Onlayn ictimai-siyasi qəzet
Musavat.com bildirir ki, Moskvada 3 fevralda “Alıye parusa” yaşayış kompleksində baş verən partlayışla bağlı yeni detallar ortaya çıxıb.
Öncə onu vurğulayaq ki, sui-qəsd partlayışı nəticəsində ağır yaralanan qondarma Donetsk Xalq Respublikasının (DNR) Boks Federasiyasının rəhbəri, Ukraynaya qarşı döyüşən "Arbat" batalyonunun qutucusu Armen Sarkisyan xəstəxanada həyatını itirib.
DETALLAR VƏ TƏFƏRRÜAT
Hadisə zamanı partlayıcının gücünün 300-400 qram trotil ekvivalentində olduğu bildirilir. Partlayış nəticəsində bir nəfər yerindəcə ölüb, daha dörd nəfər yaralanıb. Yaralılardan biri Armen Sarkisyan olub. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan separatçı koma vəziyyətində olub və özünə gəlmədən ölüb. Həkimlərin ilkin rəyinə görə, o, sinəyə nüfuz edən qəlpə yarasından həyatını itirib. Xəstəxanaya gətirilərkən onun ayağının biri də dibindən qopmuş olub.
Separatçının aradan götürülməsi əvvəlcədən planlaşdırılıb
Rusiya mediası bildirir ki, Sarkisyana qarşı sui -qəsd azı bir ay əvvəldən planlaşdırılıb. Qəsdçilər onu izləyib, yaşadığı kompleksdə mənzil kirayələyərək hərəkətlərini günlərlə nəzarətdə saxlayıblar.
Hazırda Rusiya hüquq-mühafizə orqanları bütün sakinləri, xüsusilə də kirayə mənzillərdə yaşayanları araşdırır. “Alıye parusa” yaşayış kompleksi Moskvada yüksək təhlükəsizlik sisteminə malik elit binalardan biridir və burada bir çox tanınmış şəxslər, o cümlədən aparıcılar Anna Sedokova, Dana Borisova, Anna Kalaşnikova, Alla Dovlatova və hüquqşünas Sergey Jorin yaşayır.
Hadisə şahidlərinin sözlərinə görə, son vaxtlar kompleksdə naməlum, şübhəli şəxslər görünürmüş. Partlayış zamanı binanın liftinin işləmədiyi bildirilir. Jurnalist Alla Dovlatova partlayışdan sonra aşağı düşdüyünü, ətrafın tüstü qoxusu ilə dolduğunu bildirib.
İkinci ölən kimdir?
İlkin məlumatlara görə, partlayışı törədən şəxs təxminən 45 yaşlı Ermənistan vətəndaşıdır. Onun qısa tünd saçları, alın nahiyəsində seyrəklik və ayağında qılınc şəklində döymə olduğu bildirilir. Sui-qəsdçinin partlayıcı qurğunu bədəninə bağladığı və Armen Sarkisyanın girişə daxil olduğu an onu aktivləşdirdiyi ehtimal olunur.
Hadisə yerində sui - qəsdçilərdən birinə aid olduğu güman edilən kepka (papaq) tapılıb və hazırda ekspertizaya göndərilib. Şübhəli şəxs partlayışdan bir neçə dəqiqə əvvəl binanı tərk edib, artıq papaqsız vəziyyətdə müşahidə kameralarına düşüb.
Ukraynada axtarışda olan separatçı
Armen Sarkisyan əvvəllər Ukrayna vətəndaşı olub və Donetskdə separatçı silahlı dəstələrin hazırlanmasında iştirak edib. 4 dekabrda Ukrayna ona qarşı cinayət işi açıb, onu qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham edib.
Hadisə ilə bağlı istintaq davam edir. Rusiya hüquq-mühafizə orqanları sui-qəsdin arxasında hansı qüvvələrin dayandığını müəyyənləşdirmək üçün araşdırmalar aparır.
Rusiya mətbuatının yazdığına görə, Sarkisyana qarşı sui-qəsdin arxasındsəa tütün məmulatları bazarının bölüşdürülməsi uğrunda mübarizə dayana bilər. Belə ki, A.Sərkisyan Rusiyaya tütün məmulatları idxalında böyük paya malik idi.
@@TVmusavat/107614@@
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ