Onlayn ictimai-siyasi qəzet
“ABŞ prezidenti Donald Tramp xüsusilə Ukraynada hərbi əməliyyatlara verdiyi dəstəyi dayandırmaqla artıq dünyanı alt-üst edib”.
Musavat.com xəbər verir ki, bu sözlər Macarıstanın baş naziri Viktor Orban tərəfindən səslənib.
Macarıstan hökumətinin başçısına görə, Ağ Evin yeni rəhbərliyi Avropa İttifaqının bütün ölkələrə tətbiq etməyə çalışdığı şeyi məhv etdi.
Orban Avropa İttifaqının fevralın 3-də Brüsseldə baş tutan ilk qeyri-rəsmi zirvə görüşünü “qəribə” adlandırıb.
“Brüsseldə hamı Tramp tornadosunun gəldiyini görür, lakin onların çoxu hələ də bundan qaça biləcəklərini düşünür.
14 gün ərzində Donald Tramp artıq bir neçə tədbirlə dünyanı alt-üst etdi. Amerikada gender çılğınlığı sona çatdı, milyarder Corc Sorosun qlobalist təşkilatlarına maliyyəni dayandırdı, qeyri-qanuni immiqrasiya bitdi və Rusiya-Ukrayna müharibəsinə dəstək bitdi. Başqa sözlə, Brüsseldəki bürokratların son illər bizə sırımağa çalışdıqları hər şey sona çatdı”, - deyə Orban davam edib.
Onun sözlərinə görə, Tramp dünya ticarətinin mövcud qaydalarını poza bilər, çünki o, “ABŞ-ın maraqlarını hətta Avropaya qarşı da müdafiə etmək” niyyətindədir.
“Avropa İttifaqı çətin aylar qarşısındadır və Brüsseldəki bürokratlar çətin günlər keçirəcək. Avropalılar ABŞ-la iqtisadi əlaqələri saxlamaq üçün sövdələşməyə getməli olacaq”, - deyə Viktor Orban qeyd edib.
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ