İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın COP29 HİYLƏSİ - Görün nələrə əl atıb...

Erməni baş nazir gözdən pərdə asmağı, daxili siyasi imkanlarını gücləndirməyi və Qərbdən tam dəstək almağı hədəfləyir - şərh

Ermənistan rəhbərliyinin dünyanın gözündən pərdə asmaq üçün sülh oyunbazlığı davam edir. Artıq şəkk-şübhə yox ki, rəsmi İrəvan Bakı ilə bölgədə uzunmüddətli sülhə və əməkdaşlığa xidmət edəcək sülh müqaviləsi imzalamaqda maraqlı deyil. Çünki hələ də revanşist planlarından tam əl çəkməyib. Ölkəmizə ərazi iddiasının yer aldığı konstitusiyanı dəyişmək istəməmək, üzdəniraq Minsk Qrupunun rəsmən ləğvinə razılıq verməmək bunun bariz sübutlarıdır.

Yerdə qalanlar isə yalnız quru ritorika, boş sözlər və vədlərdir. “Ermənistan sülh müqaviləsi layihəsinin onuncu redaktə edilmiş variantını qarşı tərəfə təhvil verib. Biz mühüm bir addım atdıq: sənəddə bütün razılaşdırılmış və ya faktiki razılaşdırılmış maddələr əsasında Azərbaycanı sənədi imzalamağa çağırırıq”. “Yeni Müsavat” bildirir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan parlamentin Xarici Əlaqələr Komissiyasının rəhbəri, hakim “Mülki Müqavilə” partiyasından olan deputat Sarkis Xandanyan Azərbaycanın Ermənistanın sülh sənədi layihəsindən bəzi maddələri çıxarması ilə bağlı bəyanatını şərh edərkən deyib.

“Düşünürəm ki, sülh müqaviləsinin əsas hissəsi razılaşdırılıb. Məzmun baxımından bu çox vacibdir. Yəni bu yolla sülh müqaviləsinə çıxmaq və imzalamaq mümkün olacaq. İndi top Azərbaycanın meydanındadır”, - Xandanyan əlavə edib. “Yeni Müsavat” isə xatırladır ki, ötən həftə keçirdiyi mətbuat konfransında baş nazir Nikol Paşinyan sülh sənədində olan 17 bəndin 13-nün artıq Bakı ilə razılaşdırıldığını və sənədi imzalamağın mümkün olduğunu demişdi. Yəni 4 bənd olmadan. Rəsmi Bakı isə bunu qeyri-ciddilik kimi qiymətləndirmişdi. Bu da o anlama gəlir ki, İrəvanın çıxdaş etmək istədiyi bəndlər kifayət qədər prinsipial xarakterlidir. Elə isə sülhə praktik töhfə verməyən, müharibə riskini azaltmayan formal sənədi imzalamağa dəyərmi? Ermənistan tərəfi bununla nəyə nail olmaq istəyir - COP 29 ərəfəsi dünyanın gözündə hamıdan sülhpərvər kimi görünüb Azərbaycanı hədəfə gətirməyimi? Qısası, Ermənistanın tezbazar sülh sənədi imzalamaq istəyində hədəfi nədir?

Ramiyə Məmmədova: “Ankara Yaxın Şərqdə müharibəni səmimi şəkildə istəməyən  yeganə oyunçudur” - MÜSAHİBƏ - Oxu.az

Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədovanın ehtimalına görə, Ermənistan yarımçıq sülh istəyir. Onun qənaəti budur ki, Paşinyan piar aparır və ölkəsini sülhün tərəfdarı kimi göstərir: “İrəvan elə rəy formalaşdırır ki, guya sülhü istəməyən və bəhanə axtaran Azərbaycandır. Hərçənd, Bakının tələbləri yerinə yetirilməsə, həmin sülh sənədi adi bir kağız parçası olacaq. Tutaq ki, bu şərtlər çərçivəsində sülh müqaviləsi imzalandı, sabah da Paşinyan iqtidardan getdi, Ermənistanın konstitusiyasına istinad edən yeni hökumət həmin sənədi etibarsız hesab edərək münaqişə yarada bilər. Əminəm ki, yeni hökumət bu cəsarətdə olmayacaq və artıq o dövr deyil, erməni cəmiyyəti də müharibədən sonra hər şeyi başa düşdü. Rusiya da o dəstəyi verməyəcək. Ona görə Paşinyandan sonra gələn hökumət revanşa başlaya bilməz. Hansı güclə bizə hücum edəcək? Amma bütün bunlara baxmayaraq, sülh müqaviləsindən imtina edə bilər. Deyər ki, əvvəlki hökumət ölkənin milli maraqlarına xəyanət edib və qanunvericilik aktlarında Qarabağın Ermənistana birləşdirilməsi ideyasına söykənərək mübarizə aparacağıq. Azərbaycan məhz bu riskləri götür-qoy edərək səliqəli bir sülh sazişi tələb edir”.

Təhlilçi deyir ki, COP29 ərəfəsində Ermənistan dünya ictimaiyyətini aldatmağa çalışır: “Bu, kampaniyadır və İrəvan özünü sülhə hazır kimi təqdim edir. Ancaq tələbləri icra etmir. Burada Rusiyanın vasitəçilik səyləri də var. İrəvan da, Bakı da tərəfdarı deyil. Hələ ki ikitərəfli danışıqlar modeli işə yarayır. Sadəcə, Ermənistan hoqqabazlıq edir. Bakı deyir ki, Avropa Birliyinin mülki müşahidə qrupunu sərhəddən yığışdır, Minsk Qrupunun ləğvinə razılaş, Müstəqillik bəyannaməsindən ərazi iddialarını götür, gəl oturub sənədi imzalayaq. Amma Paşinyan hakimiyyətini qorumaq üçün indiki vaxtda buna gedənə oxşamır. Əgər imza atsa, düşünür ki, o şərtlər ikinci kapitulyasiya kimi görünəcək və Ermənistan ayağa qalxacaq. O baxımdan sülhə hazır deyillər və referenduma da 2027-ci ildə getməyi planlaşdırır. Odur ki, ilin sonuna qədər məktublaşma davam edəcək. Bu minvalla sülh danışıqları uzun illər çəkə bilər. Ancaq hər şey Ermənistandan asılıdır. Paşinyan Türkiyə ilə quru sərhədlərin açılmasını istəyirsə, sülh sənədi imzalamalıdır. Yeri gəlmişkən, onun sərhəddə görüş təklifi də var, buna da pozitiv baxmaq lazımdır”.

Elxan Şahinoğlu - Bioqrafiya.com

 Elxan Şahinoğlu 

Analitik Elxan Şahinoğlu başqa bir məsələyə diqqət çəkərək qeyd edir ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Kremlin Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində “vicdanlı broker” rolundan heç vaxt imtina etmədiyini deyib: “Bu həm İrəvana, həm də Bakıya mesajdır ki, ”Rusiyanın iştirakı olmadan məsələləri həll etməyin". Kopırkin “brokerlikdən” danışarkən 2020-ci ilin 10 noyabrında Rusiya prezidenti Vladimir Putinin iştirakıyla qəbul olunan üçtərəfli sazişi xatırladıb. Səfir İrəvana minnətlə demək istəyib ki, müharibəni dayandırmaq Putinin sayəsində baş tutub, əks halda Ermənistan daha ağır məğlubiyyətlə üzləşəcəkdi, onsuz da 3 il sonra Azərbaycan ərazi bütövlüyünü və Qarabağ üzərindəki suverenliyini bərpa edib. Azərbaycanın və Ermənistanın səfirin məntiqi ilə desək, “brokerə” ehtiyacı yoxdur, Bakı və İrəvan birbaşa danışıqlara üstünlük verirlər. Tərəflər arasında yekun sülh sazişinin imzalanması üçün “brokerə” deyil, münasib məkana ehtiyacları olacaq".

Azərbaycan-Rusiya münasibətləri daha yüksək inkişafa nail ola bilər”

Məhəmməd Əsədullazadə

“Azərbaycan Ermənistandan fərqli olaraq, hərtərəfli və yekun sülh müqaviləsinin imzalanmasında maraqlıdır”. Siyasi ekspert Məhəmməd Əsədullazadə belə dəyərləndirir. Onun sözlərinə görə, Ermənistan hələlik sülh müqaviləsinə mane olan məsələ ilə əlaqədar Azərbaycanın tələbini yerinə yetirməyib: “Bu da ölkəmizə qarşı ərazi iddiasının yer aldığı Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlıdır. Amma müqavilə ilə bağlı bir sıra razılaşmalar əldə edilib. Paşinyan da bildirir ki, sülh sazişi razılaşdırılmış maddələr əsasında imzalansın. Bu keçid sülh sazişi Paşinyana lazımdır. O, bununla daxili siyasi imkanlarını gücləndirmək və Qərbdən tam dəstək almağı hədəfləyir”. Siyasi şərhçiyə görə, İrəvan keçid sülh müqaviləsi bağlandıqdan sonra konstitusiya dəyişikliyindən yayına bilər: “Elə buna görə də xarici işlər naziri Ceyhun Bayramov söylədi ki, Azərbaycan sülh məsələsinə ciddi yanaşır. Ermənistana da tövsiyyə etdi ki, o da ciddi yanaşsın. Yəni ciddi olmaq lazımdır”.

Ekspert xatırladır ki Ermənistan baş naziri Prezident İlham Əliyevlə sərhəddə görüş təklifi ilə çıxış edib: “Azərbaycanla Ermənistan arasında belə bir təcrübə var. Vaxtilə mərhum prezident Heydər Əliyevlə Robert Köçəryan arasında sərhəddə görüş olmuşdu. İndi də liderlər Naxçıvan və ya dəhlizin keçəcəyi Zəngəzurun hansısa sərhəd nöqtəsində görüşə bilərlər. Amma İrəvan bunun üçün sülh müqaviləsinə əngəl olacaq maneəni aradan qaldıracağı ilə bağlı Bakıya tutarlı zəmanət verməlidir, əməli ilə sübut etməlidir ki, həqiqətən sülh istəyir”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR