Onlayn ictimai-siyasi qəzet
Kiyev hakimiyyəti ilə bağlanmış faydalı qazıntılar haqqında sazişə əsasən ABŞ nəzəri olaraq 350 milyard dollardan çox vəsait ala bilər.
Musavat.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “NewsNation” telekanalına deyib.
O, Ağ Evdəki brifinqdə jurnalistlərə Ukrayna ilə faydalı qazıntılar üzrə “çətin razılaşma” istəmədiyini bildirib: “Bizim müqaviləmiz var ki, orada pulumuz təhlükəsiz olsun, orada qazma işlərinə başlaya və üzərimizə düşəni edə bilərik”.
Trampın fikrincə, ABŞ-ın Ukraynanın istehsal sahələrində olması “bir çox pisfikirli tərəfləri ölkədən kənarda saxlayacaq”: "Mən güman edirəm ki, onlar (Ukrayna) buna əməl edəcəklər. Mən bu işi Skota (Bessent) həvalə etmişəm və o, hər şeyi çox gözəl izah edib, lakin biz bu sövdələşmənin bəhrəsini hələ görməmişik. Güman edirəm ki, görəcəyik".
Ukrayna baş nazirinin birinci müavini, iqtisadiyyat naziri Yuliya Sviridenko isə Facebook hesabında ABŞ maliyyə naziri Skott Bessent ilə ABŞ-Ukrayna arasında Bərpa İnvestisiya Fondunun yaradılması haqqında Sazişi imzaladıqlarını yazıb. Onun sözlərinə görə, sazişə əsasən ölkəyə qlobal sərmayələri cəlb edəcək Ukraynanın Bərpası üçün İnvestisiya Fondu yaradacaq.
Müqavilənin əsas müddəaları aşağıdakılardır:
Yerin təki üzərində tam mülkiyyət və nəzarət Ukraynada qalır. Harada və nəyin hasil olunacağını müəyyən edən Ukrayna dövlətidir. Yerin təki Ukraynanın mülkiyyətində qalır.
ABŞ və Ukrayna arasında bərabər tərəfdaşlıq. Fond 50/50 nisbətində yaradılıb və heç bir tərəf həlledici səsə malik olmayacaq.
Milli mülkiyyət qorunur. İmzalanan saziş özəlləşdirmə proseslərində və ya dövlət şirkətlərinin idarəçiliyində dəyişiklik nəzərdə tutmur. Ukrnafta və Energoatom kimi şirkətlər dövlətə məxsusdur.
Borc yoxdur. İmzalanan sazişdə Ukraynanın ABŞ qarşısında hər hansı borc öhdəliyindən bəhs edilmir. Sazişin həyata keçirilməsi hər iki ölkəyə bərabərhüquqlu əməkdaşlıq və investisiyalar hesabına iqtisadi potensialını artırmağa imkan verəcək.
Müqavilə Konstitusiyaya uyğundur və Ukraynanın Avropaya inteqrasiya kursunu dəyişdirmir. Bu, həm də beynəlxalq oyunçulara Ukrayna ilə uzunmüddətli əməkdaşlığın etibarlı olduğuna dair siqnal olacaq.
Fond yalnız yeni lisenziyalardan əldə edilən gəlirlə doldurulacaq: "Söhbət kritik materiallar və neft-qaz sahəsində layihələr üçün yeni lisenziyalardan əldə olunan vəsaitin 50 faizindən gedir ki, bu da Fond yaradıldıqdan sonra büdcəyə köçürüləcək. Artıq başlanmış layihələrdən əldə edilən gəlirlər və ya planlaşdırılan büdcə gəlirləri Fonda daxil edilmir. Müqavilə gələcək strateji əməkdaşlığı nəzərdə tutur".
Qanunvericilikdə ediləcək dəyişikliklər yalnız məqsədyönlü olacaq. Fondun fəaliyyət göstərməsi üçün yalnız büdcə kodunda dəyişikliklər lazımdır. Bu halda Saziş Ali Rada tərəfindən ratifikasiya edilməlidir.
ABŞ əlavə investisiya və texnologiya cəlb etməyə kömək edəcək. Yeni fond DFC agentliyi vasitəsilə ABŞ hökuməti tərəfindən dəstəklənəcək. Bu, Ukraynaya həm ABŞ, həm Aİ, həm də Rusiyaya qarşı mübarizəni dəstəkləyən digər ölkələrdəki fond və şirkətlərdən investisiya və texnologiya cəlb etməyə kömək edəcək.
Müqavilə vergi zəmanətlərini təmin edir. Sviridenko yazır ki, Fondun gəlirləri və töhfələri nə ABŞ-da, nə də Ukraynada vergiyə cəlb edilmir, buna görə də sərmayə qoymaq ən böyük nəticəni verə bilər: "ABŞ Fonda töhfə verir. Vəsaitlərdən əlavə, onlar bunu yeni yardımla da edə bilərlər - məsələn, Ukrayna üçün hava hücumundan müdafiə sistemləri".
Bundan əlavə, Ukrayna lazım bildiyi təqdirdə əlavə töhfələr verə bilər. Nazir qeyd edib ki, söhbət gələcək onilliklər üçün əməkdaşlıqdan gedir: "Fond daha sonra faydalı qazıntıların, neft və qazın hasilatı, eləcə də əlaqədar infrastruktur və ya emal layihələrinə sərmayə qoyacaq. Vəsaitlərin yönəldiləcəyi xüsusi investisiya layihələri Ukrayna və ABŞ tərəfindən birgə müəyyən ediləcək. Fondun yalnız Ukraynaya sərmayə qoyması vacibdir”.
Musavat.com
01 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ