İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Paylanın ağzından niyə vurmadı? – ŞOK səbəb

“Hər şər işdə bir xeyir başlanğıcı var” deyib aqillər. Hər uğursuzluqda da yəqin ki, fürsət pəncərəsi, şans rüşeymi. Əlbəttə, hikmət sahibləri üçün, uzağı görməyi bacaranlar üçün.

Əfsus ki, bunca faciələrdən, haqq etdikləri bəla-müsibətdən sonra da bədnam qonşularımız düzəlmir, ağıllanmırlar. “Göydən yerə enmək” istəmir, ipə-sapa yatmırlar. Qonşularla normal qonşu kimi yaşamağı öyrənmirlər. Zira, əsiri olduqları xəstə təfəkkür, “qədim və əzabkeş xalq” mifi imkan vermir.

Bu səbəbə təkrarlamaq zorundayıq: ermənilərin hakimiyyət dəyişikliyindən çox təfəkkür dəyişikliyinə ehtiyacı var. Nə qədər ki, bu baş verməyib, Ermənistana hansı –yan rəhbərlik edir-eləsin, bu süni yaradılmış, cırtdan və “dalan” dövlət Qafqazda qonşular üçün konflikt qaynağı, fitnə-fəsad yuvası kimi qalacaq. Demək ki, yeyəcəkləri yeni ağır zərbələr qaçılmaz olacaq...

Erməni toplumu Azərbaycan və Türkiyə ilə sülhə hazır deyil. Bunu gizlətməyin, özümüzü aldatmağın mənası yox. Daha dəqiqi, onların təsəvvüründəki “sülh”, “barışıq” bambaşqadır. Ötən həftə İrəvanda səfərdə olan, Nikol Paşinyan tərəfindən qəbul olunan Türkiyə əsilli erməni, Xalqların Demokratik Partiyasından (HDP) keçmiş deputat Qaro Paylanın məlum avantürist açıqlaması buna şəkk-şübhə saxlamadı.

Yada salaq, Paylan Ermənistanın Azərbaycanla normallaşma adı ilə vaxt qazandığını, Fransa və ABŞ-dan silah aldığını deyib. “İndi Azərbaycana hücum edəcək gücdə deyilik. Bundan ötrü 3-5 ilə ehtiyacımız var. Fransa və ABŞ-nin köməkliyi ilə ordumuzu gücləndirəcəyik və bu, 3-5 il ərzində mümkün olacaq”, - üzdəniraq zat ərz edib.

Diqqət edin, Türk çörəyi yeyən bu yaramaz Türkiyə vətəndaşı ola-ola, Ermənistan sakini kimi, onun adından danışır. İki xalqın barışığına deyil, müharibəyə çağırır. O, hesab edir ki, Bakı ilə sülh müqaviləsinə ehtiyac yoxdur, Ermənistan öncə 3-5 ilə hərbi cəhətdən güclənməli, sonra isə Azərbaycanla ayrı cür danışmalıdır.

Nə cür? Məgər ordumuz Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə girib? Ya bəlkə həmin ərazinin hansısa hissəsinə iddia edirik? Əlbəttə, yox. Nə Azərbaycanın, nə də Türkiyənin belə niyyəti yoxdur, olmayıb. Güney Qafqazın yeganə işğalçı ölkəsi isə bütün dünyaya bəlli: Ermənistan. O zaman bu nə mesaj, nə həşirdir?..

Heç kim çörəyi qulağına yemir. Şəksizdir ki, Paylan Qarabağın təzədən işğalını nəzərdə tutur. Formal əsas çoxdan var: Azərbaycan və Türkiyəyə qarşı torpaq iddialarının yer aldığı Ermənistan konstitusiyası. Hansını ki, İrəvan illərdir beynəlxalq hüquqa uyğunlaşdırmaqdan yayınır. Vaxt uzadır.

Ötən həftə bu xüsusda Nikol Paşinyan sırtıqcasına yenə bəyan elədi ki, Ermənistan konstitusiyasında heç bir ölkəyə, o cümlədən Azərbaycana ərazi iddiası yoxdur. Bunun üstündən indi nə deyəsən, nə yazasan? Təsadüfi deyil ki, türkiyəli erməni itinin yuxarıdakı qızışdırıcı fikrilərinə cəmiyyət bir yana, Paşinyan və hökumətindən hər hansı qınaq, irad eşitmədik. “İlanın ağına da lənət, qarasına da...”

Bütün bunların üstündən Nikol Vovayeviçin dünən Vaşinqtonda erməni icması ilə görüşdə ağzını daha gen açaraq söylədiyi “Ermənistan 44 günlük müharibədə məğlubiyyətdən keçərək müstəqil, suveren dövlətə sahib olmaq imkanı qazanıb” sözləri qapa qəpiyə dəyməz. Nədən ki, o sözlərin arxasında cəmiyyət, hakimiyyət-müxalifət olaraq, hayların 2-ci Qarabağ savaşından dərs götürməsi faktı dayanmır. Azərbaycan və Türkiyəyə qarşı Ermənistanın rəsmi (!) torpaq iddiaları bu gün də davam edir və ləğv olunmayıb.

Bu fonda kapitulyant ölkə Hindistandan, Fransadan, qismən ABŞ-dan intensiv hücum silahları və hərbi texnika, PUA-lar tədarük edir. Sürətlə silahlanır. Halbuki ərazisinə heç kimin göz dikmədiyi cırtdan Ermənistana ordu-zad lazım deyil. Həmin vəsaiti o, öz kasıb əhalisinin vəziyyətini yaxşılaşdırmaq üçün sosial-iqtisadi və humanitar layihələrə yönəldə bilərdi...

Amma baxın, İrəvan bu il üçün özünə rekord həcmdə - 1.7 milyard ABŞ dolları dəyərində hərbi büdcə müəyyən edib. ÜDM-nin 6%-i həcmində! Müqayisə üçün, NATO ölkələrində bu xərc ÜDM-nin 2%-i qədərdir (Tramp onu 5%-ə qaldırmağı tələb edir).

Elə isə Paşinynın “biz məğlubiyyətdən sonra müstəqil, suveren dövlətə sahib olmaq imkanı qazandıq” sözlərinin səmimiliyinə necə inanaq? Ümumiyyətlə, inanmalıyıqmı? Axı dəmir məntiq başqa şey pıçıldayır: “real Ermənistan” quruculuğu tər-təmiz bəhanədir, İrəvan bu ad altında yeni ərazi işğalı üçün müharibəyə hazırlaşır. O zaman onun qaldıra bilməyəcəyiniz bədəlinə də hazır olun!..

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR