İnsanlara hürriyət, millətlərə istiqlal!

SOS! Evlərimizdəki təhlükə - insanları sağaldır, uşaqları öldürür...

Vaqif Qarayev: “Yemək bişirmə, evi süpürmə - amma uşağa bax, uşaq əsasdır, təki uşaq sağ olsun”

Şəmkirdə azyaşlı dərmandan zəhərlənərək ölüb. Hadisə rayonun Mahmudlu kəndində qeydə alınıb. 2023-cü il təvəllüdlü Turqut Tapdıqov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Tibbi yardımlara baxmayaraq, o, xəstəxanada vəfat edib.

Məlumata görə, azyaşlı evdə ağcaqanada qarşı istifadə edilən və elektrik enerjisinə qoşulan dərman qurğusundakı mayeni içib.

Aprelin 18-də isə Biləsuvarda zəhərlənmə hadisəsi baş verib. 5 yaşlı A.Z. zəhərlənmə ilə bağlı Biləsuvar rayon xəstəxanasına çatdırılıb. Hadisə ilə bağlı TƏBİB-dən verilən məlumata görə, 2020-ci il təvəllüdlü (qadın cinsli) şəxs zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Ona dərman zəhərlənməsi diaqnozu təyin edilib. Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Bu ilin yanvarında da Göyçay rayon xəstəxanasında 3 yaşlı uşaq dərman zəhərlənməsindən vəfat edib.

İsmayıllı rayon sakini, 2022-ci il təvəllüdlü Şiralı Ramil oğlu Tahirov yaşadığı evdə dərmandan zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb. Tibbi yardıma baxmayaraq Ş.Tahirov vəfat edib.

Ümumiyyətlə, zəhərlənmələr 6-7 yaş arası uşaqlarda olur. Bu da evdə nənə-babanın uşaqların yanında dərman içməsi ilə əlaqədardır. Uşaqlar nəzarətsiz qalanda dərmanları şirin bir şey sənn edərək yeyirlər və zəhərlənmələr baş verir.

Həkimlərin təcrübəsinə əsasən kiçik uşaqlar, məişətdə istifadə edilən kimyəvi maddələrdən başlayaraq, dərman həbləri də daxil olmaqla, hər bir kimyəvi vasitə ilə zəhərlənə bilərlər. Məhz buna görə bu halda əsas məqsəd belə bədbəxt hadisələrin profilaktikasından ibarətdir. Uşaq iməkləməyə, daha sonra isə otaqda sərbəst gəzməyə başladıqda, evdə onun üçün potensial təhlükəli hesab edilən hər bir şey - məişətdə istifadə olunan kimyəvi məmulatlar, kosmetik vasitələr, ətirlər, boya, yapışqan, müxtəlif dərmanlar və s. uşağın əli çatmayan yerlərdə saxlanılmalıdır!

Vaqif Qarayev: “Evlərdə kifayət qədər xəstə var”

Vaqif Qarayev 

Pediatr Vaqif Qarayev mövzu ilə bağlı “Yeni Müsavat”a danışarkən qeyd edib ki, uşaq 6 ayına qədər uzanıqlı vəziyyətdə olur və sadəcə, yuxarı baxır, ətrafı tam mənada dərk etmir: “Amma elə ki, oturmağa başlayır, artıq ətraf aləmlə maraqlanır. Onun üçün hər şey maraqlıdır - əlinin altında nə varsa, diqqətini çəkir. Əlinə götürəcək və mütləq ya ağzına salacaq, ya qulağına, ya da burnuna soxacaq. Bu, onun dünyanı tanıma instinktidir.

7-8 aylığından sonra uşaq artıq iməkləməyə başlayır. Bu dövrdə hər şey daha da maraqlı olur, çünki artıq uşaq hərəkət edir, əşyaların arxasınca gedir. Ayağa qalxandan sonra isə maraq dairəsi daha da genişlənir - yeriməyə başlayır və əlinə keçəni götürür, oynayır, araşdırır. Artıq 6-7 yaşına çatanda uşaq əlinə aldığı əşyanın nə olduğunu başa düşməlidir. Bu mərhələdə valideyn ona izah etməlidir, amma əslində bu izah prosesi artıq 3 yaşından başlamalıdır. Uşaqla danışılmalı, izah olunmalıdır ki, nəyi edə bilər, nəyi yox.

Çox təəssüf ki, ən çox yanıq halları bizim uşaqlar arasında qeydə alınır. Yəni bizim uşaqlar qədər başqa xalqların uşaqları yanmır. Bu, çox acı statistikadır. İsti və soyuqla bağlı təhlükələri, riskləri ilk növbədə ana izah etməlidir. Ən çox nədən yanırlar? Çaydan - uşaq darta bilir, ya da qaynar su dolu qabı üstünə aşırır. Bu artıq səhlənkarlığın son həddidir. Vaxtilə təcili yardımdla işləyəndə çox görmüşəm: uşaq əlini aparıb açıq naqilə toxundurur, çünki bilmir, amma valideyn niyə onu nəzarətsiz qoyur?

Dərman məsələsi isə ayrı bir mövzudur. Bu sahədə heç tibbi savad da lazım deyil. Evdə nə dərman varsa, mütləq uşağın əlinin çatmayacağı yerdə saxlanmalıdır. İstər ağcaqanad dərmanı olsun, istərsə də ürək dərmanı, fərq etmir - uşaq üçün hamısı təhlükəlidir. Hətta ananın saç boyası belə zəhərlənməyə səbəb ola bilər. Son vaxtlar kosmetik məhsullardan uşaqlar arasında zəhərlənmələr çoxalıb. Bəla ondadır ki, həmin məhsulların üzərində tərkibi də düzgün yazılmır və ya oxunmur. İnsanlar, sadəcə, görünüşə fikir verirlər, “saçım gözəl olsun” deyirlər, amma nəticədə zərər uşağa dəyir.

Uşaqlar dərmandan uzaq olmalıdır. İnanıram ki, elə bir ev yoxdur ki, orada əsas sakitləşdirici dərman - məsələn, korvalol, validol - olmasın. Uşaq onu tapır, çeynəyir, yaxud damcılarını udur. Bu, çox təhlükəlidir və ölümcül nəticələr verə bilər".

Vaqif Qarayev qeyd edib ki, vanna otaqlarında saxlanılan dezinfeksiyaedici vasitələr də təhlükə mənbəyidir: “Nə qədər nəzarətsiz qoyulmalıdır ki, uşaq onun ağzını açıb içsin? Bu artıq valideynin məsuliyyətsizliyidir.

Doğrudur, indiki uşaqlar daha fəaldır, daha hərəkətlidir. Amma bu günün anaları da keçmişin anaları deyil - internetdən hər şeyi oxuyurlar, izləyirlər. Təəssüf ki, özlərinə aid məsələlərlə maraqlansalar da, bir çoxu uşağa aid məsələlərə dərinliklə yanaşmır. Amma bu iş yalnız ananın deyil, atanın da məsuliyyətidir. Axı bu uşaq iki nəfərin övladıdır. Əgər uşağı dünyaya gətirmisənsə, o özü anlayana qədər ailədə kim varsa, ona mütləq nəzarət etməlidir. Təəssüf ki, çox vaxt belə olmur. Valideynlər telefona, televizora dalır, uşaq isə saatlarla özbaşına qalır, nə istəyirsə, edir.

Əvvəllər bu qədər uşaq zəhərlənməsi, bu qədər bədbəxt hadisələr yox idi. İndi isə artıb. Hər şeyi həkimin üstünə atmaq da düz deyil - “apardıq, düzgün baxmadı” deyirlər. Bəs sən həkimə aparana qədər necə baxdın? Öz məsuliyyətini dərk etdinmi? Bəli, həkim də səhv edə bilər, amma sənin məsuliyyətin daha öncə gəlir.

Bir azdan yay mövsümü gələcək, hamı uşağını götürüb əyləncə mərkəzlərinə, istirahətə gedəcək. Və birdən oxuyuruq: “Uşaq itib”. Axı uşaq necə itə bilər? Sən onu dincəlməyə aparmısansa, əlindən tutmalı idin. Ora şəkil paylaşmağa getməmisən axı. Uşağın gözdən itməsinə imkan vermək valideyn səhlənkarlığıdır.

Son vaxtlar daha bir narahatedici məqam - uşaqların pəncərədən, balkondan yıxılması hallarıdır. Əvvəllər də insanlar çoxmərtəbəli evlərdə yaşayırdı, hamı kənddə yaşamırdı. Amma uşağa nəzarət var idi. İndi isə bədbəxt hadisələr çoxalıb. Analar deyirlər: “Evdə işlərim çox idi, başım qarışmışdı”. Amma bu arqument qəbuledilməzdir. Yemək bişirmə, evi süpürmə - amma uşağa bax! Uşaq əsasdır. Təki uşaq sağ olsun, təki balkondan düşüb ölməsin".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 May 2025

BÜTÜN XƏBƏRLƏR