Onlayn ictimai-siyasi qəzet
“Azərbaycanda keçirilən məhkəmə prosesində bir sıra mühüm məqamlara aydınlıq gətirilir. Bakı Məhkəmə Kompleksində davam edən məhkəmə prosesində Şuşanın işğalı ilə bağlı da bir sıra məqamlar üzə çıxmaqdadır. Hüquqi zəmində bir sıra ifadələrin verilməsi, açıqlamaların olması həm də qaranlıq məqamların və 30 il keçməsinə baxmayaraq, ört-basdır edilməyə cəhd göstərilən hadisələri də gün üzünə çıxarır”.
Bu fikirləri Musavat.com-a politoloq İlyas Hüseynov deyib.
Politoloq bildirib ki, ifadə verən şəxslər Şuşanın işğalının Ermənistan ali siyasi rəhbərliyi tərəfindən icra edilməsi faktını üzə çıxarır:
““Komandos” ləqəbli Arkadi Ter-Tadevosyanın və digər şəxslərin planı üzrə Şuşanın işğalı həyata keçirilmişdi. Orada etnik təmizləmə aparılıb, müxtəlif cinayətlər törədilib. Hərbi təcavüz nəticəsində sülh və insanlıq əleyhinə misli görünməmiş cinayətlər törədilib. Azərbaycanlılara qarşı etnik nifrət, müharibə qaydalarını pozma, terrorçuluq, soyğunçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə kimi çox ağır cinayətlərdən söhbət gedir.
Bütün bunlar onu deməyə əsas verir ki, gələcəkdə Azərbaycan tərəfi bu cinayətlərin sifarişlərini həyata keçirən şəxslərin də məsuliyyətə cəlb edilməsi məsələsini beynəlxalq instansiyalar qarşısında qaldıra bilər. Digər tərəfdən isə dəymiş külli miqdarda maddi ziyana görə təzminat ödənilməsi də həyata keçirilməlidir.
Hesab edirəm ki, buna Azərbaycanın prinsipial mövqeyi, siyasi iradəsi də yetərlidir. Bu, bizim təbii haqqımızdır. Çünki Şuşa da daxil olmaqla bizim digər rayon, şəhər, kənd və qəsəbələrimizdə də urbisid, kultursid, ekosid həyata keçirilib. Müxtəlif erməni şəxslər bu cinayətlərin arxasında dururlar. Onlar hələ də həyatdadır. Ona görə də onların məsuliyyətə cəlb edilməsi prosesinə başlamaq lazımdır. Çünki azərbaycanlılara qarşı çox sərt, alçaldıcı fikirlər səslənib. Halbuki azərbaycanlılar Şuşa və digər ərazilərdə - Qarabağ və Şərqi Zəngəzurda tarixən yaşayıblar, yaradıblar. Mədəniyyət, incəsənət və digər sahələrə misilsiz töhfələr veriblər.
Ermənistanda müstəqillik əldə olunandan sonra psevdovətənpərvərlik hərəkatı, “Ermənistanın Qarabağla birləşdirilməsi” – “Miatsum” ideologiyasının başında duran şəxslər çox səhv ideoloji-siyasi xətt yürüdüblər. Biz bunu həm də Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın çıxışlarında görmüşük. Ağdamın işğal günündə “Yerkrapa” terror təşkilatının üzvləri ilə görüşündə bildirmişdi ki, biz 600 illik problemə son qoymuşuq. Ermənistan və Qarabağ ərazisindən azərbaycanlıların qovulmasını, azərbaycanlılara qarşı zorakı metodlardan istifadəni fəxrlə terrorçularla bölüşmüşdü”.
Aytən Novruz
Musavat.com
29 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ