Onlayn ictimai-siyasi qəzet
Ölkəmizdə fəal şəkildə təşviq olunan siyasi dialoq mühiti və bununla əlaqədar formalaşmaqda olan yeni siyasi mədəniyyət çərçivəsində siyasi partiya sədrlərinin işğaldan azad edilmiş ərazilərə birgə səfərlərinin təşkili Azərbaycan ictimaiyyəti tərəfindən artıq müsbət demokratik ənənə kimi qəbul olunur. Milli həmrəylik təzahürü ilə təcəssüm olunan və ictimaiyyət tərəfindən təqdir edilən bu demokratik təcrübə siyasi proseslərdə iştirak edən tərəflər arasında etibarlı və işgüzar münasibətləri daha da dərinləşdirir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan siyasi dialoq mühiti çərçivəsində mütəmadi şəkildə müxtəlif səpgili layihələr icra edilir. Görüşlər, açıq müzakirələr, teledebatlar, peşəkar diskussiyalar, birgə səfərlər, konfranslar və bu kimi digər layihələr siyasi proseslərdə iştirak edən tərəflər arasında etibarlı əməkdaşlıq münasibətlərinin bərqərar olunmasına xidmət göstərir. Azərbaycan ictimaiyyəti təqribən son beş il ərzində iqtidarın mövcud istiqamətdəki davamlı təşəbbüslərinin şahididir. Siyasi dialoq ilə əlaqədar hökumət tərəfindən atılan bütün təşəbbüslər mediada açıq şəkildə işıqlandırılır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev öz çıxış və müsahibələrində siyasətdə sağlam münasibətlərin bərqərar olunması, siyasi dialoq mühitinin əhəmiyyəti və konstruktiv əməkdaşlığın vacibliyi kimi önəmli demokratik məzmunlu təzahürləri prinsipial və davamlı şəkildə qeyd edir.
Siyasi partiya rəhbərlərinin işğaldan azad olunmuş ərazilərə birgə səfərlərinin təşkili təcrübəsi konkret məsələlərin müzakirəsi üçün işgüzar mühiti yaratmaqla tərəflər arasında konstruktiv əməkdaşlığı təşviq edir. Xatırladaq ki, sağlam və səmərəli əməkdaşlıq mühitinin bərqərar olunmasına xidmət edən siyasi partiya rəhbərlərinin birgə səfərləri daha əvvəl Ağdam, Şuşa (2 dəfə), Zəngilan, Xocalı, Əsgəran və Xankəndiyə təşkil olunub.
Ölkəmizdə yaşanan siyasi dialoq mühiti sayəsində müxalif siyasi partiyalar, eyni zamanda, beynəlxalq tədbirlərdə də tərəf müqabili kimi iştirak edirlər. Belə ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə birgə səfərlərlə yanaşı, ölkə siyasiləri, həmçinin Şuşa Bəyannaməsinin birinci ildönümü ilə əlaqədar 2022-ci il iyunun 15-də Şuşa şəhərində keçirilmiş “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” adlı beynəlxalq konfransa da qatılıblar. Bununla da siyasi partiyalar cəmiyyətin intellektual potensialının səfərbər edilməsi kimi dövlət üçün mühüm və strateji vəzifənin icrasını təmin etmiş olurlar.
AZƏRTAC xəbər verir ki, növbəti, artıq sayca 6-cı olan birgə səfərin ünvanı Laçındır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə aprelin 29-də həyata keçirilmiş səfərdə ümumilikdə 80 nəfər olmaqla, 24 siyasi partiyanın sədr və nümayəndələri, habelə politoloq, siyasi şərhçi, internet televiziyalarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər iştirak ediblər. Səfər çərçivəsində Zabuxçay su anbarı, Laçın şəhəri, o cümlədən Heydər Əliyev küçəsi, “Lacinema” kino mərkəzi, “Hoçazfilm” kinopavilyonu və Bəylik kəndində aparılan bərpa və yenidənqurma işləri ilə tanışlıq olub, habelə “Zerti Aqro-Sənaye Parkı”nda fəaliyyət göstərən müəssisələr haqında ətraflı məlumatlar verilib.
Səfər zamanı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Laçın şəhərində iştirakçılar qarşısında çıxış edərək ötən dövr ərzində Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı şəkildə təşviq olunan həmrəylik mühitinin strateji əhəmiyyəti və mövcud istiqamətdə görülmüş işlər haqqında geniş məlumat verib.
Ölkədə həmrəylik mühitinin qorunmasında siyasi partiyaların müstəsna əhəmiyyətini vurğulayan Administrasiya rəsmisi qeyd edib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə bütün dünya azərbaycanlılarının qürur mənbəyidir. Vətənpərvər qüvvələri birləşdirən əsas amilin milli maraqlar və dövlətçilik mövqeyi olduğunu bildirən Ədalət Vəliyev bildirib ki, Laçının timsalında işğaldan azad olunmuş bütün ərazilərdə aparılan bərpa-quruculuq işlərinin səviyyəsi haqqında təsəvvürlər formalaşa bilər. İşğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı müasir Azərbaycan tarixinin ən qürurlu səhifələrindən olduğunu bildirən Administrasiya rəsmisi mövcud istiqamətdə Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş müvafiq dövlət proqramlarından da söhbət açıb.
Suverenliyin tam bərpasının Azərbaycan tarixinin mahiyyət və keyfiyyət etibarilə yeni inkişaf mərhələsi olduğunu xüsusi vurğulayan Ədalət Vəliyev diqqətə çatdırıb ki, ölkəmizdə yaşanan milli həmrəylik mühiti sabitlik və dayanıqlı inkişafın zəmanətidir. Siyasi dialoqda fəal iştirak edən siyasi partiyalar həmrəylik mühitinin qorunmasına öz töhfələrini verirlər. Odur ki, siyasi partiyaların Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan bu cür layihələrdə fəal iştirakı bilavasitə milli və siyasi həmrəyliyin təzahürüdür.
Səfər çərçivəsində siyasilər Laçının iqtisadi, habelə turizm potensialı ilə də tanış olublar. İştirakçılara bildirilib ki, Laçının turizm potensialı digər rayonlarda yaradılacaq turizm imkanları ilə də uzlaşdırılacaq. Burada hotellər, istirahət zonaları yaradılacaq və kənd turizmi də inkişaf etdiriləcək. Nəzərə alınmalıdır ki, yaradılacaq yeni infrastruktur layihələri Qarabağa qayıdacaq insanlar üçün məşğulluq və gəlir mənbəyi olacaq.
Hökumətin bu cür təşəbbüslərində siyasi partiyaların fəal iştirakı sayəsində siyasətdə konstruktiv əməkdaşlıq, dövlət naminə şəxsi ambisiyalardan imtina olunması, milli həmrəylik, habelə etibarlı münasibətlər təmin edilir. Əlamətdar və müsbət haldır ki, sözügedən səfərlər Prezident İlham Əliyevin yerlərdə yeni yaşayış məkanların rəsmi açılışlardan və Qarabağa köçmüş sakinlər ilə görüşlərdən sonra təşkil olunur. Sözügedən hal bir daha ölkəmizdə sağlam iqtidar-müxalifət münasibətlərinin mövcudluğundan xəbər verir./AZƏRTAC
29 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ