıq müşahidə olunmağa başlayıb.
Ancaq bu məsələdə həm Paşinyan hakimiyyətinin, həm də Qarabağ klanının nəzərə almağa həvəs göstərmədiyi bir önəmli məqam da mövcuddur. Belə ki, Ermənistan əhalisi Qarabağ ermənilərinə mənfi, hətta dözülməz münasibət bəsləyirlər. Yerli əhali və Qarabağ erməniləri arasında kəskin ziddiyyətlər açıq-aşkar nəzərə çarpır.
Digər tərəfdən, yerli əhali arasında əsas rəy ondan ibarətdir ki, Qarabağ klanı onilliklər boyu Ermənistanı istismar edib. İndi Qarabağdan köçən ermənilər də Ermənistanda sosial vəziyyətin ağırlaşmasına səbəb ola bilərlər. Üstəlik, Ermənistanda daxili siyasi mübarizədə Qarabağ ermənilərinin Rusiyaya bağlı klanın sosial bazasına çevrilmə ehtimalı kifayət qədər yüksəkdir. Və bu, baş verəcəyi təqdirdə, bir-birinə qarşı nifrət edən iki erməni ictimai düşərgəsi arasında kəskin ziddiyyətlər son nəticədə Ermənistanda vətəndaş müharibəsi də törədə bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ