İnsanlara hürriyət, millətlərə istiqlal!

Ötən il özəl xəstəxanalar buna görə cərimələnib

Deputat Rəşad Mahmudov ötən gün Milli Məclisdə çıxışında bildirib ki, müəyyən yoxlamaların ləğvi bəzi özəl tibb müəssisələrində gigiyena, xidmət keyfiyyəti və peşəkar standartların aşağı düşməsinə səbəb olub. Onun sözlərinə görə, nəzarətsiz qalan tibb müəssisələri sui-istifadə hallarına yol verirlər.

Buradan sual yaranır - özəl xəstəxanalarda hansı yoxlamalar ləğv edilib və niyə?

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Musavat.com-un sorğusuna cavab olaraq bildirilib ki, mərkəz tərəfindən keçirilən yoxlamalar dayandırılmayıb.

“İki növ yoxlama keçirilir: planlı və plandankənar. Müvafiq dövlət qeydiyyatlı lisenziyalı “Özəl tibb fəaliyyəti” ilə məşğul olan sahibkarlıq subyektlərində qanunvericiliklə müəyyən olunan qaydada “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununu rəhbər tutaraq planlı yoxlamalar keçirilir.

Qeyd edilən qanunun tələbinə əsasən, planlı yoxlamaların keçirilməsi barədə rəsmi məlumat ən azı 5 iş günü müddətində (yəni yoxlama başlamadan 5 gün əvvəl) sahibkara ünvanlanır. Keçirilən planlı yoxlamalar zamanı aşkar edilən nöqsanların qısa müddət ərzində aradan qaldırılması ilə bağlı qərar qəbul edilərək, müəssisə rəhbərliyinin icrası üçün göndərilir.

Plandankənar yoxlamalar isə vətəndaşların şikayətləri, yerli dövlət orqanlarının müraciətləri və mediada də yayılan məlumatlar əsasında keçirilir. Analoji olaraq plandankənar yoxlamalar da eyni qayda ilə tənzimlənir.

Nəzərinizə çatdırırıq ki, 2024-cü il ərzində AEM tərəfindən ölkənin 44 regionunda 163 planlı yoxlama keçirilib, nəticədə müxtəlif qanun pozuntuları aşkarlanıb və 55 protokol tərtib edilərək, növbəti icraata göndərilib.

Eyni müddətdə ölkənin 29 regionunda 151 plandankənar yoxlama keçirilib, müxtəlif qanun pozuntularına görə 67 protokol tərtib edilərək, növbəti icraata göndərilib.

Qeyd edək ki, aşkar edilən qanun pozuntularına görə İnzibati Xətalar Məcəlləsinin əsasən aşağıdakı maddələrinə uyğun protokollar tərtib edilib:

210.1 – Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə, fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.

215.1 - Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manata qədər, hüquq şəxslər altı min manatdan səkkiz min manata qədər cərimə edilmə edilir.

215.3 – İxtisaslaşdırılmış tibbi yardımın “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada göstərilməməsinə görə, beş yüz manat məbləğində cərimə edilir

215.4 – Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə — vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir”, - mərkəzdən qeyd edilib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR