Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın xarici siyasət strategiyası artıq uzun illərdir ki, aydın və sabit bir xətt üzərində qurulub: qonşu dövlətlərlə mehriban münasibətlər, qarşılıqlı hörmət və birgə maraqlar əsasında əməkdaşlıq. Bu konsepsiyanın təməlində isə milli maraqların qorunması və bölgədə sabitliyin təmin olunması dayanır. Azərbaycan-Türkiyə münasibətləri müttəfiqlik, qardaşlıq səviyyəsindədir. Rusiya ilə münasibətlər strateji əməkdaşlıq çərçivəsində qurulub. Gürcüstanla tərəfdaşlıq isə regional enerji və nəqliyyat layihələri fonunda strateji səviyyəyə yüksəlib. Bu mənzərədə daha bir önəmli istiqamət -İranla münasibətlər - son zamanlar yeni mərhələyə qədəm qoyur.
İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana son səfəri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Səfər bir çox suallara cavab, tərəddüdlərə son və gələcəyə dair ciddi mesaj idi. Ən önəmlisi isə odur ki, bu səfər iki ölkə arasında münasibətlərin daha yüksək – strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi üçün real zəminin formalaşdığını göstərdi.
Reallıq ondan ibarətdir ki, Azərbaycanla İran arasında uzun müddət bir sıra gərginliklər, anlaşılmazlıqlar və zaman-zaman kənar güclərin təsiri ilə soyuqluq müşahidə olunurdu. Ancaq hər iki tərəfin rasional davranışı, xüsusilə Azərbaycan rəhbərliyinin səbirli, ardıcıl və balanslı siyasəti, bu neqativ halların qarşısını almağa imkan verdi. Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi: Azərbaycanın İranla münasibətlərinin dərinləşməsinə heç bir maneə yoxdur. Və bu bəyanat təkcə diplomatik ritorika deyil, həm də strateji mövqedir.
Hazırda yaranmış beynəlxalq və regional situasiya Azərbaycanla İran arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçməsi üçün unikal imkanlar yaradır. Nə regionda, nə də qlobal miqyasda bu yaxınlaşmanı əngəlləyəcək real siyasi, iqtisadi və ya ideoloji baryer mövcud deyil. İranın da bu fürsəti dəyərləndirməkdə maraqlı olması Pezeşkianın səfəri ilə təsdiqləndi. Görüşlər zamanı tərəflər arasında nümayiş etdirilən səmimiyyət, eyni zamanda konkret layihələr ətrafında razılıqlar, bu prosesin artıq başlandığını göstərdi.
Bu gün Azərbaycan-İran münasibətləri tarixdə bəlkə də ilk dəfədir ki, bu qədər səmimi və real perspektivə sahibdir. İndi top hər iki ölkənin diplomatiyasının ayağındadır. Və görünən odur ki, bu fürsət qaçırılmayacaq.
Azərbaycan və İran dövlət başçılarının son görüşündə Prezident İlham Əliyev və həmkarı Məsud Pezeşkian bir-birinə “əziz qardaşım” deyə xitab etdilər. Bu ifadə sadəcə protokol cümləsi yox, münasibətlərin məzmununu ifadə edən siyasi manifest idi.
Bu xitab həm də ciddi bir simvoldur – Azərbaycanla İran arasında münasibətlərin sadəcə dövlətlərarası yox, həm də xalqlararası qardaşlığa söykəndiyini göstərən bir mesajdır.
Hər iki lider bu yaxınlaşmanı açıq və səmimi şəkildə vurğulamaqla, regional sabitlik və qarşılıqlı etimad baxımından mühüm jest nümayiş etdirdilər. Bu, diplomatiyada az rast gəlinən, amma strateji yükü çox böyük olan bir jest idi.
Azərbaycan-İran münasibətlərinin bünövrəsi hələ Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyev həm coğrafi yaxınlıq, həm tarixi bağlar, həm də ortaq dini-mədəni dəyərləri nəzərə alaraq İranla mehriban qonşuluq siyasətini əsas xarici siyasət istiqamətlərindən biri elan etmişdi. O dövrdə atılan təməl addımlar bu gün öz bəhrəsini verir.
Azərbaycanla İran arasında münasibətlər təkcə siyasi və iqtisadi deyil, həm də mədəni, dini və etnik bağlara söykənir. Arazın iki sahilində yaşayan milyonlarla insanı qohumluq, ortaq dil, din və adət-ənənələr birləşdirir. Məhz bunlar əsas götürülərək, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Bakı-Tehran münasibətlərinə üçüncü qüvvələrin müdaxiləsi yolverilməzdir. Prezident İlham Əliyevin dediyi kimi, “bizim İranla münasibətlərimizi kənar müdaxilələr deyil, tarix, coğrafiya və xalqlarımızın istəyi müəyyən edir”.
Azərbaycan və İran arasında münasibətlərdə etimad və qarşılıqlı hörmətin simvolik ifadəsi olan çoxsaylı faktlar içərisində bir hadisə xüsusi diqqətə layiqdir: 2020-ci ilin noyabrın 16-da Prezident İlham Əliyevin Xudafərinə səfəri və burada tarixi Xudafərin körpüsünü “Dostluq körpüsü” adlandırması. Bu, təkcə simvolik jest deyildi, həm də müharibədən sonra bölgədə yaranan yeni siyasi düzənin mühüm mesajı idi: Azərbaycan və İran arasında sərhəd təkcə coğrafi xətlərlə yox, etimad, qonşuluq prinsipləri ilə qorunur.
Bu, təsadüfi deyil. İranın 12 dövlətlə quru sərhədi var, lakin ən sabit, təhlükəsiz və etibarlı sərhəd Azərbaycanladır. Bu fakt İranın öz rəsmi dairələri tərəfindən dəfələrlə etiraf edilib. Hər iki dövlətin sərhədlərinin qarşılıqlı təhlükəsizlik və qeyri-müdaxilə prinsipləri əsasında qorunması, regionda sabitliyin mühüm dayağına çevrilib.
2020-ci ildə Vətən müharibəsində qələbədən sonra Azərbaycan bölgədə yeni reallıqların formalaşdırılmasında fəal rol oynamağa başladı. Bu yeni reallıqlar çərçivəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən “3+3” əməkdaşlıq formatı (Azərbaycan, Ermənistan, Gürcüstan + Rusiya, Türkiyə, İran) İran üçün də regional proseslərdə birbaşa iştirak imkanı yaratdı. Bu format təkcə siyasi platforma deyil, eyni zamanda bölgədəki dövlətlərin bir-birinin suverenliyinə hörmət əsasında əməkdaşlıq etməsi üçün nadir imkandır. İranın bu formata dəvət olunması, Azərbaycanın qonşuya qarşı qərəzsiz və dostluq əsaslı siyasətinin növbəti sübutu idi.
Azərbaycanın təşəbbüsü ilə formalaşan Kəlalə-Ağbənd layihəsi son dövrlərdə logistik inteqrasiyanın mühüm həlqəsinə çevrilməkdədir. Bu yolun Araz çayı üzərindən keçməsi onu həm də simvolik bir ada – “Araz dəhlizi”nə çevirir.
Bu dəhliz yalnız Azərbaycanı İranla deyil, Qara dənizlə Fars körfəzini birləşdirən strateji marşrut olaraq regionun iqtisadi xəritəsində öz yerini tapır. Yeni yol Kəlalə-Ağbənd-Cəbrayıl-Füzuli-Ağdam-Yevlax-Gəncə-Tbilisi-Batumi marşrutu üzrə Qara dənizə çıxışı olan əsas yük və sərnişin xəttinə çevrilə bilər. Bu, eyni zamanda Avropa və Asiyanı birləşdirən alternativ ticarət yolu kimi qiymətləndirilir. Tranzit gəlirləri ilə yanaşı, bu xətt regionda iqtisadi inteqrasiyanın dərinləşməsinə, sərhədlərarası əməkdaşlığın güclənməsinə təkan verəcək.
Azərbaycan həm də Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas halqalarından biridir. Rusiya, Azərbaycan, İran və Hindistanın daxil olduğu bu nəhəng layihə Avrasiya məkanında ticarət dinamikasını dəyişəcək gücdədir. Hazırda bu dəhlizin tərkib hissəsi olan Rəşt-Astara dəmiryolu xəttinin tikintisi gedir. Bu yol istifadəyə veriləndə Hind okeanından Avropaya qədər yüklərin daşınması üçün ən qısa və təhlükəsiz marşrut formalaşacaq.
Logistika qədər enerji sahəsində də Azərbaycan-İran əməkdaşlığı yeni mərhələyə daxil olur. Azərbaycanın ənənəvi enerji ixracatçısı kimi mövqeyi artıq bərpaolunan enerji sahəsində də güclənməkdədir. Qarabağ və Naxçıvan bölgəsində günəş və külək enerjisi layihələri, Xəzər akvatoriyasında dəniz külək elektrik stansiyalarının qurulması Azərbaycanın enerji coğrafiyasını dəyişir.
İran isə Azərbaycan üçün həm potensial enerji alıcısı, həm də enerji mübadiləsində tərəfdaş rolunu oynayır. Xüsusilə, Azərbaycan-İran-Rusiya arasında enerji mübadiləsi mexanizmlərinin yaradılması bölgədə regional enerji bazarının formalaşması deməkdir.
Şahanə Rəhimli
Musavat.com
29 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ