İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlamentdə ana müxalifət roluna onlar iddialıdır

Gözlənilir ki, YAP bu dəfə də  70-75  civarında deputat mandatı əldə etsin; bəs müxalifət partiyalarından kim neçə namizədlə seçkiyə gedir?

Yeni Azərbaycan Partiyasının təmsilçisi Siyavuş Novruzov mediaya açıqlamasında  hakim partiyanın  seçkiyə  iddialı qatıldığını söyləyib: “YAP 125 namizədlə seçkiyə qatılır. Hər bir namizəd üçün də bərabər şərait yaradacaq. YAP-ın namizədlərinin sənədləri sabaha Seçki Dairələrinə təqdim ediləcək. Partiyanın deputatlığa iddialı şəxslərinin sırasında ciddi dəyişikliklər var. Amma partiya öz namizədlərini yüz faiz səviyyəsində də dəyişə bilməz. Burada təcrübə və digər amillər nəzərə alınır. Namizədlərin irəli sürülməsi deputatın fəaliyyəti dövründə olan qiymətləndirməyə uyğun aparılıb”. Gözlənilir ki, YAP bu dəfə də  70-75  civarında deputat mandatı əldə etsin. 

Ölkədə qeydiyyatda olan 26 siyasi partiyanın 25-i seçkidə iştirak qərarı verib. Siyasi təşkilatlar namizədlərini irəli sürməyə başlayıb.

Bəs, müxalifət  partiyalarından kimlər hansı sayda namizəd verib, ana müxalifət olmağa kimlər iddialıdır?

Arzuxan Əlizadə: Azərbaycan dövləti yeni inkişaf mərhələsinə qədəm qoyub

Arzuxan Əlizadə 

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, bütün dairələri əhatə edəcək sayda çox namizədlə çıxış etməmək qərarına gəliblər. Bu qərara uyğun olaraq da AMİP 12 dairədən deputatlığa namizəd irəli sürüb: “Əlavə olaraq bizim Naxçıvandan və Gəncədən partiya üzvlərimiz öz təşəbbüsləri ilə namizədliklərini irəli sürüblər. Yəni faktiki olaraq 14 namizədlə seçkidə iştirak edirik. Gözləntilərimiz böyükdür və iddialarımız da var. Parlamentdə ana müxalifət partiyası olaraq fəaliyyət göstərməyi hədəfləyirik. Amma təbii ki, bunu zaman göstərəcək. Seçici hansı qərarı verəcəksə, ona müvafiq də fəaliyyətimiz davam edəcək. İstənilən halda, AMİP-in parlamentdə təmsil olunması uğrunda mübarizəyə qoşulmuşuq”. 

Fazil Mustafa güllələndi — Yenilənib

Fazil Mustafa

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa isə bildirdi ki, rəhbərlik etdiyi partiya hələ bir namizəd irəli sürüb: “Partiya üzvlərinə də öz könüllü seçimləri ilə namizədliklərini irəli sürməyi tövsiyə etmişik. Amma hər hansı bir məcburiyyət yoxdur. Parlamentdə də ana müxalifət olmağa iddialı deyilik”. 

Natiq Cəfərli: "Cəmil Həsənlinin bu qədər səviyyəsiz vəziyyətə düşəcəyini  gözləmirdim"

Natiq Cəfərli

REAL Partiyasının sədr müavini Natiq Cəfərli qeyd etdi ki, sənədlərini seçki komissiyasına təqdim edən və imza vərəqələri götürən ilk qurumdurlar: “Bölgələr də daxil, Bakı şəhəri ilə birlikdə 13 dairədən namizədimiz var. Təbii ki, namizədlərin sayının ilk baxışda az olmasının əsas səbəbi resurslarla bağlıdır, maddi resurslarmız da məhduddur. Biz ancaq qələbəyə çox iddialı namizədlərin irəli sürülməsi qərarını verdik. Əslində isə partiyada namizəd olmaq üçün 80 nəfərə yaxın müraciət var idi. YAP-dan sonra ikinci yeri tutub ana müxalifət olmaq şansımız kifayət qədər yüksəkdir. Ümid edirik ki, bu seçkilərin nəticəsində parlamentdə ən çox yer qazanan ikinci partiya REAL  olacaq”.  

Elşad Musayev Prezident Adminstrasiyasında olub - Ayna.az

Elşad Musayev

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirdi ki, 8 namizədləri sənədlərini Dairə Seçki komissiyalarına təqdim edib: “İlk növbədə məqsədimiz parlament partiyası olmaqdır”. 

Tural Abbaslı, xanımı və qayınatası namizəd oldu - GlobalInfo.az

Tural Abbaslı 

AĞ Partiyanın sədri Tural Abbaslı isə qeyd etdi ki, 40 nəfərdən yuxarı namizədlə seçkiyə qatılıblar: “İmzatoplama prosesini həyata keçiririk. Əgər demokratik, ədalətli seçki olarsa, biz iddialıyıq ki, parlamentdə deputatlarının sayına görə ikinci yeri tutan partiya biz olarıq. Bu da o demək olacaq ki, ana müxalifət partiyası AĞ Partiya olacaq. Cəmiyyətdə nüfuzumuz, partiyamıza insanların müsbət reaksiyası bizə əsas verir ki, seçicilərin ən çox səs verdiyi partiyalardan bir olaq. Rəy sorğuları da bunu deyir. Amma seçkilərin necə olacağını dəqiq deyə bilmərəm”. 

Akif Nağı: “Orda mənim vəhşi obrazımı yaradıblar” – Müsahibə

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı isə bildirdi ki, 10-a yaxın namizəd irəli sürüblər: “Azad Vətən Partiyası partiya kimi seçkilərdə ilk dəfədir iştirak edir. Amma Qarabağ Azadlıq Təşkilatı olaraq təcrübəmiz var. Seçkilərdə müəyyən parametrlər var ki, onları gözləməliyik. Maliyyə imkanları, üzvlərimizin seçkilərdə iştirak eləmək təcrübəsi, imzatoplama prosesi, seçkinin isti yay ayına düşməsi və bu kimi məsələləri nəzərə alaraq biz bir qədər az sayda namizədlə seçkidə iştirak etmək fikrimiz var. İştirak etmək insanların sayı çoxdur. 50 nəfərdən artıq adam təkidlə müraciət edirlər ki, namizəd olmaq istəyirlər. Amma biz reallığa baxırıq. Seçki qərargahımız prosesi idarə etməlidir. Bu elə də asan məsələ deyil. Bütün bu məsələləri nəzərə alaraq təxminən 10-a yaxın namizədlə kifayətlənmək qərarına gəldik. Əksəriyyəti sənədlərini dairə seçki komissiyalarına təqdim ediblər. İmza vərəqələrini alanlar da var. Mən də vərəqələri aldım və artıq imzatoplama kampaniyasına başlamışıq. Təbiidir ki, parlamentdə təmsil olunmaq seçkidə bir nömrəli vəzifəmizdir. İmkan olarsa, iki-üç namizədimiz seçilərsə, ana müxalifət olmaq istəyərdik. Amma həm istək, həm də imkanlara nəzər salmaq lazımdır. Partiyalar arasında gərgin rəqabət var. İstənilən halda, əsas hədəfimiz parlamentdə təmsil olunmaqdır”. 

Niyaməddin Orduxanlı: "Bunların hamısı sistemli şəkildə erməni lobbisi  tərəfindən həyata keçirilir"

Niyaməddin Orduxanlı

Ədalət Hüquq və Demokratiya Partiyasının sədr müavini Niyaməddin Orduxanlı isə bildirdi ki, bu günə qədər 20 namizədin sənədləri partiyanın qərarına əsasən, Dairə Seçki komissiyalarına təqdim edilib: “Biz bütün imkanlarımızı səfərbər edib bu dəfə parlamentdə daha çox mandat əldə etməyi düşünürük. Maksimum çalışacağıq ki, Milli Məclisində nəhayət müxalifət fraksiyasının yaranmasına nail olaq. Mümkün qədər çox deputat yeri qazanmağı hədəfləmişik.  Böyük bir seçki kampaniyası aparacağıq.  Mədəni, sivil, əxlaqlı seçki kampaniyasını həyata keçirmək istəyirik. Çalışacağıq ki, Ədalət Hüquq və Demokratiya Partiyası bu dəfə parlamentdə ana müxalifət olsun. Çünki biz bilirik YAP çox güclü imkanlara, resurslara malikdir. Onların təxminən 1 milyona yaxın üzvü var, qalib  Ali Baş Komandan Yeni Azərbaycan Partiyasının sədridir. Biz düşünürük ki, parlamentdə mütləq müxalifət fraksiyası olmalıdır. Biz buna nail olmağa çalışırıq”. 

Samir Əsədli: “Bu, milli genefondun qorunması nöqteyi-nəzərindən son dərəcə  vacibdir” - VHP

Samir Əsədli

Vətəndaş Həmrəyliyi Partiyasının Aparat rəhbəri Samir Əsədli isə bildirdi ki, Vətəndaş Həmrəyliyi Partiyası növbədənkənar seçkiyə start verilən kimi prosesə qoşulub. Artıq  64 dairədən partiyanın namizədi irəli sürülüb: “Namizədlərin arasında ziyalılar, xanımlar və gənclər var. Bunların arasında artıq imza yığanlar da var, imzatoplama mərhələsini başa vurub  vərəqələri təhvil verən də. Hər bir namizədimiz iddialıdır, bütün hallarda qərarı Azərbaycan insanı, seçici verəcək. Və xalqın səs verməsi ilə müəyyənləşəcək. Biz də daha çox mandat əldə etməyə çalışırıq, bunun üçün səy göstəririk”.

Deputat Razi Nurullayevin rəhbərlik etdiyi Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə isə bildirdi ki, Milli Cəbhə Partiyası seçkilərə 45 namizədlə gedir: “Əlbəttə hədəfimiz qalib olmaqdır. Seçicilərin dəstəyini alacağımıza inanırıq. Partiya sədri Razı Nurullayev müxalifət olaraq parlamentdə problemləri qaldırıb. Hesabatlılıq tələb edib. Partiya bir deyil, daha bir neçə mandata sahib olarsa, ana müxalifət olaraq parlamentin işinə də xidmət etmiş olar. Bu istiqamətdə işi aparırıq. Milli Cəbhə partiyası olaraq parlamentdə ana müxalifət missiyasını yerinə yetirməyə hazırıq”.  

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev isə bildirdi ki, seçkiyə 11 namizədlə qatılıblar. Ana müxalifət olmağa isə iddiaları yoxdur. 

Müsavat Partiyası isə 34 namizədlə seçkiyə qatıldığını elan edib.

Haqq Ədalət Partiyası (HƏP) isə seçkilərdə 9 namizədlə iştirak edəcək.

Mövcud qanunvericiliyə görə ölkə üzrə birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına müxtəlif media subyektlərində ödənişsiz efir vaxtı və təbliğat materiallarının dərci üçün yer ayrılır.

Ancaq yuxarıda əldə etdiyimiz rəqəmlərdən belə aydın olur ki, hazırda Yeni Azərbaycan Partiyasından və Vətəndaş Həmrəyliyi Partiyasından başqa heç bir siyasi təşkilat 60-dan çox dairədən namizəd irəli sürməyib. YAP 125 seçki dairəsindən namizədlərini açıqlayıb.VHP isə 64 namizəd irəli sürüb. VHP-nin qeydə alınacaq namizədlərinin sayı 60-dan aşağı olacaqsa bu o deməkdir ki, ödənişsiz efir vaxtı qazanan yeganə partiya YAP olacaq. 

Bu arada məlum olub ki, Milli Məclisin bir sıra müstəqil deputatları sentyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak edib-etməmək barədə qərar qəbul ediblər.

Yazıçı, Əməkdar jurnalist Aqil Abbas 85 saylı Füzuli-Ağcabədi seçki dairəsindən namizəd olacaq. O, bundan əvvəl də Ağcabədi-Füzuli seçkidə dairəsindən deputat seçilib. İndiyədək 4 dəfə deputat seçilən Aqil Abbas beşinci dəfə namizədliyini irəli sürəcək.

Azər Kərimli də seçkilərdə iştirak etmək qərarı verib. O, 111 saylı Zaqatala-Balakən seçki dairəsindən namizədliyini irəli sürüb. Azər Kərimli indiyədək 5 dəfə Qaxdan deputat seçilib.

4 dəfə deputat seçilən Rüfət Quliyev isə bu dəfə namizəd olmayacaq. O, sonuncu dəfə 73 saylı Lənkəran şəhər seçki dairəsindən mandat qazanıb.

Xanım deputatlardan Nigar Arpadari və Könül Nurullayeva da seçkidə iştirak edəcəklər. Onlar müvafiq olaraq 7 saylı Səbail və 24 saylı Nizami birinci seçki dairələrindən namizəd olacaqlar. Hər ikisi VI çağırışda ilk dəfə deputat olublar.

İqtisadçı deputat Vüqar Bayramov 84 saylı Füzuli seçki dairəsindən namizədliyini irəli sürüb.

VI çağırış Milli Məclisin digər deputatı Sahib Alıyev isə 93 saylı Ağdaş seçki dairəsindən namizədliyini irəli sürüb. 

Rasim Musabəyov da seçkidə iştirak edəcək. İndiyədək 3 dəfə deputat seçilən politoloq bu dəfə 18 saylı Nərimanov - Nizami - Binəqədi seçki dairəsindən namizəd olacaq.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR