İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan nazirini “sülh danışıqları”na göndərir, sərhəddə isə atəş açdırır - niyə?!

Rəsmi İrəvan “mələk” libaslı bəyanatlarının kölgəsində qarışdırıcı funksiyanı icra edir; məqsəd status-kvonu saxlamaqdır; dövlətimizin ali iradəsi ortada; deputat: “Ermənistan rəhbərliyi sonuncu hay qalana qədər onlardan geosiyasi alət kimi faydalananların diqtəsi ilə hərəkət etmək istəyəcəksə, qoy istəsin”

Ermənistanda dövlət böhranı daha da dərinləşir və bu, bölgə üçün yeni təhlükələr yaradır. Baş nazir Nikol Paşinyanın komandasını idarə edə bilmədiyi, hökumətin kənar güclərin diqtəsi ilə davrandığı, daxili siyasi qrupların mərkəzi hakimiyyətə tabe olmaması faktı göz önündədir.

Nəticə etibarı ilə Ermənistan sülh prosesindən yayınır, yayındırılır və görünən budur ki, başıpozuq ölkə təxribatları dayandırmayacaq. Bunu cəmi iki faktı müqayisə etməklə təsdiqləmək mümkündür: 12-14 sentyabr hadisələrindən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında iki görüş keçirildi. Nazirlər oktyabrın 2-də Cenevrədə, bundan qabaq - sentyabrın 19-da Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə müzakirələr aparmışdılar. Cenevrə görüşündən öncə Nikol Paşinyan demişdi ki, nazirlər sülh müqaviləsinin mətnini müzakirə edəcəklər. 3 oktyabr 2022-ci il tarixində Cenevrədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla İsveçrə Konfederasiyasının xarici işlər üzrə dövlət katibi Livia Leu ilə görüşüb. Ceyhun Bayramov erməni nazilər görüşün nəticələri ilə bağlı öz təəssüratlarını İsveçrə tərəfi ilə bölüşüb. Səylərin postmünaqişə dövründə Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsinə və sülh müqaviləsinin imzalanmasına yönəldilməsinin əhəmiyyəti vurğulanıb, bu istiqamətdə tərəfimizdən müqavilənin elementlərinin Ermənistan tərəfinə təqdim olunduğu qeyd edilib. Ermənistanın 12-14 sentyabr təxribatının qarşılığında aldığı sərt cavabın fonunda sülh prosesi üzrə növbəti görüşlərdən sonra İrəvanın pozitiv davranışlar sərgiləməsinə olan ümidlər də oktyabrın 4-də yoxa çıxmış sayılır. Belə ki, oktyabrın 3-ü axşam saatlarında və 4-ü gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Subatan, Yuxarı Şorca və İstisu, Tovuzqala rayonunun Çinarlı və Kolagir yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel, Zəylik və İstisu, Tovuz rayonunun Ağdam və Qaralar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə intensiv atəşə tutub. Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə dislokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Müdafiə Nazirliyi bəyan edib ki, vəziyyətin məqsədyönlü şəkildə gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Paradoksal vəziyyət yaranır: Paşinyan nazirini sülh müzakirəsinə görüşə göndərir, erməni ordusu isə məqsədyönlü şəkildə Azərbaycana atəş açır, növbəti təxribatlara əl atır. Belə bir durumda bəzi ekspertlərin ilin sonunadək sülh müqaviləsi imzalana biləcəyinə dair rəylərinin gerçəkləşəcəyinə də inanmaq olmur.

N.Paşinyan dəfələrlə “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi qısa zamanda imzalanmalıdır” deyib. Ancaq hər eyni məzmunlu açıqlamadan sonra ermənilərin təxribatı ilə üzləşmişik, qanlı döyüşlər olub. Bəzən hesab olunur ki, bu, Paşinyanın sülh anlaşmasını imzalamasına mane olmaq istəyən dairələrin təxribatıdır. Amma heç Nikol da “süddən çıxmış ağ qaşıq” deyil. Məsələn, növbəti dəfə bugünlərdə sülh sazişinin yaxın dönəmdə imzalana biləcəyini anons edən Paşinyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində “Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinə Qarabağ məsələsi daxil olmaya bilər” - söyləyib. “Müqavilənin və sülhün mərkəzində bir-birinin ərazi bütövlüyünün tanınması dayanmalıdır. Əgər Azərbaycan MDB-nin yaradılması haqqında 1991-ci il 18 dekabr tarixli sazişə əsaslanaraq ərazi bütövlüyümüzü tanıyarsa, biz ərazi bütövlüyünün qarşılıqlı tanınmasına hazırıq. Dağlıq Qarabağ üzrə danışıqlar aparan şəxs Dağlıq Qarabağın özü ola bilər, amma indiyədək Azərbaycan bu təklifə cavab verməyib” - bəyanatı tam təxribatçı mövqedir. Fakt budur ki, Ermənistan hakimiyyəti özü də “mələk” libaslı bəyanatların kölgəsində qarışdırıcı funksiyanı icra edir. Təbii ki, məqsəd status-kvonu saxlamaqdır. Beləcə, gəlinən nəticə budur ki, sülh prosesi üzrə konkret bir nəticəyə gəlmək üçün vasitəçilər öncə Ermənistanın daxilində bir nizam yaratmalı, başıpozuqluğu aradan qaldırmalı, Paşinyanın konkret bir mövqe ortaya qoymasına nail olmalıdırlar. Yəni dəqiq bilinməlidir ki, Ermənistan sülh istəyir, yoxsa savaşın davamını və növbəti dəfə başının əzilməsini? Beləliklə, bu suallara aydınlıq gəlməyənə qədər sülh prosesinin baş tutacağı inandırıcı görünmür. Bəs ekspertlər nə düşünür: bu qeyri-müəyyən durumu aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır? Bölgəyə qayıtmaq üçün çoxdan təklif gözləyən vasitəçilərlə bu barədə danışılmalıdırmı?

Sahib Alıyev: Azərbaycan koronavirusa qarşı regional və qlobal müstəvidə  fəal mübarizə aparır - AZƏRTAC

Sahib Alıyev

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında Ermənistanın dövlət deyil, müəyyən qüvvələrin əlində oyuncaq olmasına diqqət çəkdi: “Ermənistan rəhbərliyinin bir tərəfdən guya sülh danışıqlarına hazırmış kimi davranıb digər tərəfdən hərbi təxribatlara əl atması, Azərbaycana qarşı torpaq iddiasından əl çəkməməsi ilk növbədə müstəqil olmamalarından, təmsil etdikləri xalqın maraqlarına uyğun siyasət yeridə bilməmələrindən irəli gəlir. Haylar Qafqaz üzərində təsirlərinin mövcudluğunu region xalqlarının qarşıdurmasında görən böyük dövlətlərin maraqlarına uyğun hərəkət edir, onların dediklərini təkrarlayırlar. Diqqət yetirin, hətta "davamlı, dayanıqlı sülh" və sair kimi işlətdikləri terminlər belə, Azərbaycanla Ermənistan kimi Rusiya və Türkiyəni də toqquşdurmağa, bu alınmasa, qarşıdırma atmosferini nə qədər mümkündür, bir o qədər uzatmağa çalışan bəzi böyük dövlətlərin təmsilçilərinin təkrarıdır. Amma məsələ burasındadır ki, bəlli çevrələrin arzuladıqları yöndə hərəkət etməklə ən böyük zərbəni öz ölkələrinə və xalqlarına vururlar".

S.Alıyev qeyd etdi ki, hərbi təxribatların qarşısı alınarkən, bütün torpaqlarımız üzərində suverenliyimizin təmin olunması yönündə aadımlar atılarkən məhv edilənlər haylar olur, onlardan öz geosiyasi məqsədləri üçün faydalananlar yox: “Ümumiyyətlə, iki ildir cəbhədə də, siyasi və diplomatiya müstəvisində də Azərbaycan böyük güclərin bütün dirəniş və hoqqabazlıqlarına rəğmən öz məqsədlərinə doğru addım-addım irəliləyir. Ermənistan rəhbərliyi sonuncu hay qalana qədər onlardan geosiyasi alət kimi faydalananların diqtəsilə hərəkət etmək istəyəcəksə, qoy istəsin. Biz dövlət və millət olaraq öz torpaqlarımız üzərində suverenliyimizi istənilən halda tam təmin edəcəyik”.

Heç kim dövlətin diqqətindən kənarda qalmır”- Tural İsmayılov

 Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayılov hesab edir ki, Ermənistan çox təhlükəli siyasi oyunlar oynayır: “Bu ölkənin bütün ictimai, iqtisadi və siyasi manevr imkanları demək olar ki, artıq mövcud deyil. Ermənistanda bu günə qədər hakimiyyətdə olmuş canilərin təxribatları, Paşinyanın da müxalifətdə olarkən verdiyi vədləri yerinə yetirməməsi Ermənistanı məhv olmaq astanasına gətirib. Belə imkanları tükənən bir ölkənin Azərbaycan əsgərinə silah tuşlama cəsarəti çatmaz. Məsələnin konseptual tərəfləri var. Ermənistan Azərbaycanın 5 maddəlik sülh təkliflərini guya qəbul etsə də, əslində elementar və primitiv provokatorluqla məşğuldur. İndi gəlin bir düşünək, necə ola bilir ki, hər dəfə aldığı zərbələrdən "kliniki ölüm" keçirən bir “dövlət” həm də müharibə hazırlıqları görür?" Təhlilçi bununla bağlı aşağıdakı ehtimalları irəli sürdü: “Birincisi, Ermənistandan regional təsir vasitəsi kimi istifadə edən qüvvələr var, onlar Ermənistanın Azərbaycan və Türkiyənin şərtləriylə razılaşmamağına çalışır, belə hesab edirlər ki, güclənən Azərbaycan faktoru və asılılığa düçar olan Ermənistan qlobal imperializmin Cənubi Qafqaz siyasətində problemlərə səbəb ola bilər. İkincisi, Azərbaycan müstəqil geostrateji gücdür. Ermənistanla sülhdən sonra Ermənistan istər-istəməz Azərbaycanın patronajlığı altındakı bütün layihələrə cəlb oluna biləcək. Nəticədə Ermənistanın siyasi baxımdan türk dünyası coğrafiyasına inteqrasiyası prosesi baş verəcək. Bu isə Qərbdən Şərqə qədər bütün məqam güdən siyasi mərkəzləri əsla qane edə bilməz. Üçüncüsü, Ermənistan hər dəfə müharibə ehtimalını artırmaqla regionda Minsk Qrupu və sair kimi ölü qurumların təmsilçiliyinə çalışır. Ona görə də bir tərəfdən sülhdən danışsa da, digər tərəfdən demək olar ki, daim problemlər yaratmağa çalışır. Ermənistan "intihar yolu"nu tutub". T.İsmayılovun sözərinə görə, indi Ermənistanın əsas məqsədi KTMT, daha sonra isə Avrasiya Birliyindən çıxmaqdır: “Ona görə də əlində qalan son ümidlərlə daha bir əzici məğlubiyyəti belə gözə alır. Ermənistan yaxşı bilir ki, onun müharibə hazırlıqları, sadəcə, boşdur, çünki bu ölkənin müharibə aparacaq heç bir potensialı yoxdur və olmayacaq da. Hesab edirəm ki, Azərbaycan real situasiyaya uyğun gələn ən doğru addımları atır. Ölkəmizin hazırkı mövqeyi həm Rusiya, həm də Avropa İttifaqı Şurası tərəfindən də dəstəklənir. Ermənistanın istənilən müharibə şantajına cavab verəcək ordumuz da hər an hazır vəziyyətdədir”. Ekspertin sözlərinə görə, vasitəçilər Ermənistana daha ciddi təzyiqlər etməlidir: “Hələ də Ermənistan Brüsseldə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, eyni zamanda rəsmi Moskva da Ermənistanın oynadığı oyunların fərqindədir. Paşinyan Ermənistanı elə bir hala salacaq ki, ən sonda bütün dünya siyasi həyasızlıqdan bezəcək”.

İki gün əvvəl Azərbaycan dövlətinin prinsipial mövqeyi növbəti dəfə bəyan olundu. Azərbaycan Prezidenti İlham Əliyev Ağdamda olarkən bildirdi ki, Ermənistan Azərbaycanı və Azərbaycan xalqının iradəsini lazımınca qiymətləndirmədi və bunun əvəzini ödədi. Dövlət başçımız Ermənistanın, nəhayət, konstruktiv mövqe tutacağına ümidini ifadə edib. Həmçinin xəbərdarlığını bəyanlayıb. Sitat: “Biz Ermənistanın danışıqlar aparmaq istəmədiyi zaman istifadə etdiyi taktikanı bilirik. Məsələn, Qarabağ münaqişəsi ilə bağlı 28 il davam edən danışıqlarda da belə olmuşdu. Əgər vəziyyət belə davam edərsə, sülh əldə olunmayacaq. Əgər Ermənistan belə seçim edirsə, deməli, növbəti ciddi səhvə yol verir. Onlar bizi, bizim iradəmizi, Azərbaycan xalqının potensialını lazımınca qiymətləndirmədilər və bunun əvəzini ödədilər”. Prezident Qarabağdakı erməni əhali ilə bağlı dövlətimizin mövqeyini bir daha təkrar edib: “Azərbaycanın Qarabağ regionunda yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır və biz onların həyatını necə qaydaya salacağımızı heç bir beynəlxalq mərkəzlə müzakirə etməyəcəyik”.

Bütün bunlardan sonra Qarabağ separatçılarının hansısa oyunlar oynaması, yaxud Ermənistan rəhbərliyinin sülhdən yayınması ermənilər üçün fəlakətli perspektivlər vəd edə bilər, gərək ki, onları himayə edənlər də bu reallığı anlasınlar, Azərbaycanla danışıqlar masasında oturmaqdan, sülh imzalamaqdan başqa variantın qalmadığını etiraf etsinlər.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR