Onlayn ictimai-siyasi qəzet
Sən demə, Azərbaycan mətbuatının 150 illiyidir və Milli Məclis bu münasibətlə medal təsis eləmək qərarını açıqlayıbdır. Yayda bizi maraqlı günlər gözləyir. Yenə hörmətli həmkarlarımız qələmi süngüyə çevirib bir-birinə girəcəklər. O deyəcək mənə medal düşür, sənə yox. Bu deyəcək yazılarımı soxaram gözünüzə. Üçüncüsünün şivənindən bəlkə Həsən bəy Zərdabi yerindən oyandı, təzədən dərbədər düşdü.
Axı biz milli mətbuatımızın banisini nə az, nə çox - düz 3 dəfə basdırmışıq. Rəhmətliyə torpağın altında dinc uzanmağa imkan verməmişik. Hər dəfə aləm qarışanda birinci işimiz Zərdabini çıxarıb təzədən basdırmaq olubdur. Məsələn, Fəxri Xiyabanda dəfn edilən, üzərində “Burada filan ildə Müsavat cəlladları tərəfindən qətlə yetirilən alovlu bolşevik Filankəs uyumaqdadır” elanı vurulan ölülərə heç gör başın üstdə daşın var (bu, gözün üstdə qaşın var məsəlinin ölülərə aid versiyasıdır) deyən olubmu? Olmayıb.
Amma haradan baxsan 150 illik jurnalistikamız çiçəklənmə dövrünü yaşayır. Həkimlərdən tumansatanlara, dələduzlardan müəllimlərə qədər hər bir müqəddəs peşə sahibi mətbuata, KİV-ə reklam verməyə çalışır. Hərçənd indi buna pis gözlə baxanlar yaranıb, özü də deputatlar arasında. Deyirlər ekran-efirdən həkim reklamı yığışdırılsın, orada ancaq bizi göstərsinlər (ikinci hissəni özümdən uydurdum, deputatları efirdə göstərsək seçicilər onları yaxından tanıyar, qanqaraçılıq olar).
Bəs deputatlar niyə həkim reklamına neqativ yanaşmağa başlamışdır? İlk ağıla gələn klassik Azərbaycan modelidir: “Yəqin kimsə təzə həkim gətirib, istəyir onu reklam eləsin”. Axı adətən belə olur. Görürsən hansısa oliqarx maşın aptekçəsi gətirir, dərhal bunun qanunu çıxır, maşına qoymayanları cərimə edirlər.
İkinci versiya budur ki, ola bilsin hansısa deputatı reklam edilən həkim düzgün müalicə etməyibdir. Bu, bir az inandırıcı gəlmir, çünki şanlı millət vəkillərimiz onsuz asqıranda da aşağısı Türkiyəyə qaçırlar. “Kəndçi balnisası” onlara yaraşmaz.
Üçüncü versiya həqiqətən xalqın səsini çatdırmaqdır. Fantastik görünsə də, hərdən belə olur. Misal üçün, elə dünən MM-də Səyavuş Novruzovun İmişli hadisələrinə aid yaxşı çıxışı vardı. Sitat: “İcra başçısı, polis rəisi, niyə durub gəlmirsən ora? Sadəcə, rayon prokuroru gedib... Çıx camaatın qarşısına, onu başa sal! Niyə camaatdan kənara qaçırsınız?” Hələ bu harasıdır, Novruzov daha mütərəqqi təklif irəli sürüb, deyir orada asayişi pozmaqda suçlanıb həbs edilənləri bağışlamaq, azad eləmək lazımdır.
Gözəl təklifdir. Novruzov heç İmişlinin deputatı deyil, amma ora üçün çalışır. Təklif edirəm Razi Nurullayev buna baxıb azca xəcalət çəksin.
Mən özüm də o şəxslərin azadlığa buraxılmasını arzulayıram. Axı onlar əsəblərini cilovlaya bilməyib, qəza törədən polis avtomobilini əziblərsə, buna görə 3 ay həbs, daha sonra uzun müddətli cəza nəzərdə tutan cinayət işi nəyə lazımdır? Bütün dünyada polis maşınını əzirlər. Əslində o maşın xalqın özünün vəsaiti ilə alınıbsa, xalq elə öz əmlakını əzmiş olur. Təki əzilən maşın olsun, necə deyərlər. İnsan həyatı deyil ki? Üç uşağın ölümünə səbəb maşını bəlkə birinci elə polis özü əzməli idi. Bununla əsəblər sakitləşərdisə, niyə olmasın? Yenə xüsusi vurğulayıram: heç bir dövlət əmlakı insan həyatından dəyərli deyil. O cümlədən insan azadlığından.
Təsadüfə bax ki, dünən sabiq deputat, polisə qarşı zorakılıqda suçlanıb 3 il yarım həbs cəzası almış Eldəniz Səlimov azadlığa çıxdı. Doğrudur, Səlimov cəzasını saatınacan çəkib, ancaq ümid edək əlaqədar orqanlar deputat Novruzovun humanist təklifinə yaşıl işıq yandırar.
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ