Onlayn ictimai-siyasi qəzet
Con Bolton: "Putin Trampın ona dəstək verəcəyinə əmindir, Rusiya imperiyasını bərpa etməyə çalışır"
ABŞ-ın sabiq milli təhlükəsizlik müşaviri Con Bolton Rusiya prezidenti Vladimir Putinin hazırda danışıqlara tələsmədiyini, çünki döyüş meydanında üstünlük qazandığını düşündüyünü bildirib. Boltonun sözlərinə görə, Putin hesab edir ki, bu vəziyyət ona mümkün sülh danışıqlarında daha çox güzəşt qoparmağa imkan verəcək.
Musavat.com xəbər verir ki, Litvanın "Delfi" portalına müsahibə verən Bolton bildirib ki, Putin həmçinin ABŞ prezidenti Donald Trampın ona dəstək verəcəyindən əmindir:
“Putin əmindir ki, Tramp bütün güzəştlərə gedəcək və bu, ona sərfəlidir. Keçmiş KQB agenti kimi o, insanları manipulyasiya etməyi, onların zəif tərəflərindən istifadə etməyi yaxşı bacarır. Trampın ilk prezidentliyi dövründə və yenidən vəzifəyə qayıdacağı təqdirdə ilk 90 gün ərzində onu necə "oynatmağı" bildiyini artıq sübut edib.”
“Putinin ambisiyaları Ukrayna ilə məhdudlaşmır”
Boltonun fikrincə, Vladimir Putinin məqsədləri təkcə Ukrayna ilə məhdudlaşmır, onun planları daha geniş coğrafiyanı əhatə edir:
“Putin Rusiya imperiyasını bərpa etmək istəyir. Bu, təkcə Ukrayna deyil – Baltikyanı ölkələr, Belarus, Cənubi Qafqaz və Orta Asiya respublikaları da bu məqsədin tərkib hissəsidir. Belarus artıq faktiki olaraq Rusiyanın nəzarəti altındadır. Azərbaycan, Gürcüstan, Ermənistan da eyni təsir dairəsindədir. O, bu ölkələri Rusiyanın tarixi imperiyasının bir parçası kimi görür.”
Bolton əlavə edib ki, Rusiya Ukraynada müvəqqəti atəşkəsə razılaşsa belə, bu yalnız qısa müddətli olacaq:
“Kreml yeni qüvvələr topladıqdan, ordusunu bərpa etdikdən və texniki imkanlarını gücləndirdikdən sonra hücumlara davam edəcək. Bu, Putinin uzunmüddətli strateji planıdır. Mən əmin deyiləm ki, Tramp bu böyük mənzərəni anlayır və ya başa düşsə belə, bu onun qərarlarına təsir edərmi.”
"Rusiya yeni ərazilər ələ keçirmək gücündə deyil"
Bolton həmçinin qeyd edib ki, Ukraynada verdiyi ağır itkiləri nəzərə alsaq, Rusiyanın hazırda yeni əraziləri işğal etmək gücü məhduddur. Buna baxmayaraq, Kreml digər vasitələrlə geosiyasi nüfuzunu genişləndirməyə çalışır.
Sabiq müşavir Avropa ölkələrini birləşməyə və Trampın siyasətinə arxalanmamağa çağırıb: “Avropa öz təhlükəsizliyi üçün Trampın yaxşı niyyətlərinə etibar etməməlidir. Bu, olduqca risklidir.”
Toğrul İSMAYIL,
Musavat.com
30 Aprel 2025
29 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ